
Son günlər ölkəmizdə koronavirusa yoluxanların sayında müşahidə edilən artım bir sıra sualları ortaya çıxarıb. Sürətlə artan koronavirus statistikası nə vəd edir: Novruz bayramında sərt karantin rejimi tətbiq olunacaqmı? Bayramdan sonra yoluxma sayında artım ola bilərmi? “Yeni Müsavat”a danışan infeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı münasibət bildirib: "İlk olaraq üç qızıl qaydaya əməl etmək lazımdır: sosial məsafə saxlamaq, maskalardan istifadə etmək lazımdır və əllər tez-tez yuyulmalıdır. Ümumiyyətlə, bayram ərəfəsində çalışıb rayonlara az getmək lazımdır. Bayram adət-ənənəsi virusun yayılmasını ciddi şəkildə artıra bilər. Buna görə də çalışıb qonaq getməmək lazımdır. Bu bayramda insanların evdə olması məsləhətdir. Dövlət tərəfindən karantin qaydaları sərtləşdiriləcək, ya yox, bilmirəm. Amma sərtləşdirilərsə, yaxşı olar.
Epidemiyanın yayılması nöqteyi-nəzərindən rayonlara gedib-gəlmək təhlükəli sayılır. Çünki əsasən qohum-əqrəbalar rayonlarda olur, şəhərdə yaşayanların çoxu da bölgələrə üz tuturlar. Kütləvi toplaşma olur. Böyük ehtimalla, bayramda yoluxma riski artacaq. Ona görə diqqətli olmaq lazımdır".
Həkim- infeksionist Vüqar Cavadzadə bildirib ki, karantin qaydaları yumşaldılanda və sərtləşdiriləndə bunun fərqini açıq-aydın hiss etmək olur. Əgər artım belə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi qaçılmaz olacaq. Vüqar Cavadzadə ölkəmizdə aparılan vaksinasiya prosesindən də danışıb. O qeyd edib ki, risk qrupuna daxil olan şəxslərin vaksinasiya etdirməsi vacibdir: “Dövlətimiz tərəfindən ölkəmizə kifayət qədər vaksin gətirilib. Vətəndaşlarımız vaksinasiya prosesində aktiv iştirak etməlidirlər”.
Deputat Fazil Mustafa da sərt karantinlə bağlı Milli Məclisin plenar iclasında fikirlərini açıqlayıb: “Bu gün Azərbaycan insanını daha çox maraqlandıran məsələ pandemiya ilə əlaqədar Operativ Qərargahın hansı qərarı qəbul edəcəyidir. İnsanlarda yenicə fəaliyyətinə imkan yaradılmış iş yerlərinin, müxtəlif obyektlərin qapadılacağı ilə bağlı qorxu var. Heç bir yeri qapatmağa gərək yoxdur. İlk növbədə Azərbaycan vətəndaşlarının sosial durumunu nəzərə almalıyıq. Qiymətlər yüksək sürətlə qalxmaqdadır və vətəndaşın evinə gəlir daxil olmur, bu da kütləvi yoxsulluğa aparır”.
Deputat onu da əlavə edib ki, bütün yerlərin qapadılmasına ehtiyac yoxdur, sadəcə, nəzarəti gücləndirmək lazımdır: "Bayram günlərində rayonlara yolların bağlanması da doğru deyil. 10 gün tətil olacaqsa, insanlar rayonda daha təcrid olunmuş halda istirahət edə və Bakının yükü azala bilər. Məncə, postlar qoymaq yerinə, post-patrul maşınlarının sayını artıraraq, ayrı-ayrı vətəndaşların yoxlanmasını həyata keçirmək olar. Həmçinin İsraildəki kimi, yaşıl pasport rejimini tətbiq etmək daha məqsədəuyğun olar".
Tarix: 10-03-2021, 09:34