
Rusiya sülhməramlı qüvvələri Azərbaycana daxil olandan sonra baş verənlər cəmiyyətdə müəyyən narahatlıqlar yaradıb. Bununla bağlı Moderator.az son hadisələr haqqında konfliktoloq Elxan Mehdiyevin fikirlərini öyrənib.
-Elxan bəy Rusiya sülh məramlı qüvvələrinin Qarabağa gəlməsinə necə baxırsınız? Rusiyanın Qarabağa girməsi heç kimi sevindirməyib. Rusiya erməni ordusunun son bölmələrinin Azərbaycan ordusu tərəfindən məhv edilməsinin an məsələsi olduğunu görüb həmən humanitar ad altında Qarabağa girib. Demək burada ciddi məsələlər olub ki, bizim Prezidentimiz bu işə razılıq verib. Mən indi bu haqda danışmaq istəmirəm. Amma biz Rusiyanı tanıdığımız üçün hər cür şübhələrə də əsasımız var. Onları sadalamağa ehtiyac yoxdur, çünki hər bir azərbaycanlı bu haqda bilir. Ümidverici odur ki, indi Azərbaycan da o zamanın Azərbaycanı deyil. Ordumuz bizi daha da güclü etmişdir. Və bu məsələnin içində Türkiyə var. Rusiyanın burada sərbəst və ya özbaşına hərəkət etməməsi üçün Türkiyə də öz növbəsində hər şeyi edəcək.
-Sizcə indiki dönəmdə Azərbaycan nə etməlidir? Azərbaycan erməni ordusunu darmadağın edib və erməni tərəfinin kapitulyasiya sənədinə imza atmasıyla Azərbaycan müharibəni dayandırıb. Biz indi onların qalan torpaqları təslim etməsini gözləyirik. Lakin müharibə sonrakı dövrün də öz qanunları var. İndi bizim qarşımızda müharibə-sonrası işlər var və Azərbaycan bu işləri görməlidir. Əgər bu işlər görülməsə, o zaman bunu Rusiya və ya ermənilər özləri görəcək və bölgəyə onlar nəzarət edəcəklər. İndi Azərbaycan Qarabağda ermənilərin əlində olan ərazilərə də nüfuz etməli və bu ərazilərə və əhaliyə sahib çıxmalıdır. Biz kənardan Rusiyanın və ermənilərin işlərinə tamaşa etsək, o zaman bu ərazilərdə rus qüvvələrinin himayəsində yenə bir Dağlıq Qarabağ erməni idarəçiliyi olacaq və bizi kənarda tutmağa başlayacaqlar. Biz təşəbbüsü əldən verməməliyik. Xüsusən də indki vaxtda. Çünki biz qalib gəlmişik və düşmən hələ özünə gəlməyib.
-Amma Rusiyadan sülhməramlılarını roluna uyğun olmayan səslər gəlir....Baxın artıq bizdən öncə Rusiya hərəkətə keçib. Onların bu cür işlərdə bizdən çox təcrübəsi var. Və onların artıq bölgə ilə bağlı vizyonları var. Və tez hərəkətə keçməklə təşəbbüsü ələ almaq istəyirlər. Prezident Putinin bu gün imzaladağı Humanitar Reaksiya Mərkəzi nə deməkdir? Faktiki olaraq ruslar ermənilərin əlində olan ərazilərdə və ya Xankəndində mülki idarəçilik forması yaratmaq istəyirlər. Bu fərman 10 Noyabrda imzalanmış bəyənatın müddəlarına ziddir və Rusiyaya belə mandat verilməmişdir. Rusiyanın bu cür mərkəz qurmasına kim izn verib? Belə çıxır ki, Rusiya burada özünün mərkəzini və ya mülki idarəetmə orqanını qurur və Qarabağda infrastruktur işlərindən tutmuş humanitar məqsədlər və Azəərbaycan və Ermənistan arasında qarşılıqlı əlaqəyə kömək edən mülki strukturlar qurur. Qarabağda Azərbaycanla Ermənistanın nə qarşılıqlı əlaqəsi olmalıdır ki? Və bu Xankəndidə niyə qurulmalıdır? Ən əsası bu razılaşdırılmış sülhməralı qüvvələrin mandatına uyğun deyil axı..
Hər gün Rusiya xarici işlər nazirliyi Qarabağla bağlı onlarla münasibət bildirir. Bizim XİN –dən hələ heç bir münasibət görməmişik. Mən hesab edirəm ki, Azərbaycan höküməti tezliklə bu fərmana öz münasibətini bildirməlidir. Azərbaycan Prezidenti bu cür müddəalara imza atmamışdır.
Rusiya burada artıq işğal rejimi kimi strukturlar qurur. Bunu ABŞ Əfqanıstan və İraqda edirdi. İşğal edən ölkə müharibə sonrası bölgənin və ya ölkənin sosial, iqtisadi və humanitar məsələlərini həll etmək üçün bu cür mülki hakimiyyət strukturları qurur. Bu qəbuledilməzdir.
Azərbaycan dövləti bütün bu addımlara indidən, hələ onlar işə başlamazdan öncə sərt reaksiya verməlidir. Yoxsa biz döyüş meydanında əldə etdiyimiz bu qələbəni sahədə və ya masada itirə bilərik. Rusiya erməniləri xilas etmək üçün buna çalışır.
Tarix: 14-11-2020, 14:50