Fitch agentliyi dünya iqtisadiyyatına dair proqnozlarını kəskin dəyişdi

 
Beynəlxalq reytinq agentliyi dünya iqtisadiyyatı ilə bağlı proqnozlarında mənfi istiqamətli kəskin dəyişiklik aparıb.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, agentlik bu il qlobal iqtisadiyyatının görünməmiş dərinlikdə resessiyaya uğrayacağını gözləyir.

Fitch ekspertlərinin yeni proqnozlarına əsasə qlobal Ümumi Daxili Məhsul 2020-ci ildı 3,9 faiz azalacaq. Bu zaman Avrozonada azalma 7 faiz, ABŞ-da 5,6 faiz, Böyük Britaniyada isə 6,3 faiz təşkil edəcək. Bu, 2009-cu ildəki böhran dövründə qeydə alınan azalmadan iki dəfə daha böyükdür. Pul ifadəsində qlobal ÜDM 2019-cu il səviyyəsindən 2,8 trilyon dollar az olacaq.

Fitch ekspertləri bildirirlər ki, dünyanın heç bir regionu, heç bir ölkəsi pandemiyanın mənfi təsirlərindən kənarda qala bilməyəcək.
Daha yüksək İqtisadi azalmaya məruz qalacaq ölkələr arasında Meksika, Braziliya, Cənubi Afrika Respublikası və Türkiyə öndə gələcək.
Maraqlıdır ki, koronavirusun “vətəni” olan Çində az da olsa ÜDM artımı proqnozlaşdırılır – 1 faiz. Eyni həcmdə artım Hindistanda da olacaq.
Fitch həmçinin şimal qonşumuz olan Rusiya iqtisadiyyatına dair proqnozlarını da dəyişib. Agentlik hesab edir ki, koronavirus pandemiyasına qarşı həyata keçirilən məhdudlaşdırıcı tədbirlər nəticəsində bu ilin yekununda Rusiya iqtisadiyyatı 3,3 faiz kiçiləcək. Aprelin 2-də açıqlanan əvvəlki hesabatda isə bu rəqəm 1,4 faiz hesablanmışdı. Fitch hesab edir ki, neftin kəskin ucuzlaşması, ölkədən kapital axınının güclənməsi, həmçinin inkişaf etmiş ölkələrə nisbətən siyasi elastikliyin məhdud səviyyəsi pandemiyaya qarşı tədbirlərin mənfi təsirlərini daha da gücləndirir.
Tarix: 22-04-2020, 20:52
Xəbəri paylaş



Xəbər lenti