“Odur ki, hər şeyə təmkinlə yanaşmalıyıq. Və məndə tam əminlik var ki, Azərbaycanın, Qarabağın gələcəyi çox gözəl görünür...”
Keçmiş Laçın alayının qərargah rəisi, istefada olan mayor Rafiq Nağıyev Moderator.az əməkdaşının “1988-1990-cı illərdə bir laçınlı və sonradan döyüşçü zabit olaraq o dövrdə də sülh yaratmaq adı ilə Laçında və digər Qarabağ ərazilərində yerləşdirilmiş Rusiya hərbçiləri ilə dəfələrlə ünsiyyətdə olmusuz. Bu mənada hazırkı Rusiya sülhməramlılarının gəlişinin Azərbaycanın gələcəyi üçün müsbət və mənfi məqamlarını necə dəyərləndirirsiniz?” sualına cavabında belə deyib:
“Bilirsiz, əlbəttə, o dövrlə indiki dövr arasında Azərbaycanın xeyrinə olan kifayət qədər fərqlər var... Rusiya sülhməramlılarının Laçında olması həm də Azərbaycanın dünyaya, o cümlədən Ermənistanı dəstəkləyən güclərə deməsidir ki, biz BMT-nin nizamnaməsinə, qətnamələrinə, konvensiyalarına uyğun işləyirik, dinc yanaşı yaşayışı təmin etməyə çalışırıq və s.

Bütün dünyada sülhməramlılılıq missiyası əsasən BMT-nin mandatı əsasənda həyata keçirilir. Bu halda BMT saya salınmadı....Ancaq buna rəğmən Rusiya hərbçiləri Qarabağda elə bir balans, elə bir görkəm yaradırlar ki, BMT-nin bütün qayda-qanunlarının icra olunduğu təsəvvürü canlanır. Yəni BMT, digər beynəlxalq təşkilat, eləcə də ABŞ, Britaniya, Almaniya kimi böyük dövlətlər rusların Qarabağda onların maraqlarına zidd qanunsuz bir iş gördüklərini bilsələr, dərhal müdaxilə edə bilərlər. Bundan əlavə, atəşkəsə nəzarətlə bağlı monitorinq qrupuna Türkiyə hərbçiləri də daxil edilir. Özü də ruslarla eyni sayda... Bildiyimiz kimi, Türkiyə də NATO-nun üzvüdür...
Artıq dünəndən xəbər çıxıb ki, Türkiyənin yeni, daha müasir müşahidə PUA-ları da Azərbaycana daxil olub və həmin texnikalar Qarabağ ərazisini ən yüksək səviyyədə nəzarətdə saxlayacaq. Bu PUA-lar yerdəki nəinki hərbi və mülki avtomobillərin, digər texnikaların hansı ölkəyə, qüvvəyə mənsubluğunu, eyni zamanda ərazidə, dağda, düzdə, meşədə və s. hərəkət edən hər bir insanın sifət cizgiləri əsasında şəxsiyyətini, kimliyini, vətəndaşlığını da qısa müddətdə müəyyən edir. Yəni burada Rusiya hərbçiləri, yaxud ermənilər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edəcək hansısa qanunsuz davranışa, təxribata-filana yol verə bilməyəcəklər. Ən azı, müasir texnologiyalarımız da buna imkan verməyəcək... Hələ bizim bilmədiyimiz bir sıra məsələlər var... Odur ki, hər şeyə təmkinlə yanaşmalıyıq... Və məndə tam əminlik var ki, hər çey yaxşı olacaq və Azərbaycanın, Qarabağın gələcəyi çox gözəl görünür...”
Sultan Laçın
Tarix: 3-12-2020, 12:33