Ermənistanın işğalçı hakimiyyəti hələ də öz əsgərlərini və könüllüləri Azərbaycan torpaqlarında qırdırmaqda davam edir. İşğalçı öz məğlubiyyətini yerli xalqın çiyinlərinə yükləməyə çalışır. Lakin bunu görən Azərbaycan hakimiyyəti yenə də öz humanizmini bir daha nümayiş etdirdi. Xəbər verildiyi kimi, Azərbaycanın Hərbi Komandanlığı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilən əsgər və könüllülərə müraciət edib.Hərbi Komandanlıq onlara silahı yerə qoymağı və təslim olmağı təklif edib. Komandanlıqdan bildirilib ki, təslim olacaqları təqdirdə, beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsirlərin, mülki şəxslərin bütün hüquqları qorunacaq və üçüncü dövlətlərə keçmək istəyən şəxslərə beynəlxalq təşkilatlar vasitəsilə lazımi şərait yaradılacaq.
Bu bir daha dünyaya Azərbaycanın humanist mövqeyini, aldadılmış erməni əsgər və könüllülərinə Paşinyan rejimindən daha ədalətli davrandığını nümayiş etdirdi.Məsələyə münasibət bildirən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında deyib ki, Laçın dəhlizi tam nəzarətə götürüldükdən və buradan gələn bütün yardımların qarşısı kəsildikdən sonra Ermənistan ordusu təslim olacaq: “Əməliyyatlar hazırda aktiv fazaya keçib. Hazırda Laçın dəhlizi istiqamətində döyüşlər gedir.
Bu dəhliz Azərbaycan ordusu tərəfindən nəzarətə götürüldükdən sonra Ermənistan ordusu Ağdam, Ağdərə istiqamətində mühasirəyə düşmüş olacaq. Azərbaycan Hərbi Komandanlığının Ermənistan ordusuna təslim olma təklifi humanist bir addımdır. Hesab edirəm ki, bununla da Azərbaycan öz hədəflərinə tezliklə çata biləcək.
Artıq Qarabağdakı ermənilərin də Ermənistan hakimiyyətinin qeyri- konstruktiv mövqeyinə qarşı bir nifrət formalaşıb. Ermənilər görür ki, Azərbaycan tərəfi onlara humanitar təkliflər edərkən, Ermənistan hakimiyyəti həmin erməniləri birbaşa ölümə göndərir. Hesab edirəm ki, Azərbaycan ordusu Laçın dəhlizini ələ keçirdikdən sonra ermənilər təklif olunan kapitulyasiyaya razı olmasalar da Qarabağda döyüş aparmaq üçün nə gücləri, nə də əsasları qalmayacaq. Çünki mühasirəyə düşəcəklər və onlara heç bir yardım gələ bilməyəcək. Çünki Ermənistandan Qarabağa gedən 3 yola da Azərbaycan ordusu nəzarət edir.
Laçın dəhlizi isə sonuncu həmlədir. Ermənistanın hava yolu olaraq Xocalı aeraportu ilə də heç bir əlaqəsi yoxdur. Hava məkanına da Azərbaycan ordusu nəzarət edir. Əgər mühasirəyə düşdükdən sonra Ermənistan silahlıları təslim olmazlarsa, bu onların məhvinə səbəb olacaq.
Nikol Paşinyan xalqı qırğına verdirməklə məsulliyyəti boynundan atmaq üçün ermənilərdə “döyüşə bilmədiniz” kimi fikirlər formalaşdırmaq istəyir. Məqsəd isə hakimiyyətini qorumaqdır. Ermənilər bunu ona bağışlamayacaq. Azərbaycan isə beynəlxalq hüququn verdiyi yetki ilə özünün ərazi bütövlüyünü bərpa eedəcək”.
Tarix: 25-10-2020, 15:51