Meşə və dağlarda gizlənmiş erməni terrorçuları bölgədən təmizlənir, “partizan hərəkatı” rəzil durumda, 170 quldur axtarışda...
Azərbaycan silahlı qüvvələri, o cümlədən də digər qurumlarımız işğaldan azad edilən torpaqlarda təmizləmə və antiterror əməliyyatları başladıb. “Yeni Müsavat” xəbər verir ki, xüsusilə Hadrut, Xocavənd, Şuşa rayonlarının inzibati ərazilərində, meşə və dağlarda gizlənmiş erməni terrorçuları ərazidən çıxarılır, bölgə təmizlənir.Ordumuzun həyata keçirdiyi bu proses Ermənistanı yenidən qarışdırıb. Kapitulyasiyaya imza atmış düşmən ölkənin Rusiya sülhməramlılarına güvənərək, uduzduqları müharibənin revanşı yerinə planlaşdırdıqları gülünc “partizan hərəkatı” ilə rəzil vəziyyətə düşüblər. Bu provokativ cəhdlər Ermənistan hərbi elitasının və Dağlıq Qarabağdakı oyuncaq xuntanın öz başında çatlamaqdadır.
Belə ki, “Partizan” yerinə meşəyə doldurduqları erməni silahlıları soyuqdan göyərmiş halda, sosial mediada yayılan çoxsaylı videolarda “Qarabağ Azirbidjan” deyirlər və yalvarıcı nəzərlərlə kameraların obyektivlərini yalayırlar. Odur ki, Ermənistan silahlı qüvvələrinin ikinci dəfə rəzil olmaları prosesini izləməkdəyik və bundan təbii ki, həzz alırıq.Artıq Paşinyan da, onun kuklası, xunta başçısı marionet Araik Arutyunyan da istefaları barədə danışır, hiss olunur ki, buna hazırlaşırlar. Çünki müharibəni uduzdular, revanş isə sadəcə, alınmadı, mümkün deyil. Ona görə də Ermənistana bağlı silahlı quldurlar silahları təhvil verərək, sürü ilə Qarabağı tərk edirlər.
Onların böyük bir hissəsini Rusiya sülhməramlıları mühasirədən çıxardıb. Kifayət qədər böyük bir bölümü isə qaçıb aradan çıxıb. Yoxdurlar! Bütün Ermənistan və Qarabağdakı quldur rejimi onları axtarır. Onlarsa yoxdur. Söhbət 170 civarında silahlı quldurdan gedir.
Görünür, bölgədən qaçıb Ermənistanda gizlənirlər ki, kimsə bunları yenidən orduya cəlb edə bilməsin. Başqa versiyalar, iddialar da var. Lakin Azərbaycan Ordusu və digər rəsmilər açıqlama verməyincə bu iddiaları səsləndirmək istəməzdik. Sadəcə, baş verən prosesin ümumi təhlilini mötəbər ekspertlərlə həyata keçirməyi vacib hesab edirik.
Bu mövzuda fikirlərini bölüşən politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, meşələrdə gizlənən silahlı dəstələrin immuniteti yox səviyyəsindədir. Ekspertin fikrincə, sadəcə, onlardan istifadə etmək istəyən qüvvələr var: “Onlardan biri Xankəndindəki Vitali Balasanyandır. Onlar bununla Paşinyanın istefasını tələb etmək istəyirlər. Eyni zamanda müharibədə məğlubiyyət acısını azaltmaq niyyəti güdürlər. Biz ermənilərin informasiya siyasətində də görürük ki, guya orada onların hərbi potensialı var və Azərbaycan Ordusuna sinə gərə bilərlər. Lakin Ermənistanda real düşünənlər var, bilirlər ki, müharibəni uduzublar. Maraqlıdır ki, Paşinyan özü mötədil mövqedən çıxış etsə də, yeni xarici işlər naziri dağıdıcı, məsuliyyətsiz bəyanatlar səsləndirir. Özəlliklə Moskva səfərində Dağlıq Qarabağın statusu, ”Qarabağ ordusu" kimi utopiyaları gündəmə gətirir, Lavrova çatdırır ki, bunları müzakirə etmək lazımdır".
T.Abbasov əmindir ki, Ordumuz əsir götürüləsi erməniləri sakit şəkildə rus sülhməramlılarına ötürməklə bir mesaj verir: “Onların yadına salır ki, dağıdıcı yoldan geri qayıdın, sizə şans veririk. Buna İrəvanda məhəl qoymayanlar da var, qiymət verənlər də. Ancaq Azərbaycanın səbri tükənə bilər və sülhməramlılara baxmadan antiterror əməliyyatını davam etdirə bilərik. Buna hüquqi bazamız var və məntiqi sonluğu bir az da yaxınlaşdıra bilərik”.
Siyasi ekspert Zaur Məmmədovun “Yeni Müsavat”a bildirdiyinə görə, üçtərəfli bəyanatdan sonra rus sülhməramlılarının gəlişi ilə yanaşı, erməni birləşmələrinin geri çağırılması haqda maddə var idi, Qarabağı tərk etməliydilər.“Lakin Ermənistan və Qarabağda müəyyən qruplara xidmət edən dəstələr guya mübarizə aparmaq niyyətindədirlər. Orada müxtəlif hərbi qruplar ayrı-ayrı dairələrə bağlıdılar, vahid ordu yoxdur. Çox təəssüf ki, həmin qüvvələr vəziyyətin destabilliyində maraqlıdırlar. Eyni zamanda bəzi dairələr sülhməramlıların gəlişindən məmnun deyillər və erməni dəstələrindən istifadə edirlər. Xüsusən ABŞ Dövlət Departamentinin rəsmisinin sülhməramlının bölgədə sabitliyə əngəl törədəcəyi açıqlaması göstərir ki, Baydenin hakimiyyətə gəlişi ilə regionda yeni reallıq yaranır. Bununla bölgə yenidən İran, Rusiya, ABŞ arasında geosiyasi mübarizə meydanına çevrilə bilər. Həmçinin Ermənistandakı qrupların Rusiyada bəzi dairələrlə bağlı arxayınlığı ola bilər. Bilirsiniz ki, Rusiya prezidenti Putinlə generalların, xarici işləri naziri Lavrovla müdafiə naziri Şoyqu arasında baxış bucaqlarında fərqlər var. Bu antoqonistliyi Liviya, Suriya, Türkiyə məsələlərində də görmüşük. Ola bilsin ki, bu istiqamətdən istifadə edərək erməni quldurları hərbçilərimizə qarşı guya ”mübarizə" aparırlar", - deyə siyasi analitik bildirdi.
Onun sözlərinə görə, qarşımızda kimliyindən asılı olmayaraq Azərbaycan tərəfi onları ərazilərdən çıxarmağın, məhv etməyin yolunu yaxşı bilir: “Sülhməramlılar müəyyən maneçilik etdilər, çəpər rolu oynadılar, amma gizlətməyə ehtiyac yoxdur, əgər rus qoşunları bölgədə sabitlikdə maraqlıdırlarsa, öhdəliklərini yerinə yetirməlidirlər. Hesab edirəm ki, Putinin mövqeyi bəllidir, Kremlin rəhbəri bəyanatın tam icra edilməsində maraqlıdır və həmin erməni dəstələrinin müqavimətinin tərəfdarı deyil. Ona görə bu kimi kiçik qruplar bizə təhdid deyil, əksəriyyəti də zərərsizləşdirilib. Biz 44 gündə erməni ordusunu yerlə-yeksan etmişik”.
Emil SALAMOĞLU
Tarix: 18-12-2020, 09:37