Məlumata görə, tenderin qalibi "ELECTRO SERVİCE" QSC olub. Tərəflər arasında isə 5 milyon 267 min 661 manat dəyərində satınalma müqaviləsi imzalanıb.
JAM.az məsələ ilə bağlı açıq mənbələr üzərindən bəzi araşdırmalar aparıb. Məlum olub ki, "Electro Service" QSC 08.10.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev pr., ev 187B-də yerləşir. "Electro Service" QSC-nin qanuni təmsilçisi Babayev Tural Əli oğludur.
Həmin araşdırmaddan o da məlum olub ki, "Electro Service" QSC dövlət qeydiyyatına alınan zaman şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşib. Şirkətin qanuni təmsilçisi isə Məmmədov Fuad Alxaz oğlu olub.
Qeyd edək ki, Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə “Azərenerji” ASC-nin prezienti Balababa (Baba) Rzayevin ailə üzvlərinə məxsus şirkətlər yerləşir. Məsələn, 1 mart 2016-cı il tarixində dövlət qeydiyyatına alınan və hüquqi ünvanı Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşən “Zirə Aqropark” MMC-nin (VÖEN – 1503134451) qanuni təmsilçisi Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə olub.
Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olan general-mayor Rüfət Fərhadovun oğludur. Baba Rzayevin kürəkəni mətbuatda "Göknur Bakı Ltd” MMC-nin (VÖEN - 1500023181) müdiri kimi təqdim olunur. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qardaşı Rahib Rzayevdir.
Bundan başqa “Zirə Aqropark” MMC-nin qeydiyyatada olduğu hüquqi ünvanda – Ziya Bünyadov, ev 2071-ci məhəllədə “GBS” QSC adlı (VÖEN-1500855231) şirkət də yerləşir. Bu şirkətə məxsus obyektlər də Zirədəki zeytun zavodu ilə eyni ərazidədir. Həmçinin “GBS” adı ilə başlayan başqa bir şirkətə - “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN - 1501472741 ) Baba Rzayevin digər qardaşı Emin Rzayev rəhbərlik edir.
Ölkənin aparıcı şirkətlərindən biri olan “Santral Elektrik LTD” MMC-nin (VÖEN – 1500023051) yerləşdiyi ünvan kimi də Ziya Bünyadov, ev 2071-ci məhəllə göstərilib. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qaynı Həsənov İlham Ağaməsim oğludur.
Bu əsnada “Electro Service" QSC-nin hazırki qanuni təmsilçisi Tural Babayevin kim olduğu bilinmir. Bəzi açıq mənbələrdə Zirə qəsəbəsinin sakini olan Tural Babayev adlı şəxsin “Santral Elektrik LTD” MMC-də işlədiyi qeyd olunub.
jamaz.info