Baş nazir peyvəndlə bağlı sərəncamlar imzalayıb Azərbaycana Rusiyanın “HUMAN VACCINE” MMC-yə məxsus, koronavirus infeksiyasının qarşısının alınması üçün istehsal olunan “Sputnik V” vaksini idxal ediləcək. AYNA-nın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiya Federasiyasının “HUMAN VACCINE” MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat sazişinə əsasən 300 000 doza “Sputnik V” dərman vasitəsinin Azərbaycana idxalı 180 gün müddətində həyata keçiriləcək.
Baş nazirin digər sərəncamına əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə GAVİ ALLİANCE arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair 2020-ci il 18 sentyabr tarixli Sazişə əsasən İsveç Krallığının “AztraZeneca” Şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 (yüz səksən) gün müddətində həyata keçiriləcək.
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu sərəncamdan irəli gələn məsələlərin həllini təmin edəcək.
Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.
Tarix: 11-03-2021, 16:18