Qeyri-peşəkar, səthi və primitiv hazırlanan proqramlar
Bir neçə gün əvvəl Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib. Tədbirdə qeyd olunub ki, son illərdə dövlət başçısının verdiyi tapşırıqlar, “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər öz bəhrəsini verib. Hansı işlər görüldüyü haqda isə heç nə deyilmir. Həmçinin nümunə kimi o da qeyd olunub ki, “həyata keçirilən tədbirlər nəticəsində 2019-cu illə müqayisədə 2020-ci ildə heyvandarlıq məhsullarının istehsalında 3,1 faiz artım qeydə alınıb. Ötən il diri çəkidə ət istehsalı 3,1 faiz, süd istehsalı 1,9 faiz, yumurta 4,3 faiz, yun istehsalı 0,2 faiz artıb.” Qeyd etməliyəm ki, DSK uzun illərdir, hər il heyvandarlıq məhsullarının istehsalında bu səviyyədə və daha çox artım olduğunu göstərir. Misal üçün “Dövlət Proqramı” qəbulundan əvvəl 2014-cü ildə 2013-cü ilə nisbətən süd istehsalında artım 3,7 faiz, 2016-cı ildə 2017-ci ilə nisbətən 4,4 faiz, yəni 2020-ci il göstəricisindən 2,3 dəfə çox olmuşdur. Eləcə də 2017-ci ildə əvvəlki ilə nisbətən ət istehsalında 3,2% və yumurta istehsalında 6,5% artım 2020-ci ildəki artım göstəricisindən yüksək olub. Təəssüflə qeyd etməliyəm ki, kənd tsərrüfatı naziri müşavirədə real vəziyyəti təsvir edib mövcud problemləri üzə çıxarmaq və müzakirəni həmin problemlərin həllinə yönəltmək əvəzinə, “görülmüş işlər öz bəhrəsini verib” deməklə sahədə mövcud olan problemləri ört-bastır edir. Ciddi hesab edilməyən artım göstəricilərini nailiyyət kimi təqdim edir. Reallıqda isə sahədə vəziyyət heç də ürəkdçan deyil. DSK-nın təqdim etdiyi məlumatda göründüyü kimi (Cədvəl 1) əgər 2018-ci ildə 2017-ci il nisbətən süd və süd məhsulları idxalı 14 min ton azalmışdırsa, Dövlət proqramı qəbul edildikdən sonra 2019-cu ildə 2018-ci ilə nisbətən süd və süd məhsulları idxalı 61 min ton artmışdır. 2020-ci ildə isə süd idxalı fiziki çəkidə 7%, kərə yağı isə fiziki çəkidə 19,7% artıb. Süd məhsullarının idxalının bu qədər artması kənd təsərrüfatı nazirinin süd istehsalı ilə bağlı səsləndirdiyi rəqəmləri şübhə altına alır. Cədcəl 1. Süd və süd məhsullarının ehtiyatları və istifadələri (min ton). Mənbə DSK
2010
2015
2016
2017
2018
2019
İstehsal
1 535
1 924
2 009
2 024
2 080
2 150
İdxal
647
366
288
344
330
391
Mal-qara və quş yemi üçün
47
46
23
24
25
28
Ərzaq kimi istifadə edilmişdir
2 099
2 345
2 276
2 317
2 358
2 439
“Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”nın qəbulundan sonra 2019-cu ildə 2018-ci ilə nisbətən kərə yağı istehsalında artım cəmi 435 ton olduğu halda, həmin ildə eyni adda malın idxalı 1917 ton artmışdır (Cədvəl 2). Onu da qeyd etməliyəm ki, 2020-ci ildə 2019-cu ilə nisbətən kərə yağı və digər süd yağları idxalı 16 min 806 ton təşkil etmişdir. Bu da Dövlət Proqramının qəbulundan əvvəlki göstəricidən 4 min 691 ton, yəni 38,7 faiz çoxdur. Cədvəl 2. Kərə yağı və digər süd yağları və pastaları idxalı (ton). Mənbə DSK
2010
2015
2016
2017
2018
2019
İstehsal
20 926
23 935
25 604
25 295
23 638
24 073
İdxal
11 252,1
13 793,9
14 365
13 811
12 115
14 032
Ərzaq kimi istifadə edilmişdir
41 701
41 454
32 532
33 394
32 046
32 692
