Belə getsə rayonlar başsız qalacaq

 

“Gözündə yaş olmasa, qəlbində göy qurşağı olmaz”

(hindu ata sözü)

Bekar iqtisadçı ekspertlərimizdən biri hökumətin koronavirus yardımı eləmək istəmədiyi adamları siyahı üzrə qabağına qoyub hesablayıbdır, 10 milyon nəfərdən hətta 200 min adam çox çıxıbdır. Yəni, “filan şeyə görə yardım düşmür” deyə rədd cavabı alası camaatımız bu qədərdir. Hazırda isə bizim camaat 10 milyondur. Yardım alanlar isə 600 min. Bəs niyə belə alınıb? Deyir, guya statistika idarəsi yalan danışır. 

Açıq-aşkar qarayaxma, respublikamızda aparılan islahatların suyunu döndərib erməni dəyirmanına axıtmaq cəhdidir. Biz yardım alanların respublika əhalisindən çox çıxma səbəbini bilirik, qoy bisavad ekspert də öyrənsin: Azərbaycanın pulu o qədərdir ki, imkanımız çatır xaricdəki aclara da yardım edək! Yardımsevər hökumətimiz var. Həmin artıq çıxan camaat xaricdə yardım alanlardır. Biz indiyə qədər dəfələrlə belə proqramlar icra etmişik, bunlardan Pakistanda məktəb tikintisi, Misirdə küçəyə yol çəkilməsi, Romada papanın təsbehinin təmiri, Gürcüstanda parkın abadlaşdırılması və sairə onlarla projeni göstərmək olar. İndi koronavirus aclarına yardım etsək, əlimiz qurumaz. 

Ümumiyyətlə, hər şeyə qara gözlə baxan bir qrup yaranıb. Örnək üçün, son 6 ayda üçüncü icra başçısını kabinetində tutub qoduqluğa basıblar. Aprelin 29-da Biləsuvardan əməliyyat sədaları gəlirdi, deputat YAP-çı deputatın dediyi “qara paltarlı oğlanlar” orda hökumət nümayəndələrini dəstə bağlayıb, topdan və pərakəndə üsullarla yaxalayırdılar. Başqa məmurlar da daim nəzarət altındadır, xalqın bir düyü dənəsini, yarım qram qənd tozunu oğurlamağa qorxurlar. Açıq desək, bu saat Azərbaycanda icra hakimiyyətində işləmək müxalifət partiyasının rayon şöbəsinin üzvü olmaqda daha qorxuludur. Çünki müxalifətçiyə uzağı 30 sutka verirlər, müsadirə üçün sərvəti də yoxdur, icra hakimi isə əlli-ayaqlı gedir, örnək üçün, MTN-in keçmiş generalları yüz ildir qaranlıq zindanda çürüyür, Akif müəllimin mədəsinin yarısını kəsiblər, Metro Tağının milyonları batıb və sairə. O cümlədən, hansısa müxalifətçi tutulanda dərhal Avropa Şurasında siyahı açırlar, bəyanatlar gəlir, orda məhkəmə qurulur, nə bilim, axırda sənə bəraət verirlər. İcra başçıları tutulanda isə yazıqların adı it dəftərində də olmur. YAP-ın o qədər məmur üzvü zindana salınır, lakin partiya ortalığa bir dəfə  etiraz bəyanatı qoymayıbdır! Elə bil partiyanın heç belə üzvü olmayıbdır. Bəs dünənə qədər “700 milyon üzvümüz var” deyəndə bu tutulanları saymırdınız? Zəhmət çəkin, indi də sayı azaldın, deyin filankəsləri çıxdıq.

Əlbəttə, istənilən müqayisə qüsurludur, heç Azərbaycanı dağılan Almaniya ilə tutuşdurmaq da mənasızdır və yazımdan o nəticə çıxmasın ki, mən müxalifətçilərlə icra başçılarını, YAP-la AXCP və Müsavat cütlüyünü eyni tərəzidə ölçürəm. Bunlar hamısı fərqli-fərqli kateqoriyalardır. Lakin hamısı bizim xalqın övladlarıdır. Qanun qarşısında hamı bərabər olmalıdır. Dükana gedəndə ara məsafəsini gözləmək şərti ilə. 

Məsafə demişkən, yadıma bir dəxli olmayan fakt düşüb, bura qoyuram, yoxsa hər dəfə yadımdan çıxır. Bu ilin martında Nazirlər Kabineti təhsil qaydalarına dəyişiklik etmişdi. Həmin pis dəyişikliyə görə sağlamlıq imkanı məhdud uşaqların distant təhsil alması ləğv olunurdu. Yəni, hansısa əlil uşaq evdə oturub internetlə dərs oxusun, sonra dövlət ondan imtahan götürüb uyğun sənəd versin, buna son qoyulurdu. Heç bir ay çəkmədi, həyat NK “başbilənlərinə” dərs keçdi – bütün ölkə koronavirus üzündən distant təhsilə məcbur oldu. Necə deyərlər, yemə yetimin malını, çıxar ahəstə-ahəstə... Sən əlili saymazsan, bütün millət əlil durumuna düşər. Görəsən, idarədəkilər o öncəki qərara görə azca xəcalət çəkib utandılarmı? 

Tarix: 29-04-2020, 16:57
Xəbəri paylaş



Xəbər lenti