"Krışa"ları gedən TENDER KRALLARI səksəkə içində... - ŞOK FAKTLAR


Uzun çəkən illərdən sonra “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ötən həftə tutduğu vəzifədən kənarlaşdırıldı. Prazidentin məlum sərəncamından bircə gün sonra keçmiş sədr mətbuata qəribə bir açıqlama verdi ki,uzun illərdir səksəkə içində yaşayıb. Amma niyə səksəkə içində yaşadığını açıqlamayan Əhməd Əhmədzadənin bu etirafının nə dərəcədə səmimi olduğunu buraxaq öz insafına. Amma bizə elə gəlir ki, onun səksəkəli günləri elə indən sonra başlayır.

Məlum olduğu kimi,”Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə bütün rayonlarda əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, meliorasiya və irriqasiya işlərinin aparılması məqsədi ilə hər il dövlət büdcəsindən milyonlarla manat vəsaitlər ayrılıb. Görülən işlər isə göz qabağındadır. Bunları Prezident İlham Əliyev 2020-ci ilin iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirdiyi müşavirədə ölkədə yaranmış su çatışmazlığının səbəbləri barədə danışarkən və sözügedən quruma yeni təyin olunmuş Zaur Mikayılovu videoformatda qəbul edən zaman açıq şəkildə bildirdi.Bütün bunlardan sonra Əhməd Əhmədzadənin rahat olmasına,istirahət etməsinə yer qalıbmı?

Əhməd Əhmədzadənin özü kimi bir çox sevimli kadrlarının da səksəkəli günləri bundan sonra başlayacaq. Belə ki, yeni sədr onun bir çox kadrlarının fəaliyyətinin araşdırılmasına qalxarsa çox gizlinlər üzə şıxacaq, çoxlarının yuxusu ərşə çəkiləcək. Daha çox isə ”Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyində olan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı və Meşə Meliorasiya İdarələrinin müdürlərinin. Çünki səhmdar cəmiyyətin digər bir çox idarələrindən fərqli olaraq qeyd etdiyimiz bu qurumları uzun illər dövlət vəsaitlərinin talanması rolunu oynayıblar. Buralarda «ölü can»lardan, texnika üçün ayrılan yanacaq və sürtgü materiallarının, həmçinin ehtiyat hissələrinin satışından tutmuş, külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə qədər kifayət qədər ciddi nöqsanlar tapmaq mümkündür.Elə Şirvan Meşə Meliorasiya İdarəsində olduğu kimi.

Aktualinfo.org ”Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin bilavasitə tabeçiliyində olan Şirvan Meşə Meliorasiya İdarəsin tərəfindən keçirilmiş bir sıra tender prosedurları ətrafında kiçik bir araşdırma aparıb.İdarənin istismarında olan meşə zolaqları barədə məlumatlar əldə edə bilməsək də buraya il ərzində ayrılmış vəsaitlər barədə müəyyən məlumatlar tapa bildik.

Belə ki, Şirvan Meşə Meliorasiya İdarəsi cari təmir işləri üçün inşaat materiallarının satınalınması üzrə 13.03.2021-ci il tarixdə müsabiqə yolu ilə keçirilmiş olduğu açıq tenderdə 150 000 manat dəyərində satınalma müqaviləsini “NİCAT-2012″ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Əsaslı təmir işləri üçün inşaat materiallarının satın alınması üzrə 13.03.2021-ci il tarixdə müsabiqə yolu ilə keçirilmiş olduğu açıq tenderdə 75000 manat dəyərində satınalma müqaviləsi də “NİCAT-2012″ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NİCAT-2012″ Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.01.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının YEVLAX RAYONU, YEVLAX ŞƏHƏRİ, QANBAY QULİYEV, ev 1A, m. 2, qanuni təmsilçisi kimi isə Əsədov Rauf Mehti oğlu qeyd olunub.