Uzun müddətdir ət istehsalında artım göstərilir. Qetd etməliyəm ki, son 4 il ərzində ət idxalının artım tempi, bu məhsulun istehsalının artım tempindən yüksək olaraq qalmaqdadır. Belə ki, 2015-ci ildən 2019-cu ilə kimi ət idxalı 54 min 767 ton, yəni 3 dəfədən çox artdığı halda, ət istehsalı 37 min 106 ton, yəni 12,4% artmışdır (Cədvəl 3). Onu da qeyd etməliyəm ki, 2020-ci ildə ət idxalı fiziki çəkidə 14,7% azalmasına baxmayaraq, əsasən kəsim üçün ölkəyə idxal edilən diri heyvanlar dəyər ifadəsində 14,3%, ətdən, balıqdan və ya xərçəngkimilərdən, mollyusklardan və ya digər su onurğasızlarından alınan hazır məhsullar 15 % artıb. Bu isə o deməkdir ki, 2020-ci ildə ət idxalı fiziki çəkidə artmışdır. Cədvəl 3. Bütün növ ət və ət məhsullarının ehtiyatları və istifadələri ( min ton). Mənbə DSK
2010
2015
2016
2017
2018
2019
İstehsal
244 897
298 613
302 227
316 827
326 024
335 719
İdxal
36 019
17 567
41 719
57 991
68 874
72 334
Ərzaq kimi istifadə edilib
277 261
319 074
342 092
364 291
390531
403 829
Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”nda hədəflər müəyyən edilib. Belə ki, nəzərdə tutulur ki, “Dövlət Proqramının icrası nəticəsində 2023-cü ildə ətin istehsal həcmi 354 min tona, ət məhsulları ilə özünütəminetmə səviyyəsi 92,5%-ə çatacaq. 10 il ərzində cəmi ət istehsalı 2017-ci illə müqayisədə 16,2% artaraq 368 min tona çatacaq (toyuq əti daxil olmaqla). Hədəfə baxın! Kənd təsərrüfatı nazirliyinin qəbul etdiyi 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə dair Dövlət Proqramında 2029-cu ilə qədər 2017-ci illə müqayisədə ət istehsalı 52 min ton artırılaraq 368 min tona çatdırılması nəzərdə tutulur. Yəni proqramı hazırlayanların hesabına görə hər il ət istehsalı artımı 5,2 min ton təşkil edəcək. Müqayisə üçün qeyd etməliyəm ki, 2010-cu ildən 2015-ci ilədək, yəni 5 il ərzində ət istehsalı artımı 53 min 716 ton təşkil etmişdir. Bu o deməkdir ki, orta hesabla hər ildə ət istehsalı 10 min 743 ton artımışdır. Baxın! Heyvandarlığın inkişaf etdirilməsi ilə bağlı proqram qəbul edilməzdən əvvəl təbii olaraq ət istehsalında illik artım 10,7 min ton olduğu halda, qəbul edilən Dövlət Proqramında hədəf kimi hər il orta hesabla ət istehsalınının 5,2 min tona (2 dəfə az) qədər artırmaq nəzərdə tutulur. Bunun üçün Dövlət Proqramının hazırlanmasına nə ehtiyac var idi?! Və üstəgəl planlanan hədəflərə çatmaq üçün dövlət vəsaitləri hesabına iribuynuzlu və xırdabuynuzlu cins heyvandarlıq təsərrüfatlarının yaradılması, iribuynuzlu və xırdabuynuzlu cins heyvanların satın alınaraq ölkəyə gətirilməsi nəzərdə tutulur. Proqramda həm də 2023-cü ilə qədər cəmi süd istehsalını 2,48 milyon tona çatdırmaq qarşıya məqsəd qoyulub. Qeyd etməliyəm ki, 2019-cu ildə 2023-cü il üçün nəzərdə tutulduğundan 60 min ton çox süd istehlak (2,54 milyon ton) edilmişdir. Paradoksdur, deyilmi? Dövlət Proqramında hədəf kimi 2023-cü ildə indiki süd istehlakından daha az məhsul əldə etmək planlaşdırılır. Həmçinin 2023-cü idə əldə edilməsi nəzərdə tutulan 2,48 milyon ton süd Ümümdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normaya görə əhalinin təlabatının təxminən 55%-i qədər olacaq. Və proqramı hazırlayanlar hesab edirlər ki 2,48 milyon ton süd istehsal etməklə, özünütəminat səviyyəsi 98,6%-ə yüksələcək. Hətta proqramda qeyd edilir ki, 2024-cü ildən etibarən ölkə süd və süd məhsulları ilə özünü tam təmin edərək ixrac imkanları əldə edəcək. Sual olunur, ölkə özünün süd və süd məhsullarına olan