Saxta “başkəsmə” videoları - düşmənin məqsədi odur ki...

Ərəstun Oruclu: “Həmin videoların saxta olduğunu, məqsədli hazırlandığını və onları yayanların Azərbaycan Ordusunun vuran əli olan...”

Sosial mediada, xüsusən Teleqram kanallarında Azərbaycan hərbçiləri ilə bağlı bəzi paylaşımlar ciddi rezonans doğurub. Təqdim olunan videolarda baş, qulaq kəsmə və s. işgəncə səhnələri əks olunub. Azərbaycan Ordusunu nüfuzdan salmağa hesablanmış bu cür saxta videolar necə hazırlanır? Bu cür videolar nəyə xidmət edir?
44 günlük Vətən müharibəsi dönəmində ermənilərin təxribat videoları bir-birini əvəzləyirdi. “Azərbaycan Ordusunun təminatında problemlər var, əsgərlər məcbur olub ölmüş ermənilərin formasını geyinirlər”, “Azərbaycanlılar əsirlərimizə işgəncə verirlər” və s. bu kimi dezinformasiyalar yayırdılar.
Müharibənin qızğın getdiyi günlərdə Azərbaycanın Müdafiə Nazirliyi rəsmi şəkildə belə xəbərləri təkzib edən xəbərlər yaymışdı.
Müharibə günlərində iş o yerə çatmışdı ki, yalanlarına özləri də inanırdı. Ermənistan silahlı qüvvələri Şuşan Stepanyanın ağzı ilə danışırdı. O da erməni “yalan maşın”ın uydurmalarına dözməyib müharibənin sonlarına yaxın istefa vermək məcburiyyətində qaldı.
Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin sabiq rəisi, general-leytenant Movses Hakopyanın dedikləri isə yalanların hansı səviyyədə olduğunu ortaya qoyurdu.
1,500 servicemen of Armenian Armed Forces were deserted - Movses Hakobyan
Movses Hakopyan
Sitat: “İstənilən dövlətin silahlı qüvvələrində informasiya mərkəzi var ki, onun qarşısına qoyulan tapşırıqlardan biri düşməni yanıltmaqdır. Yəni yalan məlumat, dezinformasiya yaymaqdır. Fəqət, belə prinsip var: 30 faiz dezinformasiya, yerdə qalanı həqiqət. Amma müharibə günlərində bizim Müdafiə Nazirliyinin yaydığı informasiyaların 100 faizindən də çoxu yalan idi”.
Buna baxmayaraq, erməni “yalan maşın” dayanmayıb,  sosial şəbəkələrdə, teleqram kanallarda “Şuşa bizdədir, bu da foto” tipli dezinformasiyalar bu gün də dönə-dönə dövr etdirilir. Eyni zamanda Azərbaycan əsgərini, Azərbaycan insanını dünyaya ən pis tərəfdən tanıtmaq üçün hər cür saxtakarlıq edir, qulaq, başkəsmə videoları yayıb azərbaycanlıların ermənilərə qarşı cinayətləri kimi təqdim edirlər.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu özünün facebook divarında bu mövzuda fikirlərini yazıb. Qeyd edir ki, belə paylaşımlar ordumuza qarşı nəzərdə tutulan və bəlkə də artıq planlaşdırılmış məkrli əməllərə söykənir.
“Söhbət ”Tərtər işi" adı ilə bəlli olan ağır dövləti cinayətdən gedir. Məhz həmin döyüşlərdən bir müddət sonra Azərbaycan Ordusunun Tərtər qarnizonunun hərbçilərinə qarşı Azərbaycan Hərbi Prokurorluğu tərəfindən erməni kəşfiyyatına işləmək saxta ittihamı ilə cinayət işi açılmışdı və “istintaq” zamanı hərbçilərimizə qarşı total qeyri-insani işgəncələr tətbiq olunmuşdu" - yazan Ərəstun Oruclu qeyd edir ki, o dövrdə bu cinayətkar əməllərin arxasında Rusiya xüsusi xidmət orqanları dayanıb.
