Tərtərdə 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib


Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə   Dövlət Rəmzləri Muzeyində 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib.

 

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, Ağsaqqallar Şurasının sədrləri, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbir iştirakçıları muzeydə Azərbaycanda xanlıqlar dövrünün xəritəsi, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövründə qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar ilə tanış olublar.

 

Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsis edilib. Qeyd edib ki, bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa edib. Əldə edilmiş zəfərlər fonunda Azərbaycan xalqı Dövlət Bayrağı Gününü tamam başqa əhvali-ruhiyyədə, böyük sevinc və qürurla qeyd edir.

 

Qeyd olunub ki, bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Üçrəngli bayrağımız müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyidir.

 

Sonda Uşaq Gənclər İnkişaf Mərkəzinin rəqs dərnəyinin üzvləri Dövlət Bayrağı Gününə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.


 

Tarix: 9-11-2025, 08:57
Xəbəri paylaş



Xəbər lenti