
Vətən müharibəsi zamanı ermənilərin Gəncəni raketlərlə vurması nəticəsində insanlar həlak oldu, yaralandı.
Vətəndaşların əmlakına ciddi ziyan dəydi. Dövlətimiz hər dəfə olduğu kimi vətəndaşının yanında olsa da bəzi məmurların yarıtmaz, məsuliyyətsiz əməlləri nəticəsində zərərçəkmiş gəncəlilərin bir qismi hələ də dərdinə əlac tapa bilmir.
Müəyyən adamlar var ki layihədə göstərilənləri əməl etmir, büdcədən ayrılmış pulları mənimsəyir, dövlətə ciddi ziyan vururlar.
Düşmən hücumundan zədə almış binaları əsaslı təmir etmək əvəzinə ora-burasını yamayıb xalqı da, dövləti də aldadırlar.
Bu barədə Gəncə sakini, məlum hadisə zamanı faciənin mərkəzində olmuş, əmlakını itirmiş Kazımova Solmaz xanım da var. Kazımova Solmaz xanım deyir ki, sözdə evinin guya düzəldiblər.
Amma əslində əsaslı heç nə olunmayıb. Yoxlama aparılsa, obyektiv araşdırma aparılsa, hər şey məlum olar. Mülkiyyət sənədini, evin layihə sənədini almaq müşkülə çevrilib. Çünki bu layihə sənədində dövlətə hesabatda şişirdilmiş rəqəmlər yazılır. Ona görə o rəqəmləri zərərçəkənlərə göstərmək istəmirlər. 2020-ci ildə evləri dağıdılmış digər sakinlər də eyni problemlə üzləşiblər.
Problemi yaradan isə Respublika Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətovdur. Vətəndaşlar onun qəbulunda olublar. Sakinlərə söz verib, amma əməl etmir. Göndərdiyi işçilər ünvana gəlməyib geri dönürlər. Hər addımda sadə insanlar aldadılır.
Smetalarda rəqəmlər, qiymətləri şişirdib dövlət büdcəsindən külli miqdarda pul mənimsəyirlər. Hətta evi dağılmamış adamın adına da layihə tərtib edib 500 min manat pul siliblər.
Şikayətçilər deyir ki, bu pulları Namiq Hümmətov Türkiyədəki inşaat biznesinə sərmayə olaraq yatırıb gəlirini artırır. Orada kommersiya obyektlərinə, villalara sahib olub. Namiq müəllimin əlinin altındakı Vasif, Əli, Ramin adlı işçilər də özbaşınalıq edir, özlərini qoçu kimi aparırlar.
Bu məmurlar iqtisadiyyat naziri Mikayıl Cabbarovu da bilərəkdən səhv məlumatlandırırlar. Guya hər şey düzəlib, pullar Kapitalbanka köçürülüb. Amma sakinlərdən bir neçəsi ilə vəsaitin köçürülüb-köçürülmədiyini öyrəndik. Hesabda bir qəpik də yox idi. Ev təmirinə lazım olandan çox pul xərcləndiyi yazılır, amma cüzi məbləğ sərf olunub.
Bu qədər abırsızcasına oyunlar aparıb gözüyaşlı adamların faciələri üzərindən pul qazanırlar. Sonda bir hadisəni də ürək ağrısı ilə qeyd edim... Türkiyədə on minlərlə insanın həlak olmasına səbəb olmuş, bir neçə şəhəri yerlə-yeksan etmiş zəlzələdə həyatını itirmiş azərbaycanlı tələbələrdən biri Solmaz xanımın nəvəsi Şahin Veliyev olub.
O həmin ərəfədə Gəncəyə gəlməliymiş. Ancaq gələ bilməyib. Çünki erməni hücumundan zərər çəkmiş evləri bərbad vəziyyətdə olub. Evi təmir etməli olan qurumlar göz aldadıb əsaslı nəsə etməyiblər. Ev yaşamaq üçün yararsız halda olub. Vaxtında hazır olsaydı, bəlkə mərhum tələbə indi həyatda olardı...

Müəllif: Sima Babayeva ,
Neqativ.com
Tarix: Bu gün, 16:30