Murov aşırımındakı təhlükə, minalanmış ərazinin bir addımlığında və çörək dilənən ermənilər - Kəlbəcərdən REPORTAJ (Fotolar)



Ermənilərin xarabalığa çevirdiyi Kəlbəcərdə həyat artıq canlanıb
Heç bir hiss torpaq həsrətinə bənzəmir. Biz azərbaycanlılar bu həsrəti yaşasaq da, sonunda qalibiyyət, zəfər şərbətini də daddıq. İnsanı məst edən, ağrısını-acısını unutduran bu hiss bu gün hər bir azərbaycanlını həsrətində olduğu o torpaqlara çəkir... Bu gün hər birimiz Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarımıza getmək, orada xidmətdə olan əsgərlərimizə dəstək olmaq arzusundayıq.
Düşməndən azad olunmuş ərazilərdə quruculuq bərpa işlərinə start verilib. Mənfur düşmən, cənnət-məkan Vətənimizin təbiəti ilə vəhşicəsinə davranması azmış kimi, üstəlik özündən sonra hər qarışı minalayıb, bütün yaşayış infrastrukturunu məhv edib. Yolların dağılması əsgərlərimizin təminatı, lazım olan avadanlıqların, texniki vasitələrin həmin ərazilərə çatdırılmasını ləngitsə də, quruculuq işləri bir an belə dayanmır.
b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_hfhfhfhhf.jpgBiz  torpaqlarımızı azad etmişik!
Gərəkərsə ayaqyalın, piyada da gedib o yerləri quracağıq!
Bizim də ürəyimiz əsgərlərimizin, Ordumuzun yanında idi.  Elə bu məqsədlə ordumuza dəstək üçün, şəhidlərimizin xatirəsinə dərin ehtiramla yeni təqvim ilinin ilk günlərində  işğaldan azad olunmuş dağ rayonlarımızdan biri - Kəlbəcərə yol aldıq.  Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin təşəbbüsü ilə təşkil olunmuş səfərdə təşkilatın nümayəndə heyətinin tərkibində Missiya TV əməkdaşı olaraq bu xoşbəxtliyi yaşamaq mənə də nəsib oldu. Deyəsən, mən həm də Kəlbəcərə ayaq basan ilk qadın jurnalist oldum.
Beləliklə, 01.01.2021. Əsgərlərimizə lazım olan avadanlıq və bayram sovqatı ilə Qarabağın incisi Kəlbəcərə üz tutduq...
80 km və 4-5 saatlıq yol...
b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_ryryrty.jpg
Kəlbəcər rayonunun işğaldan azad edilməsini həm də cənab Ali Baş Komandan İlham Əliyevin diplomatiyasının təntənəsi adlandırmaq olar. Kəlbəcərin təbii relyefi onu müharibə apararaq azad etməkdə böyük çətinlik yaradacaqdı. Bu yol hədsiz qurban tələb edirdi və şəhidlərimiz daha çox olacaqdı. Bütün bunları Kəlbəcəri görəndən sonra bir daha düşündükcə insanı dəhşət bürüyür. Özünü Vətəni üçün ölümə atan neçə-neçə oğullarımızın həyatı bahasına qayıdacaqdı Kəlbəcər. Şükürlər olsun ki, cənab Prezidentin qətiyyəti və rəşadətli Ordumuzun qüdrəti nəticəsində düşmənin təslim olmaqdan başqa çarəsi qalmadı... Düzdür, Kəlbəcər uğrunda döyüşlərdə də xeyli şəhid vermişik. Onların hər birinin bu torpağın hər qarışında haqqı, izi var.
