Ağ örpəyə bürünən İlisunun əsrarəngiz MƏNZƏRƏSİ – FOTO

Uzun sürən quraqlıq və qeyri-sabit hava şəraitindən sonra ötən axşam Şimal-Qərb bölgəsində temperatur 8-10 dərəcəyə kimi aşağı düşüb. Bölgənin dağlarına eləcə də dağətəyi yaşayış məntəqələrinə ilin ilk qarı yağıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ilk qarı qarşılayan kəndlərdən biri də Qaxın İlisu kənd sakinləridir.
 

Bölgə sakinləri bu il də ilk qar sevincini İlisuda qarşılayırlar

Böyük Qafqazın cənub yamacında yerləşən bu yaşayış məntəqəsi dəniz səviyyəsindən 2 min metrə yaxın yüksəklikdə olması qarın yağması ilə yadda qalır. İlisulular qışı, qarı ilk qarşıladığından biz də bu qədim yurda üz tuturuq. Şimal-Qərb bölgəsinə ilk qar adətən noyabrın sonu, dekabrın əvvəlində düşərdi. Bu il qar bir qədər gecikib. Bu dəfə qar bölgənin yüksək dağlıq ərazilərinə həmçinin ilk dəfə İlisu kəndi ərazisinə düşüb.

Kənddə tam sakitlikdir 

Dağları duman bürüdüyündən bu mənzərələri yetərincə lentə ala bilmirik. Kənd sakini Elman Əhmədov sözünün ilk kəlməsində ilk qarı ruzi-bərəkət rəmzi kimi dəyərləndirir. Deyir adətdəndir, ilk qar yağanda hamı sevinir. Xüsusən uzun müddət quraqlı və küləkli havalardan sonra yağan qar xəstəliklərin qarşısını alır.

Sakinlər bildirir ki, qar az, zəif yağsa da onun varlığı belə bolluq-bərəkət rəmzidir. Digər kənd sakini Qurban Babayev də sevinclidir. Deyir uzun müddətdən sonra bu səhər ciyərlərinə doyunca hava çəkib.  “Mövsümə görə qış gec gəldi amma yavaş-yavaş qışlamaya doğru gedir” deyən, Qurban kişi qarşıdakı aylarda da qarın yağması ilə həm İlisuya çox sayda qonaq-qara gələcəyini həm də taxıl zəmilərində bol məhsul olacağına eyham vurdu.

Bu il qar gecikir

Bölgənin aran ərazilərində isə qarı tək sakinlər deyil həm də taxıl zəmiləri gözləyir. Adətən, ilin bu fəslində taxıl zəmiləri ağ örpəyə bürünərdi. Bu il isə qar keçikir. Bu isə gəmiricilərin, zərərvericilərin çoxalmasına səbəb olub.

Bitçikilik üzrə mütəxəssis Eyvaz Aslanov bildirir ki, bu il payız gələndən havalar quraq keçib. Nəhayət ötən iki gün ərzində bölgənin aran ərazilərinə yağış yağması taxıl zəmilərində toxumun cücərməsini aktivləşdirib.

Bitçikilik üzrə mütəxəssis Eyvaz Aslanov onu da əlavə edir ki, dağlara qar yağması arandakı taxıl zəmiləri üçün ümid yaradır. Gecələr havaların mənfiyə düşməsi ən azından ziyanvericilərin çoxalmasının qarşısını alacaq.










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Tarix: 19-12-2023, 14:30
Xəbəri paylaş



Xəbər lenti