təlabatının yalnız yarısını ödəyə biləcəyi halda, ixrac imkanlarını necə əldə edəcək? Proqramda qeyd edilir: “Heyvanların cins tərkibinin dəyişməsi ilə birlikdə ölkədəki süd istehsalında ciddi artım yaşanacaq. Ət və süd istehsalını artırmaq və özünütəminat səviyyəsini yaxşılaşdırmaq kimi hədəflərə yem tələbatının ciddi artımına yol verilmədən nail olunması nəzərdə tutulur”. Hələ 2016-cı ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə heyvandarlıq təsərrüfatlarında seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılması və heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə dövlət büdcəsi vəsaiti hesabına xarici ölkələrdən yüksək məhsuldarlığa malik damazlıq heyvanların idxalı həyata keçirildiyi və heyvanların süni mayalandırılması işi getdikcə genişləndirildiyi qeyd edilmişdir. “Strateji Yol Xəritəsi”nin tədbirlər planında 2017-2018-ci illərdə intensiv ferma modeli hesabına iribuynuzlu heyvanların baş sayının 10 faiz azaldılması, südün məhsuldarlığının 50 faiz yüksəldilməsi, ət istehsalının 20 faiz, süd istehsalının 30 faiz artırılması nəzərdə tutulmuşdu. Tədbirlərin həyata keçirilməsinə cavabdeh qurumlar kimi Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları göstərilmişdir. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan tədbirlər üzrə 2020-ci ilədək (2015-ci illə müqayisədə) əsas hədəflərdən biri kimi heyvandarlıqda ət istehsalının 20 faiz, süd istehsalının 30 faiz artırılması qarşıya məqsəd qoyulmuşdur. “Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulduğu kimi 2020-ci ilədək (2015-ci illə müqayisədə) kəsilmiş çəkidə ət istehsalı 20 faiz (59,7 min ton) artırılaraq 358,3 min ton təşkil etməli idi. Təəssüflə qeyd etməliyəm ki, ət istehsalı ilə bağlı 2020-ci il üçün “Yol Xəritəsi”ndə qarşıya qoyulan hədəf bir o qədər də sanballı olmasa da, məqsədə nail olunmamışdır. Belə ki, Dövlət Statistika Komitəsinın təqdim eytiyi məlumata görə, 2020-ci ildə 591,1 min ton diri çəkidə (kəsilmiş çəkidə 346,3 min ton V. M.) ət istehsal olunmuşdur. “Strateji Yol Xəritəsi”ndə süd istehsalının 2020-ci ilədək (2015-ci illə müqayisədə) 30 faiz artırılması nəzərdə tutulub. Bu o deməkdir ki, 2015-ci illə müqayisədə 2020-ci ildə süd istehsalı 577,3 min ton artaraq 2 milyon 501 min ton təşkil etməli idi. Ancaq DSK-nın təqdim etdiyi məlumatda 2020-ci ildə 2 192,5 min ton süd istehsal edilmişdir. Bu da “Strateji Yol Xəritəsi”ndə 2020-ci il üçün nəzərdə tutulduğu istehsal göstəricisindən 309 min ton azdır. Onu da xatırlatmaq istərdim ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda süd istehsalının 2015-ci ildə 2,4 milyon tona çatdırılması nəzərdə tutulduğu halda, 2015-ci ildə cəmi 1,9 milyon ton süd istehsal olmuşdu. Üstündən uzun müddət keçsə də, hələ də elə də böyük olmayan hədəflərə indiyə kimi nail olunmayıb. Beləliklə, Azərbaycan hökuməti heyvandarlığın inkişaf etdirilməsi istiqamətində uzun müddət ərzində bir neçə proqramlar qəbul etsə də, ortada heç bir nəticə yoxdur. Nəticənin olmaması isə qəbul edilən sənədlərin qeyri-peşəkar, primitiv səviyyədə və səthi hazırlanmasıdır. Hesab edirəm ki, hökumət sahə üzrə mütəxəssislərdən ibarət işçi qrupu yaratmalı və dövlət proqramlarının hazırlanmasında peşəkarların xidmətindən istifadə etməlidir. Vahid Məhərrəmov Contact.az