Sitat: "Azərbaycan Ordusunun parlaq qələbəsi bizi və dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də dərindən məyus edib. Diqqətimi çəkmiş və şərh bölümündə paylaşdığım rusiyalı ekspertlərin iştirakı ilə müzakirəyə 20-ci dəqiqədən başlayaraq siz də baxa bilərsiniz. Digər diqqətçəkən bir məqam isə 10 noyabr üçtərəfli bəyanatının ardınca elan olunan atəşkəsdən bir müddət sonra Azərbaycan əsgərlərinin guya baş kəsməsi ilə bağlı yayılan çoxsaylı videolardır. Həmin videolar ki, orada ermənilərin başını kəsənlər kimi əsasən məhz xüsusi təyinatlılarımız əks olunub. Şəxsən mən həmin videoların saxta olduğunu, məqsədli hazırlandığını və onları yayanların Azərbaycan ordusunun vuran əli olan XTQ-yə qarşı “Tərtər işi” tipli təxribata hazırlıq məqsədi güddüyünə əminəm. Bunu təsadüfən demirəm, müraciət etdiyim mütəxəssislər də həmin videoların saxtalığı ehtimalının yüksək olduğunu iddia edirlər. Düşünürəm ki, ölkəmizin dövlət orqanlarının, xüsusilə də DTX və Dövlət Mühafizə Xidmətinin bunu araşdırmaq üçün yetərincə yüksək səviyyəli mütəxəssisləri var və həmin qurumlar da bunu edəcəklər. Çünki söhbət təkcə Azərbaycanın və onun müzəffər Ordusunun imicindən yox, ölkənin milli təhlükəsizliyindən gedir".
ABŞ-da yaşayan politoloq Ərəstun Oruclu:
Ərəstun Oruclu
Ərəstun Oruclu yazır ki, söhbət daxili düşmənlərin əli ilə ordumuza, xüsusilə də onun vuran əli olan XTQ-yə qarşı hazırlanmış cinayətə zəmin yaratmaq üçün ictimai rəyi manipulyasiyadan gedir: “Söhbət Azərbaycanın qalib ordusunu dünyaya başkəsən cinayətkar dəstə kimi təqdim etmək cəhdindən gedir. Bunun qarşısını var gücümüzlə almalıyıq. Etik səbəblərdən və düşmənin mərkli planlarına dəstək olmamaq üçün həmin videoların heç birini paylaşmıram, amma müraciət etdiyim mütəxəssislərlə birlikdə gəldiyimiz ümumi rəyi əks etdirən bir neçə məqamı sizlərlə bölüşməyi zəruri hesab edirəm. Ümumi qənaətlərdən biri belədir ki, telefona çəkildiyi iddia edilən həmin videolardakı səslər sonradan studiya şəraitində xüsusi səsyazma texnikası vasitəsilə əlavə olunub. Bu səbəbdən də orada yer almalı olan kənar səslər (küylər) yoxdur. Telefon çəkilişi zamanı isə onlar mütləq olmalıdır. Gəldiyimiz digər bir qənaət: məhz XTQ hərbçilərinin kamera qarşısında belə rahatlıqla qətl törətməsi və sonradan onun videogörüntülərini yayması ağlasığmaz görünür. Xüsusi təyinatlıların nə statusu, nə də mənəvi-psixoloji hazırlığı bunu etməyə heç bir əsas vermir. Üçüncü məqam isə videoların yayılma vaxtı ilə bağlıdır. Bu gün əldə olunmuş 10 noyabr anlaşması ilə bağlı cəmiyyətdə müəyyən fikir müxtəlifliyi səbəbindən gedən diskussiyalar fonunda belə materialların yayılması ən yüksək effekt verə bilər. Başqa sözlərlə, vaxt da ideal seçilib. Nəhayət, araşdırmalar göstərir ki, həmin videoların mütləq əksəriyyətinin əsas mənbəyi müəmmalı Telegram-kanallardır. Bir neçə eyni tipli videoların eyni kanalların ”əlinə düşməsi" təbii ki, suallar doğurmaya bilməz. Beləliklə, bu gün hamılıqla, var gücümüzlə ordumuzun yanında olmalı, onu düşmən təxribatlarından qorumalı, düşmənə gücümüzü göstərməliyik. Bunları etməsək, onun (düşmənin) iyrənc əməlləri təkcə davam etməyəcək, həm də ordumuzu, cəmiyyətimizi tam məhv edəcək. Elə öz içimizdəkı satqınların və xainlərin əli ilə".

Yeni Musavat

Tarix: 11-12-2020, 10:19
Xəbəri paylaş



Xəbər lenti