Düşünürəm ki, 1 dekabrdan - Laçının Azərbaycan Ordusuna təhvil verilməsindən - sonra Qarabag mövzusunda 4 problemimiz var.Axar.az xəbər verir ki, bu fikirləri QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy qeyd edib.
O bildirib:
1. Azərbaycan rəsmiləri Qarabağdakı mövcud proseslə bağlı cəmiyyətlə artıq doğru strateji kommunikasiya qurmurlar və çox passivdirlər. Ən yaxşı komunikasiya quran 3 şəxs var idi: Cənab Prezident, köməkçisi Hikmət Hacıyev və Müdafiə Nazirliyi rəsmisi Anar Eyvazov.
Hərbi əməliyyatlar bitib, ancaq Qarabağ hərbi zonadır və Müdafiə Nazirliyi proseslərlə bağlı cəmiyyəti əvvəlki qədər tez-tez olmasa da, mütləq məlumatlandırmalı, erməni yalanları barədə açıqlamalar verməlidir. Bu qədər boşluq doğru deyil. Bir an öncə strateji kommunikasiya işi əvvəlki müntəzəmliklə bərpa edilməlidir.
2. Azərbaycan rəsmi qurumlarının Qarabağda dövlət nəzarətimizi təmin etmək üçün gördüyü mühüm işlər var. Azərbaycan cəmiyyəti bu işlər haqqında məlumatsızdır və bu məlumatsızlıq haqlı nigarançılıq yaradır. Görülən işlərin deyilməsi mümkün olanları barədə cəmiyyəti mütləq məlumatlandirmaq lazımdır. Belə olmayanda cəmiyyət Ermənistan, Rusiya və Qərb mətbuatında çoxu manipulyasiya olan xəbərləri oxuyub inanır.
3. Ermənistan 10 noyabrdan etibarən strateji kommunikasiyası və təbliğat müharibəsində yeni mərhələyə keçib. Rus sülhməramlılari ilə proses gərəyi olan görüşmələr xüsusi təbliğat vasitəsi kimi istifadə olunur. Rusiyanın müəyyən dairələri də bu prosesdə şüurlu iştirakla ermənilərə bu imkanı verirlər. Bu məsələlər Azərbaycanda ciddi narahatlıq doğurduğu üçün bugün Peskov “Qarabağ Azərbaycan ərazisidir və orda hər hansı başçı yoxdur” deməyə ehtiyac hiss etdi. Araik və qondarma qurumun bütün nümayəndələrini prosesdən mütləq çıxarmalıyıq, Rusiya ilə görüşlərdə bu bizim birinci işimiz olmalıdır.
Ermənistan rəsmiləri real vəziyyətlə bağlı müharibə dövründə olduğu kimi böyük yalanlar danışmağa davam edirlər. İndi fərq ondadır ki, onda həm Ordumuz, həm də rəsmilərimiz bu yalanları sözləri və əməlləri ilə anında yalanlayırdılar. İndi isə eyni proses getmir.
4. Azərbaycan cəmiyyətinə də bunu məsləhət görürəm ki, Ermənistan rəsmilərinin yalan təbliğatınin təsirində qalmasınlar. Axi 45 gündə nə qədər yalan danışdıqlarını açıq gördük! Ermənistan cəmiyyətinin prezidenti, baş naziri və digər rəsmiləri yalançılıqla günahlandırdıqları bir şəraitdə yazılanların böyük bir hissəsinin yalan ola biləcəyini nəzərə alsınlar. Unutmayaq ki, Ermənistan rəsmiləri bu açıqlamaları siyasi karyera və can qorxusu ilə verirlər. Real mənzərə artıq 2 aydır onların təsvir etdiyi kimi deyil.
Hətta belə görüntu yaranır ki, Ermənistan rəsmilərinə bizdə inananlar Ermənistanda inananlardan daha çoxdur!
Tarix: 6-12-2020, 20:18