Asif Nərimanlı: "Rəsmi Bakının bunun qarşısını diplomatik tələblərlə ala bilməsi çətindir"
Arzuxan Əlizadə: "Qondarma bir rejimin hansısa tədbir keçirməsi və ora kimlərisə dəvət etməsi yolverilməzdir"Sentyabrın 2-də Xankəndidəki separatçı-terrorçu rejim qondarma “müstəqillik günü”nün 30 illiyini qeyd etməyə hazırlaşır. Deyilənə görə, 1991-ci ilin 2 sentyabr tarixində Qarabağdakı erməni separatçılar qanunsuz “referendum” keçirərək, Azərbaycandan ayrılmaqla bağlı qərar qəbul ediblər. Separatçıların “parlament sədri” Artur Tovmasyan İrəvanda Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşüb. Onu və parlamentindəki bütün fraksiya rəhbərlərini qondarma “müstəqillik günü”nə dəvət edib.
Bildirib ki, sentyabrın 1-də qondarma “parlamentin” xüsusi iclasını keçirərək “müstəqillik günü”nü qeyd edəcəklər. Ölkə ictimaiyyətinin fikrincə, separatçı rejimin Xankəndidə “seçki” keçirməsinə qətiyyən göz yummaq olmaz. Azərbaycan bu barədə ultimatum verməli, nəticələr barədə aidiyyəti tərəfləri xəbərdar etməlidir. Reaksiya olmadığı təqdirdə isə antiterror əməliyyatlarına başlamaq lazımdır.
Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə bildirib ki, bu, müharibədən sonra separatçı-terrorçuların “müstəqillik günü” keçirməsi bir neçə kontekstdə təhlükəlidir. Analitikin sözlərinə görə, Xankəndidəki terrorçu rejimin Azərbaycan sərhədləri daxilində “dövlət” olmaq istəyi stimullaşır:
“Ermənistan “Qarabağ münaqişəsi bitməyib” iddiası üçün “arqument” qazanır. Digər yandan Qarabağın “statusu” məsələsini gündəmə gətirmək istəyən dövlətlərə istinad mənbəyi verilir. Rəsmi Bakının bunun qarşısını diplomatik tələblərlə ala bilməsi çətindir. Xüsusilə bölgədə mövcud olan Rusiyanın sərgilədiyi mövqe fonunda bunu etmək mürəkkəbdir. Yeganə yol ermənilərin qondarma “müstəqilliklərinə” həlledici zərbənin elə sentyabrın 2-də vurulmasıdır. Onlara dərs verməyin vaxtıdır”.
AMİP sədri Arzuxan Əlizadə də bəyan edib ki, buna qəti surətdə imkan vermək olmaz:
“Azərbaycan ərazisində qondarma bir rejimin hansısa tədbir keçirməsi və ora kimlərisə dəvət etməsi yolverilməzdir. Ermənilər 10 noyabr Bəyannaməsinin şərtlərini elə ilk gündən pozublar. Təəssüflər olsun ki, bəzən belə məsələlərin üzərindən sakit keçirik. Hamıya məlumdur ki, Rusiya bu qədər vaxt keçməsinə rəğmən, hələ də erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasına dair heç bir addım atmayıb. Dəfələrlə demişik ki, Rusiya sülhməramlılarının konkret missiyası, səlahiyyəti müəyyən olunmalıdır. Bəyannamə imzalanan günün gecəsi dərhal Qarabağa soxulublar. 9 ayda atdıqları hansı addım sülhməramlı missiyasına uyğun gəlir? Gördükləri ən “böyük iş” Qarabağa erməni daşımaq və oradakı separatçıları silahlandırmaq, təxribatlara təhrik etməkdir. Bütün davranışları ermənilərin xeyrinə, Azərbaycanın ziyanınadır. Mən bir vətəndaş kimi sabah Qarabağa qayıdacaq insanlarımızın həyatı üçün narahatlıq keçirirəm”.
Tarix: 27-08-2021, 08:43