Dağlar qoynunda yerləşən Kəlbəcərə iki istiqamətdən yol gedir. Biri Toğanadan Murov aşırımları ilə, digəri isə Ağdərədən. Hazırda Ağdərə yolundakı problemlər, sülhməramlı kontingentin həmin bölgədəki fəaliyyəti və eyni zamanda Ermənistan rəhbərliyinin dediyinə görə Ermənistan hökumətinə tabe olmayan qüvvələrin bu ərazidə  hələ də mövcudluğu Kəlbəcərə aparılan təminatın çatdırılmasında müəyyən çətinliklər yaradır. Adi avtomobillə Murov aşırımlarını aşaraq Kəlbəcərə getmək isə, həm uzun zaman aparır, həm də çox təhlükəlidir. Buna baxmayaraq, bu yolu qət etməyi planlaşdırdıq.
b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_lamiyaaa.jpg
Murov aşırımlarına çatanda, anladım ki, asan olmayacaq...

Gətirdiyimiz sovqatı Gəncədə hərbi maşına yükləyib yolumuza davam etdik. Toğanada Kəlbəcər istiqamətini göstərən lövhədə 80 km məsafənin yazıldığını görəndə çox sevindim. “Neçə saatlıq yolumuz var?” deyə, soruşanda isə,  “Azı 4-5 saat” dedilər... Murov aşırımları haqqında məlumatım olmadığından bu cavab mənə maraqlı gəlmişdi. Axı, 80 km-lik yolu niyə 4-5 saata qət edək ki? Əlavə sual vermədən yolumuza davam etdik... Murov aşırımlarının başladığı yerə çatanda anladım ki, bu səfər heç də asan olmayacaq. Ümumiyyətlə, bu yoldan istifadə edənlər nəzərə almalıdırlar ki, bacardıqca erkən saatlarda yola çıxmaq lazımdır, çünki orduya təminat aparan kolonlara mane ola bilərsiz.
“Ya Allah” deyib, üzüyuxarı Murov aşırımları ilə irəliləməyə başladıq. Yuxarı qalxdıqca, yolun hər iki tərəfi minalandığından, eyni zamanda yollar buzlu olduğundan son dərəcə ehtiyatla və aşağı sürətlə hərəkət edirdik. Yol boyu bombalanmış postlar, vurulmuş, yararsız texnikaları görürdük. Yuxarı qalxdıqca hərəkət çətinləşir, ara-sıra əsgər təminatı aparan iri yük maşınlarına yol verərək, irəliləyirik. Yüksəklikdəki postların hər birinin öz adı var. Lap yüksəklikdə - dəniz səviyyəsindən 3395 m hündürlükdə yerləşən Ömər postudur. Ətrafda Güzgü, Elşən, Koroğlu postları da var. Ömər postu illərlə erməni işğalında olub. Sıldırım, qarlı qayaların üzərində yerləşir. O qayalar ki, ilin bütün fəsillərində qarlı olur və çox tez-tez qar uçqunları yaranır və bu qar uçqunları ucbatından da illərlə xeyli şəhidlər vermişik... 1993-cü ildə ev-eşiklərindən didərgin düşnüş kəlbəcərlilər məhz həmin bu qarlı aşırımları dəf edərək canlarını qurtara bilmişdilər... Bu yollara baxdıqca, həmin o əzablı günlər, televiziyadan baxıb gördüyümüz kadrlar göz önünə gəlir, xatırlanır və insanın qanını dondurur.
Mobil şəbəkə qülləsi də aktivdir
Qəribə idi, axşam saatları olsa da, hava qaralmırdı. Əksinə, üstü qarla örtülmüş qayalar günəşin işığı altında bərq vurur, parıldayırdılar. Elə bu an maşınımız dayanır, çox iti döngəyə çatırıq... Yaş öz sözünü desə də, keçmiş döyüşçü, komandir, Veteranlar Birliyinin sədri, qazi Füzuli Rzaquliyev cəld yerə atıldı. Bir anlıq dayanıb, aşırımlara bir də döyüşçü gözü ilə baxdır. Sanki bu günədək hələ də nəşi tapılmayan şəhidləri axtrarır, onları xatırlayırdı... Bir xeyli piyada qalxdı dolamanı. Hətta halı da pisləşdı... Bir az nəfəsimizi dərib yenidən davam etdik.  
