BİZİM BAXIŞ: “Korona” dünyanı hara sürükləyir?


BİZİM BAXIŞ: “Korona” dünyanı hara sürükləyir?

Koronavirusin yeni növü olan “Covid-19” ötən ilin sonlarında yayılmağa başlasa da, bu ilin əvvəllərindən etibarən qlobal xarakter aldı.
İndi artıq 2020-ci il ərzində pandemiyanın dünyanı tərk edəcəyi inandırıcı görünmür. Peyvəndin tapılmasına olan ümidlər isə özünü doğrultmur. Bir tərəfdən bəzi ölkələrdə peyvəndlərin sınağına start verilsə də, bunun effektli olub-olmayacağı hələ məlum deyil. Xatırladaq ki, Rusiyada “Burdenko” adına hospitalda koronavirusa qarşı peyvəndin ilk dəfə 18 könüllü üzərində sınaqdan keçirildiyi bildirilib. Bundan əvvəl isə ABŞ-da koronavirusun peyvəndinin sınaqdan keçirildiyi bildirilmişdi.
Digər məsələ ilə hər hansı bir vaksinasiyanın öz təsdiqini tapacağı halda belə, onun nə dərəcədə effektli olması ilə bağlıdır.
Məsələn, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı peyvənd tapılsa da, hər il virusun yeni ştamplarına görə yeni peyvəndlərə ehtiyac olacağını bildirib:
“Xəstəliyin qarşısının alınması qəti surətdə karantin rejiminin tətbiqi ilə mümkün olmayacaq. Xəstəliyin qarşısının alınması peyvənd və dərmanın tapılması ilə mümkün olacaq.Bu gün də bunlar yoxdur.İndiyə qədər 10-a yaxın mərkəzdə ciddi tədqiqatlar aparılır, iki mərkəzin tədqiqatı üçüncü mərhələyə keçib. Ancaq peyvənd tapılsa da, ola bilər ki, hər il virusun yeni ştamplarına görə yeni peyvəndlərə ehtiyac olacaq. Təhlükə çox ciddidir.Əgər xəstəlik dalğavarı deyil, yüksələn xətlə inkişaf edərsə, səhiyyə sistemi bunun öhdəsindən gələ bilməz və daha çox ölümlər olar”.
Konkret olaraq peyvənd və ya dərman ortada yoxdur, ölümlər artır, digər tərəfdən isə pandemiyanın qarşısının alınması istiqamətində atılan addımlar dünya iqtisadiyyatını çökdürməkdə davam edir.
Dünyanı hansı durum gözləyə bilər, “COVİD-19” onu hara sürükləyir?
“Mürəkkəb vəziyyət yarana bilər”
Politoloq Fikrət Yusifov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, hələ ki, dünyanı hansı mənzərənin gözləyəcəyi haqqında proqnoz vermək tezdir:
“Bu çox müşkül məsələdir. Reallıq odur ki, həkimlər də, alimlər də çalışır, axtarış gedir.Bir sıra dövlətlər, hətta bəyan ediblər ki, ilin axırına nəsə tapılacaq.Biz əgər bəşəriyyət tarixinə nəzər yetirsək, görərik ki, bundan daha gərgin durumlar yaranıb və daha qorxulu pandemiyalar olub.Sonra isə bunlardan çıxış yolu tapılıb.Gec-tez indiki durumdan da çıxış yolu tapılacaq.Əgər dünya alimləri bunun üzərinə işləyirlərsə, nəticə olacaq.Amma nə vaxt olacaq, bunu mütəxəssislər də bilmir.Xaosun, qalmaqallı vəziyyətin yarana biləcəyinə gəlincə, əlbəttə, mürəkkəb vəziyyət yarana bilər, bir çox problemlər meydana çıxa bilər.Hətta bu cür problemlər indi də gündəmə gəlib və biz bundan əziyyət çəkirik.Bundan da artıq problemlərin üzə çıxacağı da gözləniləndir”.
Politoloq deyir ki, dövlətlər bu durumu nəzarətdə saxlamalıdırlar:
“İnsanlar müvəqqəti vasitələrdən - maska, spirtdən istifadə etməlidirlər, digər tərəfdən isə müəyyən sahələr açılmalıdır. Çünki iqtisadiyyat çökür və bunun tam çökməsinə heç zaman heç bir dövlət imkan verməz və verməməlidir”.
1945-ci ildən sonra ən aşağı iqtisadi artım və heç zaman dirçəlməyəcək iqtisadiyyat
İqtisadçı Pərviz Heydərov da “Cümhuriyət” qəzetinə açıqlamasında vəziyyətin mürəkkəb olduğunu və proqnoz verməyin çətin olduğunu deyib:

