İlk görünüşdən o, dövlət məmuru təəssüratı yaratmayıb. Uzun-uzadı danışmağı, kobud ifadələri, sərt hərəkətləri ilə Gennadi Voronov daha çox əsəblərini cilovlaya bilməyən, psixoloji durumunda problemlər olan bir şəxsi xatırladıb. Uzun illər SSRİ Nazirlər Sovetinin işlər idarəsinin müdiri vəzifəsində işləmiş Mixail Smirtyukov öz xatirələrində Voronovu aşağıdakı kimi xarakterizə edib:“Voronov sərt adam idi. O, rəsmi tədbirlərdə, qeyri-rəsmi ziyafətlərdə ətrafdakılarının vəzifə ranqına baxmayaraq ürəyindən keçən sözü deməyi bacarırdı. Bəzən Mərkəzi Komitənin iclaslarında Brejenvə qarşı kobudluq etməkdən də çəkinmirdi...”
Gennadi Voronov 1910-cu ildə Tverdə anadan olub. Orta məktəbi bitirdikdən sonra Tomsk Sənaye İnstitutunda və Novosibirsk Marksizm-Leninizm Akademiyasında təhsil alıb.
İlk əmək fəaliyyətinə elektrik kimi başlayan Voronov 1931-ci ildə kommunist partiyasına üzv olub və fəaliyyətini partiya orqanlarında davam etdirib. 1939-1955-ci illərdə Çita vilayət partiya komitəsinin katibi, ikinci katibi, birinci katibi vəzifələrində işlədikdən sonra o, Moskvaya dəvət alıb və SSRİ kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.
Bu təyinat Xruşovun təşəbbüsü ilə olsa da, sonralar o, Voronovun təyinatında səhv etdiyini etiraf edib.
Kənd təsərrüfatı məsələlərinin müzakirələrində Xruşovla Voronovun arasında kəskin fikir ayrılıqları yaransa da, 1957-ci ildə Molotov, Malenkov və Kaqanoviç Xruşovu devirmək istəyəndə o, Mərkəzi Komitənin üzvü kimi tribunaya qalxaraq baş katibi müdafiə edib, hakimiyyət dəyişikliyi etmək istəyənlərin dərhal həbs olunmasını təklif edib. Sözsüz ki, Voronov bu müdafiənin qarşılığında Xruşovdan yeni vəzifə təyinatı gözləyib. Xruşov isə Voronovun bu gözləntisini gerçəkləşdirməyib.
Mərkəzi Komitənin növbəti iclaslarınn birində Xruşov məruzə etmək üçün tribunaya keçərək girişə “əziz dostlar” ifadəsi ilə başlayanda Voronov yerindən qalxaraq onun sözünü kəsib:
- Burada sizin dostlarınız yoxdur.
Bütün dövrlərdə mövqelərini qorumağı bacaran Viktor Qrişin Voronovun replikasını cavabsız qoymayıb:
- Yanılırsınız, yoldaş Voronov, biz hamımız Nikita Sergeyeviçin dostlayırıq.
Bu hadisədən sonra Xruşov Voronovu nazir müavini vəzifəsindən uzaqlaşdıraraq Orenburq vilayətinə birinci katib göndərib. Uzun-uzadı yazışmalardan, Brejnevin Xruşovdan bir neçə dəfə xahişindən sonra Voronov 1962-ci ildə Moskvaya qayıdıb. Siyasi Büroda onun Rusiya Nazirlər Sovetinə sədr təyinatı bir neçə saat müzakirə edilib. Səs çoxluğunu nəzərə alan Xruşov bu təyinata razılıq vermək məcburiyyətində qalıb. Əslində Voronov Brejnevin gələcək planları üçün lazım olub.
1964-cü ildə Voronov Kreml çevrilişində fəal iştirak edərək plenumda Xruşovu sərt tənqid edib:
“Xruşovun kommunistlərə qarşı qeyri-səmimi münasibəti, liderlik bacarığının olmaması dözülməz bir mühit yaradıb. O, yalnız qışqırmağı və alçaltmağı bacarır. Bu cür siyasətlə heç bir inkişafdan danışmaq olmaz. Ən adi haqlı tənqidləri qəbul edə bilməyən Xruşov ölkənin bütün sahələrini iflic vəziyyətə salıb...”
Voronov növbəti baş katiblə də münasibətlərini tənzimləyə bilməyib. Daha yuxarı pillələrə can atmağa çalışsa da, Brejnev onu çox da yaxına buraxmayıb. Amma baş katib 1964-cü il hadisələrini, Xruşovun devrilməsində Voronovun fəaliyyətini də unutmayıb. 1971-ci ildə o, Voronovu SSRİ Xalq Nəzarəti Komitəsinə sədr təyin edib. Qeyd edək ki, həmin ərəfədə Brejnev bu komitənin bir çox səlahiyyətlərini məhdudlaşdırıb. Bu məsələdə Brejnevin yaxın dostu, SSRİ daxili işlər naziri Nikolay Şelokovun da böyük rolu olub.
Voronov dəfələrlə komitənin səlahiyyətlərinin artırılması üçün Brejnevə müraciət edib. Baş katib isə bu məsələyə Mərkəzi Komitənin iclasında birdəfəlik son qoyub:
“Dövlət Nəzarət Komitəsinin funksiyalarını eyni zamanda bir neçə qurum həyat keçirdiyindən bu komitə dövlət strukturunda çox da vacib rol oynamır. Mən belə düşünürəm ki, komitənin sədrinin Siyasi Büro üzvü olması da məqsədəuyğun deyil...”
Baş katibin bu fikirlərindən sonra, 1973-cü ildə Voronov Brejnevin qəbulunda olub. O, istefa ərizəsini baş katibə özü təqdim edib: “Mənə nə komitə, nə də Siyasi Büro lazım deyil. İstefamı qəbul edin...”
Beləliklə, heç bir baş katiblə anlaşa bilməyən Voronovun siyasi karyerasına son qoyulub.
Xruşovu və Brejnevi o dünyaya yola salan Voronov 1994-cü ildə, 83 yaşında vəfat edib. O, Moskvada Novokuntsevo qəbirstanlığında dəfn olunub.
İlham Cəmiloğlu
Tarix: 28-11-2021, 15:34