ÜST-dən gözlənilən çağırış: Azərbaycanda sərt karantin hansı sahədən başlayacaq? – RƏYLƏR


ÜST-dən gözlənilən çağırış: Azərbaycanda sərt karantin hansı sahədən başlayacaq? – RƏYLƏR

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı "Delta" ştammı ilə bağlı karantin tədbirlərini sərtləşdirməyə səsləyən çağırış edib.
ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri bildirib ki, Azərbaycanda yoluxma azalsa da, dünyada pandemiya hələ bitməyib: "Buna görə də hamıdan xahiş edirəm, özümüzü qorumağı unutmayaq".
Hande Harmancı üzü payıza təhlükəsizlik tədbirlərini möhkəmləndirməyə çağırıb:
"Qarşıdan payız mövsümü gəlir və havaların soyumasını nəzərə almaq lazımdır. Sentyabr və oktyabrda "Delta" ştammı ilə bağlı qorunma tədbirlərinə davam edilməlidir. Başqa ştammlar da ola bilər. ÜST daim bunları monitorinq edir. Peyvəndlərdən mütləq şəkildə istifadə olunmalıdır”, - deyə o bildirib.
Maraqlıdır, Azərbaycanda yoluxma artarsa, sərt karantin ilk olaraq hansı sahədən başlanıla bilər?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında tibb sahəsi üzrə ekspert-terapevt Rasif Bağırov bildirib ki, sərt karantin başlayarsa, bütün sahələri əhatə etməlidir:
“Bir sahəni əhatə edib, digər sahələri saxlayanda insanlara pis təsir göstərir. Adını sərt karantin qoyublar, amma bu, heç sərt karantin deyil. Metronu bağlayır, avtobuslara deyir ki, işləyin. Metroya minən hər kəs avtobusa minir, sıxlıq olur, nəticədə yoluxma artır. Bunun nəyi sərt karantin oldu? Camaatın canını maska qoruyur, hökumət də deyir ki, sərt karantin etdim, onun üçün yoluxma azaldı.
İnsanlarımız görür ki, yoluxan, ölən çoxdur, qaydalara əməl edir, beləcə yoluxma azalır. Bu, sərt karantinlik deyil. Respublika ərazisində koronavirus tam kəsilsə də, yenə də bir il, bir il yarım müdətində maska taxılmalıdır. Tamamilə məhv olunması üçün bu lazımdır. Yoxsa ki, yoluxma azdır, maskaları ataq, onda yoluxma yenə artacaq. Nə edirsən, et, yoluxma artacaq. Virus mutasiyaya keçdisə, onun qarşısını almaq qeyri-mümkündür”.
Həkim-radioloq Aydın Əliyev isə saytımıza açıqlamasında deyib ki, sərta karantin olacağı gözlənilən deyil:

“Düşünmürəm ki, sərt karantinə ehtiyac olacaq. Çünki vaksinləmə artıq yarıya çatıb. Əhalinin çox hissəsinə 1-ci doza tətbiq edilib. O ölkələrdə ki “Delta” ştammı tüğyan edir, həmin ölkələrdə peyvəndləmə azdır.
Bizdə axı çox insan peyvəndlənib. Mutasiya virusun bir geninin müəyyən hissəsində baş verir. Bu, o deməkdir ki, bizə tətbiq edilən peyvəndlər bu ştammlara qarşı təsir edəcək. Düşünürəm ki, qapanmalara ehtiyac qalmayacaq. Ehtimal çox azdır. Yox, əgər yoluxma artsa, hər zamankı qaydada sərt karaninə gediləcək”.
Tarix: 10-07-2021, 08:51
Xəbəri paylaş



Xəbər lenti