
… Son illər mediada bəzi bloqerlərlə bağlı həbs, qalmaqal və hüquqi məsuliyyət xəbərləri diqqət çəkir. Məsələn, 19 avqust 2026-cı il tarixində daha bir bloqerin – “By Ella”nın həbsi barədə xəbər yayımlandı…
Doğrudur, bir-birinin ardınca müxtəlif maddələrlə həbs olunan blogerlərlə bağlı xəbərlər çıxdığından, artıq bu kimi məlumatlar da adiləşməkdədir. Amma gəlin etiraf edək ki, bu “ulduzluq xəstəliyi” faciəyə sürükləyir insanları…
… Ümumiyyətlə, son zamanlar sosial şəbəkələrdə bir növ at oynadan, hətta dördüncü hakimiyyətin nümayəndələrinin belə öhdəsindən gələ bilmədiyi işi asanlıqla həyata keçirməyə qadir olan, yetərincə pul qazanan, üstəgəl bir çox tədbirlərdə başda əyləşdirilən bloqerlərin çoxu haqqında niyə xoşagəlməz xəbərlər eşidilir?!
(Amma burada vacib məqam var: bir neçə şəxsin davranışına görə bütün bloqerləri eyni kateqoriyaya salmaq düzgün deyil. Bununla belə, gəlin razılaşaq ki, auditoriya böyüdükcə məsuliyyət də böyüməlidir. Çünki bir paylaşımın minlərlə, hətta milyonlarla insana çatması artıq şəxsi fikir məsələsindən çıxaraq ictimai təsirə çevrilir – K.A.)
GƏLİN GÖRƏK BLOQER KİMDİR?
… Azərbaycanda ənənəvi jurnalistika ilə bloqerliyi hələ də ayırd edə bilməyənlər var. Əslində…
Bloqerlər – əsasən diqqət, izləyici kütləsi, tanınmaq, yaradıcılıq azadlığı və maddi gəlir qazanmaq istəyənlərdir. Onların hədəfi auditoriya ilə bağ qurmaq və sosial təsir gücü əldə etməkdir. İnternetdə öz şəxsi səhifəsində, saytında və ya sosial şəbəkə hesabında müntəzəm olaraq mətnlər, fotolar və ya videolar paylaşırlar. Onlar öz oxucuları və ya izləyiciləri ilə ünsiyyət qurur, müxtəlif mövzularda fikir və təcrübələrini bölüşürlər.
BLOQERİ JURNALİSTDƏN NECƏ AYIRMAQ OLAR?
Amma gəlin razılaşaq ki, bloqerlərin hər videosuna, paylaşımına və ya açıqlamasına görə jurnalistikanın nüfuzu hədəfə alınır, nədənsə. Cəmiyyətdə belə bir rəy formalaşıb ki, hansısa məkandakı, obyektdəki çatışmazlığı və ya nəsə mənfi bir hadisəni çəkib paylaşmaq jurnalistlik deməkdir. Əslində olan isə…
Bloqer və jurnalist – Hər ikisinin auditoriyası ola bilər, amma peşəsi, prinsipləri və məsuliyyət çərçivəsi eyni deyil. Əsas fərq fəaliyyət prinsipi, peşə məsuliyyəti və məlumatı təqdim etmə qaydasıdır. Jurnalistikanın nüfuzunu qorumaq üçün ilk növbədə bu fərqi düzgün qoymaq lazımdır!
Bəs görəsən mütəxəssislər nə düşnürlər?
AZƏR HƏSRƏT – ƏMƏKDAR JURNALİST, MŞİH-NİN ÜZVÜ, MEDİA EKSPERTİ
“İnfluserlər, bloqerlər, tiktokerlərlə iş aparılmalı, izah edilməlidir ki, siz özünüzü “jurnalist” kimi təqdim edə bilməzsiniz”
-Bəzi influserlərin özlərini “jurnalist” kimi təqdim etmələri qanunsuzluqdur. Qeyri-etik davranışdır. Jurnalistika konkret bir sahədir, o sahədə məşğul olmaq üçün konkret təhsil alınmalıdır. Əlavə olaraq jurnalistikanın qayda-qanunları çərçivəsində fəaliyyət göstərmək lazımdır. O bloqerlər, tiktokerlər, sosial media fəalları jurnalistika qanunları çərçivəsində fəaliyyət göstərmirlər axı.. Üstəlik də insanlar da diqqətli olmalıdırlar! Hər özünə “jurnalist” deyəni jurnalist kimi qəbul etməməlidirlər. Maarifləndilmə də artırılmalıdır. Artıq o koteqoriya nümayəndələri ilə – influserlər, bloqerlər, tiktokerlərlə iş aparılmalı, izah edilməlidir ki, siz özünüzü “jurnalist” kimi təqdim edə bilməzsiniz. Əks təqdirdə, bunun bir ölçü tədbiri olacaqdır.
