"Qafqazın Xirosimasını Qafqazın Dubayına döndərək, Agdam sakinlərini də Xankəndinə köçürək"



Özünün beynəlxalq aeroportu, “İmarət” adlı azından 60 minlik stadionu, hotelləri, ticarət və biznes mərkəzləri olan yeni Ağdam salaq.


Ordumuz Xankəndinin bir neçə kilometrliyinə çatanda bir dostum ağlıma ideya saldı, təzə bir yazı başladım. Açığını deyim, məni dostumun ideyasına ən çox ruhlandıran ordumuzun qələbələri ilə yanaşı həm də inamla deyilmiş “Sonacan gedəcəyik” nidası oldu. 
Səki yazırdım ki, Ağdamın bir-iki məhləsini açıq muzeyə, yerdə qalan hissəsini isə Azad İqtisadi Zonaya çevirək. Özünün beynəlxalq aeroportu, “İmarət” adlı azından 60 minlik stadionu, hotelləri, ticarət və biznes mərkəzləri olan yeni Ağdam salaq. Qafqazın Xirosimasını Qafqazın Dubayına döndərək sayaq fikirlər. Agdam sakinlərini də boşalmış Xankəndinə köçürək. Yəni başabaş dəyişim sona çatsın – Ermənistanda biz yoxuqsa, bizdə də erməni qalmır. Artıq hər səhər minlər Ağdamlının yerüstü metroyla yeni Ağdama işə gəlib, axşamlar Xankəndinə evinə qayıtmasını xəyalımda canlandırırdım. Başqa qəşəng fikirlərlə ideyanı ətə-qana gətirəcəkdim.
Şər dövləti Rusiya qoymadı bitirəm yazını, həmin axşam qoşun salıb şəhəri tutdu. Yazı yarıda qaldı, onu da atdım kompüterimdəki “Yarımçıq yazılar” qovluğuna. Bu günlər qanqaraldan fikirlərdən uzaq dururam, yazmıram. Bayramlaşırıq. Çoxdan unutduğumuz ürəkdən sevinmək duyğusunu yaşamaq istəyirik. Yaşayaq. Lap paradımızı da keçirək. Koronvirus aman versə, bilet alıb gəlmək, Ağdamı, Şuşanı görmək istəyirəm. 
Sonra... Sonra açıq qalan çoxlu suallara cavab axtarmalıyıq: Erməniylə məsələ aydındı, rusla neyləyəcəyik? Yarımçıq qalan Qarabağ davamızı Rusiya ilə necə aparmalıyıq və sair.
P.S. Bir söz də deyim: o qovluqda uzun zaman yarımçıq qalan hansısa yazıya yenidən qayıtmağım, yazıb başa çatdırdığım az olmayıb. Yarım qalan Xankəndi yazısını da bitirəcəm bir gün! Dostlar bilir, məndə ümid heç vaxt ölmür!

Vahid Qazi
Tarix: 5-12-2020, 12:28
Xəbəri paylaş



Xəbər lenti