“Ona görə ki, mart ayında başlanan proses apreldə kuliminasiya vəziyyətinə çatdı, yəni əksər fəaliyyət sahələri dayandı. Bütün ölkələrdə bir-birinə oxşar karantin rejimləri tətbiq olundu.May ayının ortalarından etibarən, bütün bunlar aradan götürüldü. Hətta ABŞ Prezidenti Donald Tramp da belə bir fikir söylədi ki, pandemiya nə qədər davam edirsə etsin, bundan artıq fəaliyyət sahələrini dondurulmuş vəziyyətdə saxlamaq olmaz, çünki bunun nəticəsi pandemiyadan daha ağır ola bilər. Eləcə də həm ABŞ, həm də Avropada karantin rejiminin yumşaldılmasını müşahidə etdik.Azərbaycanda da mayın əvvəlindən başlayaraq karantin rejiminin yumşaldılmasına başlanıldı.Amma nəticədə epidemiya gündəlik yoluxma sayı 300 nəfəri ötdü.
Hətta növbəti həftələrdə gündəlik yoluxmanın 400 nəfərə çatacağı ilə bağlı proqnozlar var”.
İqtisadçı deyir ki, bütün bunlara baxmayaraq, dünya ölkələri karantinin yumşaldılması istiqamətində addımlar atır:
“Məsələn, Yunanıstan, İspaniya bu yaxınlarda öz sərhədlərini turistlərin üzünə açdığını elan etdi. Bununla belə, ötən gün belə bir məlumat da yayıldı ki, Avropada yoluxma tendensiyası 80 faizə qədər azalıb.
Çindən isə xəbər gəlir ki, Pekində yeni virus ocağı aşkarlanıb və digər şəhərlərlə əlaqələr məhdudlaşdırılıb.Sual olunur ki, axı mart-aprel aylarında həkimlər maskalarını atırdılar, modul tipli xəstəxanalar yerlə-yeksan edilirdi, virus üzərində qələbə çalındığı elan olunurdu.Ona görə də mövcud vəziyyət o qədər ziddiyyətli xarakter daşıyır ki, 1 ay sonra bizi hansı vəziyyətin gözlədiyini söyləmək mümkün deyil”.
Pərviz Heydərov Azərbaycanda yaranan mövcud durumun da çoxlu suallar doğurduğunu deyir:
“Əgər karantin rejimi yumşalan zaman yenidən yoluxma sayı bu qədər ciddi xarakter alacaqdısa, nəyə görə biz aprel ayında fəaliyyət sahələrini dondurmuş vəziyyətdə saxladıq. Onun səmərəsi nə oldu.Ziyanları amma göz önündədir - İqtisadiyyatda tənəzzül oldu, ümümdaxili məhsul istehsalı aşağı düşdü.Bir halda ki, karantin yumşaldılan kimi, yoluxma sürətlə artır, indi aprel ayındakı vəziyyətə qayıtmaqla nə əldə edəcəyik?Əgər bu pandemiya dünyəvi xarakter daşıyırsa, nəyə görə Avropada azalır, bizdə isə artır.Hələ belə çıxır ki, ikinci dalğa bizi payızda gözləyir”.
Qlobal iqtisadiyyatı gözləyən tənəzzül
İqtisadçı hesab edir ki, pandemiya vəziyyəti davam edərsə, dünya iqtisadiyyatını növbəti ildən çox böyük tənəzzül və parçalanma gözləyə bilər:
“Bu xüsusən də ən ağır zərbəsini kiçik - dövlət gəlirləri xammal satışından asılı olan ölkələrə vura bilər. Qlobal iqtisadiyyatda tənəzzülün olacağı ilə bağlı müxtəlif proqnozlar var - amma hesab edirəm ki, sentyabra qədər onun nə qədər azalacağını demək mümkün deyil. Hətta bəzi proqnozlara görə, 2020-ci il II Dünya Müharibəsindən sonra ən aşağı iqtisadi artımın qeydə alındığı il olacaq və ümumiyyətlə dünya iqtisadiyyatı bir daha pandemiyadan əvvəlki duruma qayıtmayacaq. Nə qədər acınacaqlı olsa da, belə bir proqnoz var və mən də heç inanmaq istəməsəm də, bu proqnozlara inanıram”.
“Peyvənd meydana çıxana qədər...”
“Cümhuriyət”-ə açıqlama verən professor Adil Qeybulla isə nikbin düşünür:
“İnsanlar fantastikaya qapılmamalıdır. Mən sizi tam əmin edirəm ki, peyvənd meydana çıxana qədər virus mutasiyaya uğrayaraq, yoxa çıxacaq.Əvvəlki iki ştamp - SARS və MERS təxminən 6-7 ay davam etdi.Bunlar, əsasən, genom baxımından eyni viruslardır. Yalnız fenotiplərində fərq var. Sadəcə, səbirli olmaq lazımdır, insanlar mifik, mistik, real olmayan məlumatlara inanmaqdansa, ən sadə tədbirlərə, karantin davranışlarına əməl etsinlər. Sosial məsafə saxlasınlar, gigiyenik tələblərə əməl etsinlər.Bunları etsək, biz minimum itki ilə bu bəladan qurtara bilərik”.
Dünya iqtisadiyyatının daim bu cür depressiyalar yaşadığını deyən həkim bildirib ki, bəzən məlumatlar şişirdilir:
“Hazırda virtual pulların dünyada dövr etməsi də gələcəkdə iqtisadi defolt da yarada, inkişafa stimul da verə bilər. Mən bəzi məlumatları şişirdilmiş hesab edirəm.Koronavirus bir pandemiyadır və tarix boyu bu cür pandemiyalar yaşanıb.Bütün əvvəlki ştamplar 6-7 ay davam edib, bu da 7-8 ay davam edə bilər.Vaksin olacaq və ya olmayacaq deyə, illuziyaya da qapılmaq lazım deyil.Vacib olan davranışlara əməl etmək lazımdır - vəssalam.Onlara əməl etsək, biz təhlükə altında yaşamarıq”.
Xatirə Nəsirova
Cebhe.info
Tarix: 21-06-2020, 22:17
Xəbəri paylaş



Xəbər lenti