
Bir dəqiqəlik anımda Arzu Qeybullayeva qıçlarını aralayaraq foto çəkib paylaşıb, Avropa Jurnalistlər Federasiyası Azlogos platformasını onu hədəfə almaqda ittiham edib
Sentyabrın 27-dən bəri yeni “müxalif səngər” qazılıb - “No var”, yəni “Müharibəyə yox” deyən ayrı-ayrı ideoloji baxışları olan gənclər birləşiblər. Onların açıq fikri bu idi ki, müharibə etməyək, qan tökülməsin, torpaqlar işğalda qalsa da olar.Bəziləri isə müharibənin başlanmasını hakimiyyətin ömrünü uzatmaq planı kimi qiymətləndirirdi. Müharibə bitib, qələbə qazanmışıq, Qarabağ azad edilib, lakin “No var”çılar susmurlar. Onlardan ən fəalı olan jurnalist Arzu Qeybullayevadır ki, sonuncu dəfə yersiz hərəkəti ilə böyük ictimai qınaqla üzləşib.
O, şəhidlərin bir dəqiqəlik sükutla saat 12:00-da anıldığı an ayaqlarını aralayaraq foto çəkdirib, həmin dəqiqə paylaşıb, qeyri-adekvat, tərbiyəsiz hərəkəti ilə xalqa, şəhidlərə hörmətsizlik nümayiş etdirib.Onun bu davranışı əksəriyyət tərəfindən qınanıb. Yeri gəlmişkən, A.Qeybullayeva bir müddət ermənilərin “Aqos” qəzetində çalışıb. Bu prosesdə isə ona və bütövlükdə “No var”çılara qarşı ilk gündən mübarizə aparan, fikir meydanı açan platforma Avropada fəaliyyət göstərən AzLogos.eu saytı və onun baş redaktoru Ələkbər Əliyevdir.
Ələkbər ƏliyevƏ.Əliyevin A.Qeybullayevanın bu hərəkətinə cavab olaraq yazdığı son məqalə böyük səs-küy salıb, mübahisələrə yol açıb.İş o yerə çatıb ki, Avropa Jurnalistlər Federasiyası (EFJ) adlı qurum “EFJ jurnalist Arzu Qeybullanı hədəf alan təqib kampaniyasını qınayır” adlı bəyanatla çıxış edib.
Arzu QeybullayevaSaytın bu bəyanata cavab olaraq yaydığı geniş açıqlamada deyilir ki, Arzu Qeybullayevaya qarşı AzLogos platformasında heç bir qısnama kampaniyası aparılmayıb: “Arzu Qeybullayeva ölkəmiz üçün kritik və ağır günlərdə dövlətimizə və xalqımıza böhtan atıb, erməni həmkarları ilə çıxdığı efirlərdə klassik kollaborasionist mövqe sərgiləyib, banal yalanlar danışıb və düşük davranışına görə də tənqid olunub.
Onun şəhidlərimiz üçün anım saatı olan 12.00-da qılçalarını aralayaraq çəkdirdiyi fotosu hər kəsə açıq olan Instagram hesabından götürülüb, haradan götürüldüyü qeyd olunub, dolayısı ilə privat həyatına müdaxilə olunmayıb. Hansısa trolların, sosial şəbəkə istifadəçilərinin, botların, friklərin, ev xanımlarının, qəzəbli kişilərin Arzu Qeybullayevanın “inbox”una yaxud profilinə yazdığı şərhlərə, söyüşlərə, ona göndərilən hədə və ola bilsin «dickpic»lərə görə AzLogos heç bir məsuliyyət daşımır. Və hesab edir ki, bütün bunlar Arzu Qeybullayevanın bu həyatda şəxsi tragediyası və ekzistensiya problemləridir. EFJ adlı qurum bu problemləri qloballaşdırmaq, Arzu Qeybullayevanı qanadının altına almaq istəyirsə, özü bilər. Amma bilib-bilmədən bizim platformanın adını anması, bəyanat yayması, platformanın redaktorlarından yazıçı və publisist Ələkbər Əliyevin adını hallandırması, onu hədəf göstərməsinin özü qeyri-peşəkarlıq, əbləhlik və avropalı lotuluğudur. Tövsiyə edirik ki, həddinizi biləsiniz".
