Səssiz işğaldan sonra ölümcül işğal? - Virus hansı ölkəni qalib edəcək? – ŞƏRH


Səssiz işğaldan sonra ölümcül işğal? - Virus hansı ölkəni qalib edəcək? –  ŞƏRH

Koronavirus pandemiyasının yayılmasında bəziləri Çini, digərləri isə Amerikanı və digər superdövlətləri ittiham edir.

Hətta bəziləri artıq odlu silahlarla deyil, bioloji silahlarla müharibə aparıldığını iddia edir. Bütün iddiaların kökündə isə bir ortaq fikir var-dünyaya tək hakim olmaq iddiası.

Maraqlıdır, dünyaya hakim olmaq üçün hansısa bir virusu yaymaq, yeni işğal planı ola bilərmi?

Cebhe.info-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, koronavirus qəsdən yayılmış olsa da, bundan heç kim dünyaya hakimlik edə biləcək qüvvə ilə çıxa bilməyəcək:

“Koronavirusla əlaqədar bütün hallarda günahkar Çindir. Bəziləri bunun Amerikanın işi olduğunu desə də, inandırıcı deyil. Çünki bu virusdan ən çox zərər görən Amerikadır. Əhalisinin 40 mindən çoxu koronavirusdan ölən Amerikanın yaxşı halda 200 min nəfər ölüm faktı ilə bu virusdan qurtula biləcəyi düşünülür. Bundan əlavə ABŞ-ın iqtisadiyyatı dağıldı. Virusu bilərək yaya biləcək tək dövlət Çin ola bilər. Çünki koronavirus Çindən başladı və əhali sayına nəzərən ən az ziyan da ona dəydi. Hazırda isə yenidən güclənməyə başlayır. Koronavirusun yayılmasında 3 variant var: ya virus bilmədən labarotoriyadan sızıb, ya bilərək edilib, ya da təbii yolla meydana gəlib. Koronavirus təbii yaranıb yayılsa belə, bir fakt var ki, Çin bunu gizlədib və dünya əziyyət çəkir. Əgər virusun sızması qəsdən baş veribsə, bu da ortaya çıxacaq. Çünki vəziyyət normala dönən kimi bir araşdırma heyəti yaradılacaq və məsələ aydınlaşacaq. İstər qəsdən olsun, istərsə də bilməyərək, ortada bir fakt var ki, Çin virusun var olduğunu gizlədib. Buna görə də cavab verməli olacaq. Əgər Çin dünyanı məlumatlandırsaydı, bir ay ərzində virusun qarşısını almaq olardı və dünya da əziyyət çəkməzdi. Artıq Çinə qarşı maddi təminat davaları açılıb”.

Ekspert postkoronavirus dövründə Çinə qarşı ittihamların artacağını və bir çox dövlətlərin onunla münasibətlərə yenidən baxacağını deyib:

“Bəziləri koronavirus bitəndən sonra Çinin güclənəcəyini deyir. Bəlkə də belə olacaq. Amma bununla bərabər Çinə qarşı ittihamlar artacaq və bir çox dövlətlər onunla mövcud olan münasibətlərinə yenidən baxacaq. Amerika Çində ucuz işçi qüvvəsi olduğu üçün bir çox böyük şirkətlərini ora köçürmüşdü. Bu siyasət dəyişəcək. Yəni artıq Çinə qarşı etibarsızlıq yarandı. Ona görə demək olmaz ki, kimsə buradan qalib çıxacaq. Hətta Çin düşünübsə ki, bu virusu yaysın və qalib çıxsın, həmin istəyi həyata keçməyəcək. Çünki Çinə baxış və dəyərlər dəyişəcək. Kimsə lider ola bilməyəcək. Dünya həminki düzəndə olacaq. Nə Çin, nə də Amerika irəli çıxa biləcək. Hər ikisi ziyanla çıxacaq. Eyni zamanda, Avropa və Rusiyada da eyni vəziyyətdir. Bir sözlə, hamı bu vəziyyətdən ziyanla çıxacaq. Dünyada bəzi ciddi olmayan dəyişikliklər olsa da, kiminsə liderlik edəcəyi kimi hallar olmayacaq”.

Tarix: 23-04-2020, 10:51
Xəbəri paylaş



Xəbər lenti