ARİFƏ ƏLİYEVA – JURNALİST:
“Dünyanın heç yerində bloqerliyin peşəkarlıq indeksi yoxdur”
-Klassik medianın öz peşə kodeksi, nəzəriyyəsi, qayda və prinsipləri var, bu gün də həmin beynəlxalq təcrübəyə əsaslanmağa çalışır. Bloqerlik isə vətəndaş jurnalistikasıdır. Buna “xalq jurnalistikası” da demək mümkündür. Bloqerlik son illərdə sürətlə inkişafda, ənənəvi mətbuatı nisbətən üstələməkdədir. Bu da sosial şəbəkələrin təsirindən irəli gəlir. Ona görə sosial media fenomenləri klassik mətbuatda uzun illər külüng vurmuş peşəkar jurnalistlərdən bir sıra hallarda daha tez populyarlaşır. Çünki sosial mediada izləyici qazanmaq üçün böyük zaman tələb olunmur. Lakin dünyanın heç yerində bloqerliyin peşəkarlıq indeksi yoxdur. Ola bilsin ki, gələcəkdə onun da öz etiket qaydaları müəyyənləşəcək. İndi isə Tik-Toker bir fərqlidir, facebook və instaqram bloqerləri tam fərqli. Məsələn, kimisi əyləncəyə, kimisi maarifçiliyə, kimisi səyahət, turizm, kimisi sosial problemlərə, kimisi siyasətə fokuslanaraq bloqerlik edir. Eyni zamanda, dünya və yerli mətbəxi təbliğ edən, sənət, kino, ədəbiyyat, muzeylər haqda paylaşımları olan bloqerlər var. Sözsüz ki, əyləncə, həmçinin siyasi-sosial sahədə bloqerlik edənlər daha çox tanınır. Bu da reallıqdır ki, bütün ölkələrdə hökumətlər bloqerlərin, sosial şəbəkə fenomenlərinin ictimai rəyə təsiri ilə hesablaşırlar. Ona görə də burada mübahisə açmaq, klassik jurnalistika ilə bloqerliyi müqayisə etmək yanlışdır. Onlar bir-biri ilə yarışmayan, kəskin fərqlənən sahələrdir.
ELÇİN LƏMBƏRANSKİ – İCTİMAİ FƏAL
“Birmənalı şəkildə bloqerdən jurnalist olmaz! İnsanların haqqına girmiş olarıq”
-Jurnalist və bloqer ayrı-ayrı peşələrdir. Bloqer sözünü çox ucuzlaşdırıblar, arvadı ilə gündəmə gələnlər, hovuzda çimənlər adlarını qoyublar “bloqer”. Bloqer cəmiyyətin ictimai həyatında rol oynayan, cəmiyyətin problemlərini işıqlandıran insanlardır.Çox təəssüflər olsun ki, bloqer sözünü bəzuləri ucuzlaşdırıb. Jurnalistika isə insanlar əziyyət çəkirlər, universitetdə oxuyurlar. Bu, peşəkar işdir. Bloqerlik isə yalnız bir səhifələri var ki, orda fəaliyyət göstərə bilirlər, müəyyən yığdığı kütlə onların yaxşı-pis əməllərinə görə dəyər verirlər. Amma birmənalı şəkildə bloqerdən jurnalist olmaz! İnsanların haqqına girmiş olarıq. Hələ sizə bir faciəmizi də deyim: biriləri də var ki, ömür boyu jurnalist olmayıblar, amma xəbər səhifləri açıb düşürlər ölkənin canına, hardabir tikinti görürlər çəkib paylaşırlar. Guya dövlətə, millətə canları yanır. Amma belə deyil! İstər-istəməz o obyekti tikən də narahatçılıq keçirir, deyir ki, qardaş, yazmısan, bu da deyir, bu qədər ver silim o xəbəri. İnanın, 50-dən çox belə səhifələr var sosial şəbəkələrdə, bax, bunlarla da məşğul olunmalıdır.
HACIBƏY HEYDƏRLİ – AZXƏBƏR.COM SAYTININ BAŞ REDAKTORU, MŞİH-NİN ÜZVÜ
-Jurnalistin bloqer qarşısındakı əsas üstünlüyü onun peşəkar standartlara və jurnalistikanın etik prinsiplərinə söykənməsidir. Bloqer informasiya mənbəyi ola bilər, amma jurnalistin işi həmin informasiyanı yoxlamaq, araşdırmaq və cəmiyyət üçün etibarlı xəbərə çevirməkdir. Bu baxımdan da bloqerliyi heç bir halda jurnalistika ilə eynilşdirmək və ya müqayisə etmək düzgün deyil. Çünki cəmiyyətə doğru məlumatı məhz mətbuat ötürür, bəzən bloqerlərin xəbərləri nəticəsiz qalır və ya həqiqəti əks etdirmir. Bunun da hüquqi məsuliyyəti var.