Bundan sonra sözügedən saytı nə gözləyir, A.Qeybullayeva və “No var” kampaniyası kimlərin maraqlarına xidmət edir?
Bu projedirmi, yoxsa fərdlərin müstəqil aksiyasıdır? Qərbinedia təşkilatı nə üçün jurnalistin qeyri-etik hərəkətini pisləmir, amma tənqid edənlərə görə ona qahmar çıxır?
Tural AbbaslıŞəhid qardaşı, AĞ Partiyanın başqanı Tural Abbaslının “Yeni Müsavat”a bildirdiyinə görə, “No var” deyənlər vətən, torpaq heysiyyəti bilməyənlərdir. Onun fikrincə, torpağı işğalda qalanda “No var” söyləmək xəyanətdir: “Arzu kimilər yüzlərlə blogerdən biridir. Axı o kimdir, niyə şişirdirlər ki, sonra Qərb təşkilatlarından notalar, bəyanatlar görək? Əgər onun fotosu yayımlanmasaydı, heç kim müzakirə etməzdi. Həmin foto yayılana qədər o xanımı heç tanımırdım. Belələrini görməzlikdən gəlmək lazımdır, şişirdib cəmiyyətsə hansısa status verməyə dəyməz. Çünki bu adamların çörəyi belə işlərdən çıxır”.
T.Abbaslı hesab edir ki, A.Qeybullayeva və digərlərinin heç bir ictimai-siyasi çəkisi yoxdur, kütlələr tərəfindən tanınmırlar: “Cəmiyyətə bir təsiri olmayanları böyüdürük, sonra Avropa onları qarşımıza ”fədakar" kimi çıxarır. Ümumiyyətlə, bir çox beynəlxalq korporasiyalar var. Onlar 5 milyard qazanmaq üçün belə adamlara 3-5 milyon xərcləməkdə, “sülh göyərçini” yaratmaqda probem görmürlər. Həmin adamlar niyə ABŞ ordusu İraqa soxulanda “No var” demir, Fransaya Liviyaya girəndə soruşmur ki, orada nə işin var? Nə oldu, “No var” ancaq bizə çatanda olur? Odur ki, bu məsələləri qabartmasaq, bu cür “ideologiya dəllalları”nı cəmiyyət tanımayacaq. Mən təklif edərdim ki, Tağı Əhmədov kimi milyonlar yığmış, sərvəti olanlar evinin birini satsın, üç il qrantla belələrini saxlasın".
Turan İbrahimovMedia mütəxəssisi Turan İbrahimovun fikrincə, “No var”çıların dünyagörüşünə bir şərtlə hörmət etmək olardı: “Onların şəxsi fikirləri başqalarını təhqir etməsin. Amma bizim ”No var"çılar özlərini bir mərkəzdən idarə olunmuş kimi aparırlar. Buna əmin olmasam da, müşahidələrim belə deməyə əsas verir. Çünki cəmiyyətdə formalaşan monolit modelini dəyişməyə çalışırlar".
T.İbrahimov deyir ki, onların bəziləri ilə ünsiyyət olub: “Onları anlamağa çalışmışam. Bəzilərində bu mövqe ideoloji baxışdan irəli gəlir, amma bəziləri hiss olunur ki, mühitə düşüb, uyğunlaşmağa çalışırlar. Ona görə bu tarixi günləri xəyal edən bir azərbaycalı kimi onların düşüncələrini qıcıqla qarşılayıram, hörmətsizlik hesab edirəm. Əslində bunun xəyanət olub-olmadığını da araşdırmaq lazımdır. Əgər bir mərkəzə bağlıdırlarsa, təbii ki, bunu dəqiqləşdirmək xüsusi orqanın işidi, mənəvi nöqteyi-nəzərdən onların dəyərlər sistemi olsa da, ümumi çoxluğun əsəblərini tapdalayırlarsa, həm də mənəvi xəyanətdir”.
Emil SALAMOĞLU
Tarix: 11-12-2020, 10:33