Azərbaycan əhalisinin yarısı peyvənd olunarsa… - Kimidə tərəddüd, kimidə zəmanət


Azərbaycan əhalisinin yarısı peyvənd olunarsa… -           Kimidə tərəddüd, kimidə zəmanət
Sakit Hümbətov: “Bizdə peyvəndin neçə faiz qoruyucu olduğunu bilmək üçün tədqiqatlar aparılmalıdır”
 
Ədalət Rüstəm: “Peyvənd insanı 91% virusa yoluxmadan qoruyur, 9% ehtimalda isə yoluxsa belə, xəstəliyi çox yüngül, hətta ayaqüstə keçirir”
 
Elə bir gün yoxdur ki, həyatımızın ayrılmaz hissəsinə çevrilən koronavirus haqqında eşitməyək, danışmayaq. Yeni növ koronavirusun həyatımıza gətirdiyi yenilikləri, yeni qayda-qanunları da danmaq mümkünsüzdür. Bu silsilədən olan yeniliklər sosial məsafə qaydalarına əməl etmək, maska taxmaq, müxtəlif gigiyena vasitələrindən istifadə etmək olsa da, son zamanlar koronavirus əleyhinə hazırlanan peyvəndlər də alışıq olmadığımız yeniliklərdən biridir.
 
Bəzi ölkələr bu peyvəndlərin virusdan tam qoruduğuna inansa da, bəzi ölkələr hələ də məsələyə tərəddüdlə yanaşır. Əslinə qalsa, haqsız da sayılmazlar. Nəzərə alsaq ki, peyvəndlənmə başlayalı cəmi bir neçə aydır və yoluxma sayı davam edir, deməli, peyvəndin virusun yayılmasının tam qarşısını aldığından danışmaq üçün bir qədər tezdir.
 
Lakin bəzi dünya ölkələri bir ümid deyərək peyvəndə tam inanır və virusun gətirdiyi sərt qaydaların yumşaldılmasına çalışır. Belə ki, peyvəndi istehsal və istifadə edən ölkələrdən biri olan İsraildə demək olar ki, həyat əvvəlki axarı ilə davam edir. Bu ölkədə karantin qaydaları xeyli yumşaldılıb. Bu istiqamətdə bir çox iş yerləri, nəqliyyat vasitələri fəaliyyətini bərpa edib. Aprel ayında isə maska zəruriliyinə əsaslanan qaydanın da yumşaldılacağı gözlənilir.
 
Azərbaycanda hazırda peyvəndləmə prosesi davam edir. Bununla yanaşı, mütəxəssislər və rəsmilər xəbərdarlıq edirlər ki, peyvənd olunmaq virusa yoluxmaqdan tam sığortalanmaq demək deyil. Göründüyü kimi, bizdə də peyvəndləmənin hələ tam qoruyucu effektinə zəmanət verilmir.

Həkim infeksionist Sakit Hümbətov AYNA-ya şərhində deyib ki, peyvəndin qoruyuculuğu dəqiqdir, lakin bizdə əhalinin çox hissəsi peyvənd olunmayıb deyə qaydalarda yumşaldılmalardan danışmaq bir qədər tezdir: “Bizim istifadə etdiyimiz peyvənd Çin istehsalıdır. Bu peyvəndin üzərində üçmərhələli tədqiqat işləri aparılıb. Həmin sözügedən tədqiqatda 5-6 ölkə iştirak edib. Ən sonuncu mərhələdə iştirak edən ölkələrdən biri də qardaş Türkiyə Cümhuriyyətidir. Nəticələrə əsasən, peyvənd 92% qoruyuculuğa malikdir”.
 
“Türkiyənin təhsil və tədqiqat universitetləri də peyvəndin 92% qoruyuculuğa malik olduğunu bildirib. Bizdə isə peyvəndin neçə faiz qoruyucu olduğunu bilmək üçün tədqiqatlar aparılmalıdır. Tədqiqatlar nəticəsində hesablamalar aparılmalı, müvafiq statistikalar hesablanmalı, daha sonra isə karantin tədbirlərinin necə və hansı şəkildə olacağına dair qərarlar verilməlidir”, - deyə həmsöhbətimiz bildirib.
 
Hümbətov qeyd edib ki, yeni növ koronavirus xəstəliyi üzərində müxtəlif siyasi oyunlar da gedir deyə biz proseslərin gedişatını deyil, nəticələrini bilirik: “Hazırda İsraildə real vəziyyət necədir, dəqiq bilmirik. Hazırda dünyada koronavirus üzərindən siyasi və geosiyasi oyun aparılır. Bizim bu proseslərdən dəqiq xəbərimiz yoxdur. Biz yalnız nəticəni görəcəyik və ona uyğun da müvafiq qərar veriləcək”.
 
Mütəxəssis hesab edir ki, İsrailin verdiyi qərar da müəyyən mənada təcrübə xarakteri daşıyır: “Onlar da həmin təcrübəni Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) tədqim edəcəklər. Təcrübə ÜST tərəfindən də təsdiqlənərsə, qəbul edilərsə, biz də daxil olmaqla, bir çox ölkələr həmin təcrübədən istifadə edə bilər. Əks halda peyvənddən istifadəyə başlayan ölkələr içərisində təkcə İsrail bütün qaydaların yumşaldılması üsulundan istifadə edir. Belə olan halda bütün dünya bir ölkənin qərarına əsaslana bilməz. Əgər qərar ÜST tərəfindən qəbul edilərsə, biz ona uyğun qərarlar qəbul edə bilərik”.
Ədalət Rüstəm - Teleqraf.com
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm isə AYNA-ya deyib ki, bizdə də İsraildə olduğu kimi əhalinin çox hissəsi peyvənd olunsa, qaydalarda yumşaldılmalara gedilə bilər: “İsrail əhalisinin 90%-i peyvənd olunub. Bizdə isə əhalinin cəmi 35%-i peyvəndləmə prosesində iştirak edib. Əgər bizdə də əhalinin çox hissəsi peyvənlənmə prosesinə cəlb olunsa, yoluxma sayında ciddi şəkildə azalma müşahidə edilsə, yumşalma kimi söhbətləri etmək olar”.
 
“Peyvəndin qoruyuculuğundan isə danışmağa dəyər. Biz də 100% inanırıq ki, peyvənd koronavirusla mübarizədə ən yaxşı üsuldur və demək olar ki, 100% qoruyuculuğa malikdir. Peyvənd olunmuş insanların yeni növ koronavirusa yoluxma ehtimalı demək olar ki, yoxdur. Əgər şəxs virusa qarşı peyvənd olunubsa, yüzdə 91% virusa yoluxmayacaq. Digər 9% ehtimalda isə yoluxsa belə, xəstəliyi çox yüngül, hətta ayaqüstə keçirəcək. Əhalinin yarısı peyvəndləmə prosesinə cəlb olunsa, biz də İsrailin yumşaldılma metodundan istifadə edə bilərik”, - deyə o vurğulayıb.
Tarix: 31-03-2021, 17:30
Xəbəri paylaş



Xəbər lenti