Göründüyü kimi İdarə bir gün içində tender elanından cəmi 40-45 gün əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə 225 min manat məbləğində satınalma müqaviləsi bağlayıb.Bu “Dövlət Satınalmaları Haqqında” Qanunun tələbləri ilə nə dərəcədə üst-üstə düşür?

Şirvan Meşə Meliorasiya İdarəsinin maşın və torpaqqazan mexanizmlərə ehtiyat hissələrinin satınalınması üzrə 13.03.2021-ci il tarixdə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 141 500 manat dəyərində satınalma müqaviləsi “AVTO-066″ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AVTO-066″ Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.12.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının YEVLAX RAYONU, ARAN ŞTQ, ARAN 1, qanuni təmsilçisi kimi isə Hacıyev Sənan Çingiz oğlu qeyd olunub.

Kolektorların lildən təmizlənməsi üzrə 13.03.2021-ci il tarixdə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 283499.11 manat dəyərində satınalma müqaviləsi YEVLAX MELİOSERVİS İDARƏSİ ilə bağlanmışdır.

Şirvan Meşə Meliorasiya İdarəsi Maşın və mexanizmlərə ehtiyat hissələrinin satın alınması üzrə 21.02.2020-ci il tarixdə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 155 000 manat dəyərində satınalma müqaviləsi “HƏSRƏT-2017” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Maşın və mexanizimlərə ehtiyat hissələrinin satınalması üçün Şirvan Meşə Meliorasiya İdarəsi “HƏSRƏT-2017” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 01.02.2019-cu il tarixdə 104776 manat, 09.02.2018-ci il tarixdə isə 91 863 manat dəyərində satınalma müqavilələri bağlamışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HƏSRƏT-2017” Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.12.2017-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının YEVLAX RAYONU, ARAN ŞTQ, ARAN 1, qanuni təmsilçisi kimi isə Cəfərov Həsrət Əhməd oğlu qeyd olunub.

Şirvan Meşə Meliorasiya İdarəsinin İnşaat materialları üzrə 01.02.2019-cu il tarixdə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 248 800 manat dəyərində satınalma müqaviləsi bağladığı “Ruzi-AF İKŞ” və inşaat materialları üzrə 09.02.2018-ci il tarixdə 144200 manat dəyərində satınalma müqaviləsi bağladığı “Elnar 2009 İKŞH” şirkətləri barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.Məlumat ancaq ondan ibarətdir ki,bu MMC-lər sözügedən zonada “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tabeli bütün qurumların keçirdikləri tenderlərin mütləq qalibləri olublar. Hamısının da başında Əhməd Əhmədzadənin sevimli kadrları İlyas Səfərov və Telman Əsədov dayanıb.

Qeyd edək ki,hazırda Şirvan Meşə Meliorasiya İdarəsini rəisi Telman Əsədovdur.Uzun illərdir ki,meliorasiya və su təsərrüfatı sahəsində çalışır.Sistemin müxtəlif idarələrində rəhbər kimi həmişə Əhməd Əhmədzadənin maraqlarını ifadə edib.Hələ 2003-cü ildə Melioservis idarəsinin rəisi vəzifələrindən başlayaraq 2004-2015-ci illərdə Yevlax Suvarma Sistemləri İdarəsinin rəisi, 2015-2016-cı illərdə Yuxarı Şirvan Kanal İstismar İdarəsinin rəisi işləyib. 2016-cı ildən isə Şirvan Meşə Meliorasiya idarəsinə rəis təyin olunub.Göründüyü kimi Telman Əsədov karyerası boyu Əhməd Əhmədzadəyə xidmət edib,şəriki,iş ortağı olub. Amma o, bu illər ərzində Əhməd Əhmədzadənin “səksəkəsinə” şərik olubmu,bəlli deyil. Çox güman ki,bundan sonra olacaq. Çünki bütün bu göstərdiklərimiz və bir çox gizlinlər artıq onun da səksəkəyə düşmə ehtimalını artırır, əsaslar verir.

Aktualinfo.org
Tarix: 8-04-2021, 16:39
Xəbəri paylaş



Xəbər lenti