b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_yyryy.jpgÇox çətinliklə, axşama yaxın Ömər postuna çatdıq. Budur, bu da illərlə kabusa çevrilən Ömər postu. Sanki göylə yerin birləşdiyi nöqtədə idik. Elə zənn edirsən ki, əlini uzadıb buludları dağıda bilərsənb. Lap uzaqda - günbatanda Qərbi Azərbaycana boylanıb, bacardıqca daha çox görmək istəyirsən, hətta arzu da tutursan... Qarşıda müzəffər Ordumuzun qurduğu postu gördük. Yaxınlaşıb əsgərlərimizlə görüşdük. Çadır qurulmuşdu, balalarımızın təminatı yaxşı idi. Artıq mobil şəbəkə qülləsi də aktivdir, fəaliyyətdədir. Əsgərlərimizin kefi də kök idi. “Sabah sovqat gətirəcəyik” deyib, yolumuza davam etdik. Vaxtımız az idi. Yolu kəsməmək üçün bacardıqca sürəti artırdıq.
Özlərinə bənzər iz qoyub gediblər...
Və budur, 30 ildir həsrətini çəkdiyimiz Kəlbəcər! Yol boyu viran qalmış torpağımıza baxdıqca kövrəlməmək olmur. Bu daşların, qayaların hər parçasında şəhidlərimizn haqqı, igidlərimizin izi var. Vəhşi ermənilər xarabaya çeviriblər torpaqlarımızı. Bu nə nadanlıq, bu nə şərəfsizlikdir?.. Kəlbəcərin girişinədək 18 km ərazi boyu bütün ağaclar şərəfsizlər tərəfindən məhv edilib. Apardıqlarını aparıblar, apara bilmədiklərini də doğrayıb, ordaca atıb qaçıblarr. O ağaclara baxdıqca adamın ürəyi dağlanır. Hər dəfə Kəlbəcərə istirahət etməyə gələn xainlər daşları, qayaları yazıb guya öz murdar adlarını bu yolla əbədiləşdiriblər. Qədirbilməzlər, pisniyyətlilər, özlərindən sonra elə özlərinə bənzər iz qoyub gediblər...
b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_hgfghff.jpg
“Tərtər çay” – deyə, maşında oturanlardan kimsə dərindən ah çəkdi. Tez pəncərədən boylandım. İlahi, necə də gözəldir - Bir tərəfi buz bağlayıb, bir tərəfdən isə sanki züm-zümə edərək axıb gedir...
Artıq yolumuz hamarlandı. Asfalt yola çıxdıq. Ordumuzun maşınlarını, hərbi texnikaları, daim hərəkətdə olan, xidmət edən əsgərlərimizi gördük. Şəhərlərin  müharibədən  sonrakı vəziyyətini ancaq kinofilmlərdə izləmişdim. Axı belə deyildi buralar. Kəlbəcər hər zaman cənnət-məkan olub. Ancaq gördüyüm mənzərə yalnız dəhşət doğururdu. Sağ tərəfdə Zod kəndinə gedən yolda qurulan post, sol tərəfdə tunel göründü. Tuneldən keçən yol Ağdərəyə gedir. Kəlbəcərə gedən ən rahat yol oradan olsa da, hələlik istifadə olunmur. Hər iki döngənin ortasından düz keçib Kəlbəcər şəhərinə daxil olduq. Şəhərmi qalıb? Yanmış, damları sökülmüş, yalnız divarları qalan evlərdən ibarət xarabalıqdır indi Kəlbəcər...
Ermənilərin ifrat natəmizliyi hamını heyrətə gətirib...
Şəhərə nəzər saldıqca nizami Ordumuzun dayanmadan çalışdığını, ətrafa çəki-düzən verildiyini müşahidə etdik. Hamı çalışırdı, hamı hərətkətdə, iş başında idi. Azərbaycanlıların evlərində illərlə yaşayıb kef çəkən mənfur qəbilənin nümayəndələri günlərini ancaq yeyib içməkdə, talan etməkdə keçirib, heç bir quruculuq işləri aparmayıblar. Əksinə, olanı da məhv etməyə çalışıblar. Ümumiyyətlə, ermənilərdən sonra Kəlbəcərdəki evlərdə yaşamaq, həmin evləri yaşayış halına gətirmək çox vaxt aparıb. Dağıntı bir yana, ifrat natəmizlik hamını heyrətə gətirib. Burda özünə insan deyən necə yaşayıb? – deyə heyrətə gəlir hərbçilərimiz.