Jurnalistika ilə bağlı MEDİA tərəfindən çox ciddi islahatlar aparılır son illərdə. Daha sonra Media və yayım şurasının yaradılması, media reyestrinin yaradılması – bütün bu addımları deməkdir ki, Azərbaycan jurnalistləri daha da peşəkarlaşıblar və cəmiyyəti də dolğun-düzgün məlumatları məhz mətbuatımız sayəsində əldə edir.
Bu baxımdan da ən önəmli faktor cəmiyyətimiz də bu kimi hallara qarşı diqqətli olmalıdır və jurnalistlə bloqerliyi bir-birindən ayırd etməlidir. Bloqerlik bər bir şəxsin məşğul ola biləcəyi sahədir, jurnalistika isə peşə və hüquqi baxımdan yalnız dövlətimizin qaydalarına uyğun şəkildə fəaliyyət göstərən insanların gördüyü bir sahədir. Düşünürəm ki, artıq Azərbaycanda “Kimdir jurnalist?” sualına cavab tapılıb! Bu haqda media haqda qanunda da ətraflı məlumat verilib. Hər hansı bir media subyekti ilə əməkdaşlıq edən və yaxud da fərdi müqaviləsi olan şəxsə “jurnalist” deyirik. Amma bloqerliklə bağlı qanunvericiliyimizdə boşluqlar var, hələ ki heç br müddəalar yoxdur. Ona görə də hər kəs məsuliyyətli olmalıdır.
Tək bizim ölkədə yox, bütün dünyada boşluqlar var. Lakin əldə edilən məlumata görə, son zamanlar artıq bloqeriklə bağlı müəyyən qanunlar qüvvəyə minir. Sosial şəbəkələrdə cəmiyyətə açıqca hörmətsizlik edən şəxslər və yaxud qeyri-etik paylaşm edənlər, söyüş işlədən şəxslər qanun qarşısında cavab verirlər. Bu da təbii ki, artıq sosil mediada məsuliyyəti də artırır. Hər kəs bilməlidir ki, paylaşdığı hər hansı statusa görə hüquqi məsuliyyət yaradır!
AQİL ƏLƏSGƏR YENİÇAĞ.AZ SAYTININ BAŞ REDAKTORU, MŞİH-NİN ÜZVÜ:
“Jurnalist olmaq peşəkarlıq və məsuliyyət tələb edir. İnfluserlik üçün isə bir yaxşı telefon və selfi çubuğu yetərlidir”
– Bu gün cəmiyyətdə jurnalistlə bloqer və influenser anlayışları tez-tez qarışdırılır. Halbuki onların arasında çox incə, amma prinsipial fərq var. Belə ki, jurnalistika peşədir və onun öz qaydaları, etik kodeksi, məsuliyyəti və peşə standartları mövcuddur. Bloqer isə əsasən şəxsi platformasında fikir və kontent paylaşan şəxsdir. İzləyici sayının çox olması heç kimi avtomatik olaraq jurnalist etmir. Əsas prinsip çox sadədir: hər jurnalist bloqerlik fəaliyyəti ilə də məşğul ola bilər, amma hər bloqer jurnalist ola bilməz. Çünki jurnalistika yalnız informasiya paylaşmaq deyil, faktı yoxlamaq, mənbəyə məsuliyyətlə yanaşmaq, etik qaydalara riayət etmək və ictimai məsuliyyət daşımaqdır. Burada məqsəd bloqerlərin fəaliyyətini məhdudlaşdırmaq deyil, bu iki anlayış arasındakı sərhədi cəmiyyətə düzgün anlatmaqdır. Jurnalist jurnalistikanın qaydalarına, bloqer isə öz fəaliyyətinin çərçivəsinə uyğun davranmalıdır. Ən əsası isə budur: çox izlənmək jurnalist olmaq demək deyil. Jurnalist olmaq peşəkarlıq və məsuliyyət tələb edir. İnfluserlik üçün isə bir yaxşı telefon və selfi çubuğu yetərlidir.
P.S. Həmkarların açıqlamalarından da belə qənaətə gəlmək olar ki, bloqer “mən nə düşünürəm və nə görürəm?” sualına, jurnalist isə “nə baş verib, bunu necə yoxlaya bilərəm və cəmiyyət bunu niyə bilməlidir?” sualına cavab axtarır. Hər sosial media paylaşımı jurnalistika deyil. Kamera qarşısına keçmək, izləyici toplamaq və gündəlik hadisələri çəkmək insanı jurnalist etmir. Jurnalistikanın əsas meyarı peşəkarlıq, obyektivlik, fakt və məsuliyyətdir.
Ona görə də bloqerlə jurnalisti eyni tutmayaq. Hər kəs öz sahəsində ola bilər, amma peşələrin mahiyyətini qarışdırmaq olmaz.
Hazırladı: KÖNÜL AYPARA