Video əlavə olunub.
xxx
Yuxu görmək Ermənistanın həyat strategiyasıdır.
Publika.az xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın məsləhətçisi, 1990-cı illərdə Qarabağ müzakirələrinin əsas iştirakçılarından olan Jirayr Liparityan BBC-yə müsahibəsində deyib.
Liparityan Ermənistanın Qarabağ mövzusunda son 25 ildir əhəmiyyətli ölçüdə xətalara yol verdiyini bildirib: “Ermənistan tərəfi lazımsız formada Türkiyə ilə Azərbaycanı qıcıqlandıracaq addımlar atdı. Yuxu görmək Ermənistanın həyat strategiyasıdır, amma yuxu görmək bir strategiya deyil. Qarabağ mövzusunun 2 əsas ünsürü vardı. Bunlar Dağlıq Qarabağın statusu və Azərbaycana aid olub Ermənistan qüvvələrinin nəzarətində saxlanan 7 bölgənin vəziyyəti idi. Beynəlxalq ictimaiyyət 30 il Qarabağın müstəqilliyini tanımayacağını söylədi”.
O, Türkiyə, Rusiya, ABŞ, Fransa və İranın Azərbaycanın ərazi bütövlüyü üzərindən variantlar təqdim etdiyini xatırladıb: “Dünyada heç kim bu 7 bölgəni işğal edəcəyimizi gözləmirdi. Hər zaman müəyyən şərtlər altında geri verilmələrini gözləyirdi. Bu şərtləri qəbul etmək Ermənistan üçün əhəmiyyətli deyildi. Azərbaycanın zamanla hərbi qüvvə və müxtəlif mənbələr baxımından gücləndiyini unutmamalıyıq. Uzlaşmağa gedən prosesi uzatmaqla müharibə bir o qədər yaxınlaşdı və bu müharibədə qalib gəlmək şansımız da o qədər azaldı”.
Liparityan Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ mövzusunda yol verdiyi xətalara diqqət çəkib: “Paşinyan Dağlıq Qarabağın statusu ilə bağlı razılaşma olmadan Azərbaycanın ciddi qəbul olunmayacağı və müzakirələrin mənasız olduğu istiqamətində təkidini davam etdirdi. Bu vəziyyətin müharibəyə gətirib çıxaracağı təqdirdə isə müharibəyə hazır olduğunu düşündü. Bu mövqe Ermənistanın son 25 ildə sərgilədiyi mövqe idi. Bütün istiqamətlərdən baxanda müharibəni 30 il əvvəl udmadığmız kimi bu gün udmayacağımız çox açıq idi. Paşinyanın müharibənin 4-cü günündə bu məsələ ilə bağlı xəbərdarlıq aldığını da öyrənmiş olduq”.
O, Paşinyanın Türkiyənin ərazi bütövlüyünə qarşı açıqlamalar verdiyini də bəyan edib.
Bildirib ki, Ermənistan 200 ildir eyni zehniyyətdə qalıb: “Heç kim beynəlxalq ictimaiyyətin bizə demək istədiyini dinləmək istəmədi. Beynəlxalq ictimaiyyətin görüşü bizim üçün əhəmiyyətli olmalıdır. Çünki uduzanda onların qabağına qaçırıq. Onlardan edə bilməyəcəklərini etmələrini istəyirik”.
Liparityanın sözlərinə görə, üçtərəfli bəyanatı heç kim dəyişdirə bilməyəcək: “Razılaşma artıq hər hansı seçim problemi olmadığını açıq şəkildə ortaya qoyur. Müstəqil Qarabağ və ya Azərbaycanın daxilində bir bölgə - bu seçim artıq mövcud deyil”.