- Ermənilərlə heç üz-üzə gəlirsinizmi?
Zabitlərimizdən biri gülərək cavab verir:
-  Müəyyən postlarda onlarla üz-üzə gəlmək məcburiyyətində qalırıq. Çox utanmaz, qüruru olmayan xalqdır. Elə olub ki, gecə gəlib bizim əsgərlərdən çörək də istəyiblər. Hiyləgərdirlər. Ağılagəlməz yerlərə mina qoyub gediblər. 30 ildə bu yerlərə yaxşıca bələd olublar. Ona görə biz də ehtiyatı əldən vermirik.
Gecəni maraqlı söhbətlər edib, bizim üçün ayrılmış yerdə gecələdik. Səhər hamı – biz də əsgərlərə qarışıb günün planını cızdıq. Çox qalmağa imkan yox idi. Bir günlük missiyamızı başa vurub hərbçilərimizlə görüşdük, yenidən gələcəyimizi vəd edərək Kəlbəcər şəhərindən ayrılırıq. Qayıdarkən yolüstü İstisuya da baş çəkdik.
“Olmaz, minalıdır” deyib, bizi geri çəkdilər..
b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_jhgjhggjg.jpgArtıq ordumuz burda səliqə-səhman, təmizlik yaradıb. Hətta ətrafda səyyar duş kabinələri də qoyulub. Stəkanı doldurub ciyərimizə çəkə-cəkə isti sudan doya-doya içdik. Ətrafa, təbiətə, gözəlliyə heyran-heyran baxmaqdan doymayıb yolumuza davam etdik. Qayıdanda Yanşaq kəndinin qarşısından keçdik. Sağ tərəfdə böyük dağıntıları görüb sürücüdən bir anlıq dayanmağı xahiş etdim. Böyük ərazini əhatə edən bir tikilinin artilleriya atəşindən darmadağın olmuş qalıqları canlanır qarşımızda. Və budur Müzəffər Azərbaycan Ordusunun möhtəşəm əl işi. Qürurla irəli getmək istədik. Amma, “Olmaz, minalıdır” deyib, geri çəkdilər. Həmin bu ərazidə ermənilərin çox böyük bir hərbi hissələri olub. Və rəşadətli ordumuz tərəfindən darmadağın edilib. Ümumiyyətlə, ermənilərin  Kəlbəcərdə çox sayda hərbi hissələri olub.  Erməni hərbçilər bu torpaqdan o qədər ləzzət alırmışlar ki, hətta ailələri ilə birgə yaşayırmışlar burada. Artıq yaşamayacaqlar! Ermənilər hamılıqla Kəlbəcərdən yox olublar!
Haça qayaların arasında xatirə fotosu çəkdirib paytaxta yol aldıq. Ürəyimizdə fərəh, vicdanımızın rahatlaması hissi və bir də bitib tükənməyən nisgillə Kəlbəcər torpağından ayrıldıq. Heç arılmaq istəmədən...  
Artıq arxayınıq. Kəlbəcər bizimdir! Kəlbəcər Azərbaycandır və biz onu dirçəldəcəyik!
Hə, onun da deyim ki, bir sıra dövlət qurumları  Kəlbəcərdə fəaliyyətini bərpa edib. Böyük hospital, DİN-nin şöbəsi, FHN-nin şöbəsi və s. öz yerində, öz xidməti fəaliyyətindədir. Qarşıdakı mərhələdə digər qurumların da Kəlbəcərdə fəaliyyəti bərpa olunacaq.
Lamiyə Rövşənqızı  
Tarix: 7-01-2021, 08:44
Xəbəri paylaş



Xəbər lenti