Vasif Talıbovun oğlu satdığı oteli yenidən aldı - 8.6 milyona (FOTO)

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov Gürcüstandakı lüks oteli yenidən satın alıb.
Sözügedən otel 2023-cü ildə, atasının istefası fonunda satılmışdı.
Həmin vaxt Vasif Talıbov təxminən 30 illik rəhbərlikdən sonra postunu tərk etmiş, Rza Talıbov isə Batumidəki “Divan Suites” adlı otelini satışa çıxarmışdı. İndi isə, iki ildən artıq müddətdən sonra, o, obyekti geri alıb. Bu barədə Jurnalistlərin Korrupsiya və Cinayət Araşdırmaları Layihəsi (OCCRP) məlumat yayıb.
Məlumata görə, R. Talıbov cari ilin mayında otelin geri alınması üçün 8,6 milyon dollar ödəməyə razılaşıb. Bu fakt müvafiq səhm alqı-satqı sənədlərində də əksini tapıb.
OCCRP yazır ki, hazırda 43 yaşlı Rza Talıbov Bakıda yüksək vəzifəli miqrasiya rəsmisi kimi fəaliyyət göstərir. Araşdırmalarda onun Gürcüstan sahilində daşınmaz əmlak portfelini böyütdüyü də üzə çıxarılıb.
Rza Talıbov jurnalistlərin suallarına cavabında bildirib ki, həm otel, həm də sahilyanı mülklər Azərbaycan və Gürcüstan banklarından götürülmüş kreditlər hesabına maliyyələşdirilib. Onun sözlərinə görə, obyektin iki il əvvəl satılması və sonradan geri alınması “aktivlərin müxtəlif investisiya istiqamətlərinə yönəldilməsi” strategiyası çərçivəsində olub.
Hazırda otel “London 1889” adı altında fəaliyyət göstərir.


Tarix: 25-09-2025, 08:39
Xəbəri paylaş



Xəbər lenti