Baş infeksionist “karantin rejimi uzadılsın” deyir və səbəbini izah edir

   

Cəlal İsayev: “Əgər karantini yumşaltsaq, epidemiyanın yeni dalğası gələ bilər

Rəsmi qərara əsasən, 4 gün sonra Azərbaycanda pandemiya ilə əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimi başa çatmalıdır.
Lakin gedişat, hökumət mənsublarının verdiyi açıqlamalar, o cümlədən Türkiyə, Rusiyadakı vəziyyət, o cümlədən Avropa dövlətlərinin qərarları ehtimal yaradır ki, aprelin 20-dən sonra da karantin rejimi uzadılacaq. Hətta bu həftəsonu Türkiyədə komendant saatı yenə tətbiq olunacaq, Fransa mayın 11-dək karantin müddətini uzadıb, Azərbaycanda isə tədricən yumşalma olacağı fikirləri səsləndirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bununla bağlı müzakirələr aparıldığı, bu günlərdə qərarın açıqlanacağı söylənilir.
Respublikanın baş infeksionisti, Operativ Qərargahın üzvü Cəlal İsayev Musavat.com-a bildirdi ki, son bir həftə ərzində koronavirusa yoluxmaların sayında azalma müşahidə edilir və bu, müsbət tendensiyadır. Onun sözlərinə görə, lakin təhlükəli dövr geridə qalmayıb. “İnfeksiya özünü bəzən büruzə verməyə bilir, insanlar yüngül keçirir, hətta 30-37 gün orqanizmdə qalır. Bu halda, əgər karantin rejimi qaldırılsa, həmin şəxslər küçəyə çıxacaqlar və digərlərini yoluxdura bilərlər.
Belə bir risk var. İndi isə həmin adamlar evdən çıxmırlar, heç kəslə təmasda olmurlar. Ona görə də karantin rejiminin uzadılması çox vacibdir. Mən tövsiyə edərdim və tərəfdarıyam ki, karantin dövrü artırılsın. Ancaq bu, öz fikrimdir və Operativ Qərargahda olan digər mütəxəssislərlə birgə müzakirələr aparılır, yekunda qərar veriləcək” deyə, C.İsayev qeyd etdi.
Baş infeksionist hesab edir ki, Avropa və Türkiyədəki vəziyyətə də nəzər salmaq lazımdır: “Onların verdiyi qərarlar fikirlərimizi təsdiqləyir. Biz təcrübəsi olan ölkələrin praktikasından istifadə etməliyik. Odur ki, Azərbaycanda karantin müddətinin uzadılması üçün əsaslar var. Əgər yumşaltsaq, epidemiyanın yeni dalğası gələ bilər. Çünki koronavirus hava-damcı yolu ilə yayılır. Çin bunun öhdəsindən məhz ciddi karantin rejimi tədbirləri ilə gəlməyi bacardı. Gördüyünüz kimi, Çində yoluxma olmur, ölüm qeydə alınmır. Avropada isə bu məsələyə dırnaqarası baxdılar və infeksiya Qərb ölkələri çənginə aldı”.
C.İsayev insanları bir daha karantin rejiminə əməl etməyə çağırdı, ehtiyac olmadığı halda evdən çıxmamağa səslədi. Onun sözlərinə görə, son bir həftədə yoluxmanın azalma səbəbi məhz sosial izolyasiyanın nəticələridir.
Azərbaycanda indiyə qədər 1 253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 404 nəfəri müalicə olunaraq sağalıb.
Azərbaycanda 0-9 yaş arası 66 nəfər, 10-19 yaş arası 60 nəfər, 20-29 yaş arası 175 nəfər, 30-39 yaş arası 214 nəfər, 40-49 yaş arası 198 nəfər, 50-59 yaş arası 248 nəfər, 60-69 yaş arası 157 nəfər, 70-79 nəfər yaş arası isə 56 nəfər virusa yoluxub.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndələrinin rəhbəri Hande Harmancı bildirib ki, virusun yaranma səbəbləri hələlik bəlli deyil.
“Amma şəxsi mülahizələrimə görə təxmini olaraq 1 il müddətinə bu virus gündəmdən çıxmayacaq. Tədricən, zamanla problem öz həllini tapa bilər”.
Tarix: 16-04-2020, 13:26
Xəbəri paylaş



Xəbər lenti