
“Türkiyənin siyasi həyatı qaynayır. Bir tərəfdən büdcə müzakirələri, müxalifət partiyalarının büdcə ilə bağlı saysız-hesabsız təklifləri, sivil toplumun əməkçi hüquqları və minimum əmək haqqının artırılması ilə əlaqəli əsaslandırılmış analizləri. O biri tərəfdən isə korona ilə mübarizə tədbirlərindəki axsaqlıqlar, ölkəyə təcili olaraq vaksinlərin gətirilməsindəki sıxıntılar, ölkənin təzədən ən azı 28 gün qapadılması ilə bağlı müzakirələr. Siyasi həyat qaynar olanda işləmək, yaşamaq də maraqlı olur”.
Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Rövşən Ağayev deyib.
R.Ağayevin sözlərinə görə, belə qaynar müzakirələr siyasi şou göstərmək baxımından maraqlı deyil: “Bu şəraitdə cəmiyyətin mənafeləri eninə-boyuna masaya yatırılır. Bütün çıxışlarda cəmiyyətin problemləri var. Bizdə isə korona ölkəni çökdürür, daşdan səs çıxır, hökumətdən çıxmır. Büdcədən də hələ səs-səmir yoxdur... Yeri düşmüşkən deyim ki, son 15 ildə Türkiyə iqtisadiyyatı indiki qədər ciddi çağırışlarla üzləşməyib. Ölkənin tədiyyə balansının defisiti ən yükək həddə çatıb - 9 ayın nəticəsinə görə 42 mlrd. USD”.
Tarix: 8-12-2020, 11:05