
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndəliyin Qazyan kəndində keçirilib.
Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Pərviz Hüseynov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Qazyan kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
Qeyd olunub ki, Qazyan kəndinin 1165 hektar ərazisi, 193 təsərrüfatı, 893 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 körpələr evi-uşaq baxçası, 1 tibb məntəqəsi, 1 kitabxana, 3 ticarət obyekti, 2 iaşə və 2 məişət obyekti, 18 subartezian quyusu yerləşir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 592 baş iribuynuzlu, 714 baş xırdabuynuzlu heyvan, 3331 baş quş və 64 arı ailəsi saxlayırlar.
Son üç ildə Qazyan kəndində su arxları 1800 m məsafədə lildən təmizlənib, kənd arası yollar 1100 metr məsafədə təmir olunub, kənd ərazisinə 110 ədəd müxtəlif növ ağac əkilib, kəndarası yolların kənarları alaq otlarından və məişət tullantılarından təmizlənib və məişət tullantılarının məhv edilməsi üçün quyu qazılıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib. Kənd sakinlərindən Alış Cəfərov yeni subartezian quyusunun qazılması, Türkanə Zamanlı yeni tikilmiş körpələr evi-uşaq baxçasının istfadəyə verilməsi barədə müraciət ediblər.
Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə aidiyyəti tapşırıqlar verib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
