Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhuna ehtiram olaraq Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və qazilər üçün ehsan süfrəsi təşkil olunub.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq- mühafizə orqanlarının rəhbərləri, Qarabağ Regional Memarlıq və Şəhərsalma baş idarəsinin rəisi Qədir Babayev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları, din xadimləri, şəhid ailələri və qazilər iştirak edib.
Öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edilib, Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, Vətən uğrunda canlarını qurban verən həmyerlilərimizdən söhbət açıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. 19 sentyabr 2023-cü il tarixdə isə ordumuz işğaldan azad edilmiş ərazilərdə lokal xarakterli antiterror əməliyyatları keçirdi, suverenliyimiz tam bərpa olundu.
Rayon rəhbəri çıxışında dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Bilıdirib ki, Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Tərtər rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.
Sonra Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev, şəhid Mirzəli Rəşadın anası Afidə Mirzəyeva, rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov çıxış ediblər.
Sonda Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi hərbi hissələrdə əsgərlər tərəfindən şəhid ailələrinə yazılmış səmimi dəstək məktublarını şəhid ailələrinin üzvlərinə təqdim etdi, həmçinin 44 günlük Vətən Müharibəsi zamanı Tərtər rayonuna həsr olunmuş tarixi-sənədli film nümayiş olundu.