Mədəniyyət Nazirliyində 8 milyonluq yeyinti iddiası - Hesablama Palatası rəsmi tələb göndərib?

32gun.az-a daxil olan məlumata görə, Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində aparılan yoxlamalar zamanı 8 milyon manatlıq yeyinti faktı aşkarlanıb. Məlumata əsasən, artıq nazirliyə bu vəsaitin geri ödənilməsi ilə bağlı rəsmi tələb də irəli sürülüb.

İddialara görə, sözügedən yeyintilər əsasən Mədəniyyət nazirinin müşaviri Elnar Əsədovun əlaqəli olduğu şirkətlər vasitəsilə həyata keçirilib. Bildirilir ki, Elnar Əsədov Adil Kərimlinin nazir təyin olunmasından sonra "qara kassa" funksiyasını yerinə yetirib və daha sonra müşavir postuna gətirilib. Hazırda nazirlikdə bütün tender, satınalma və maliyyə proseslərinə rəhbərlik edən şəxs məhz odur.

Nazirlik daxilində baş verən digər maraqlı iddialardan biri isə müşavirlər arasında gedən qarşıdurmadır. Belə ki, Elçin Mustafayev və Elnar Əsədov arasında ciddi fikir ayrılığı olduğu bildirilir. Elçin Mustafayev Adil Kərimlinin tələbə yoldaşıdır və uzun müddət polis müstəntiqi kimi fəaliyyət göstərdiyindən nazirlikdə "polis Elçin" ləqəbi ilə tanınır. Hazırda o, nazirlikdə kadr məsələlərinə nəzarət edir.

Məlumata görə, hər iki müşavir nazirin yaxın əhatəsində yer alsalar da, aralarındakı ziddiyyət açıq müstəviyə keçib. Nazirliyin əməkdaşları bu qarşıdurmanı “film izləyirmiş kimi” seyr etdiklərini bildirirlər.

Nazirliyin hüquq şöbəsinin 20 ildən artıq təcrübəyə sahib əməkdaşının sözlərinə görə, qurum daxilində qanunsuzluq, maliyyə çatışmazlığı və idarəetmə boşluğu Mədəniyyət Nazirliyini olduqca çətin vəziyyətə salıb. Həmin şəxsin fikrincə, Hesablama Palatasının apardığı yoxlamalardan sonra nazirlikdə ciddi struktur dəyişikliyinə və araşdırmalara ehtiyac yaranacaq.

32gun.az məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə rəsmi sorğu göndərib. Cavab daxil olduqdan sonra əlavə məlumat təqdim olunacaq.

Tarix: 13-10-2025, 23:54
Xəbəri paylaş



Xəbər lenti