Laçının Ağanus(Turşsu) kəndi -Düşmən meşələri qırıb.






Dekabrın 1-də işğaldan azad edilmiş Laçın rayonunun Ağanus(Turşsu) kəndinin son görüntüləri yayılıb.

Moderator.az xəbər verir ki, görüntüləri həmin kəndin sakini olan hərbçilərimizdən bəri lentə alıb. 

Hərbçilərimiz Qubadlı istiqamətindən  Laçın “dəhlizi”nə nəzarət edən Rusiya sülhməramlılarının müşayiəti ilə  Laçın şəhəri istiqamətinə gediblər.  Rusiya sülhməramlılarının postu Fətəlipəyə və Ağanus kəndləri arasında qurulub.

Ağanus kəndinin Qubadlı-Laçın yolu üzərində yerləşən və el arasında Turşsu adlanan cənub hissəsinin ətrafındakı meşələrin xeyli hissəsi işğalçı ermənilər tərəfindən qırılıb. Cəmi bir neçə ev salamat qalıb. Kənd klubu, keçmiş kolxoz ferması darmadağın edilib. İşğaladək asfalt olan və Bakı-Laçın, Sumqayıt-Laçın sərnişin avtobuslarının da keçib getdiyi yol bərbad hala düşüb. 

Qeyd edək ki, Ağanus kəndinin cənub hissəsi ərazidə narzan tipli məşhur mineral bulaq olması səbəbindən Turşsu adlanır.  İşğaladək Laçın rayonuna gələn qonaqların əksəriyyəti həmin bulağın yanındakı pavilyonlarda  yeyib-içib istirahət ediblər.  

Ermənilər 28 il ərzində Turşsu bulağı ətrafında heç bir abadlıq işləri aparmayıb. Əksinə, oradakı kafe və pavilyonları talan ediblər.  Bulağın üzərində Laçında gorbagor olmuş işğalçı hərbçiərin “xatirəsi”nə xaçkar qoyublar.

Ağanus kəndi Laçının qədim kəndlərindən biridir.  Sonradan Rusiya imperiyası tərəfindən Şuşanın qonşu Qaladərəsi və Kirov kəndlərinə köçürülmüş ermənilər XX əsrin əvvəllərindən bəri bu kəndi 4 dəfə hücuma məruz qoyaraq yandırıb, əhalisini didərgin salıblar.  Hazırda Ağanus-Turşsunun əsl sakinləri doğma kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyir...
Tarix: 21-12-2020, 20:17
Xəbəri paylaş



Xəbər lenti