Rayon rəhbərinin növbəti səyyar-qəbul görüşü Seydimli kəndində keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Seydimli kənd İƏD üzrə nümayəndəliyin Seydimli kəndində keçirilib.

Qəbulda Hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı şəhidin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Seydimli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.

Qeyd olunub ki, Seydimli kəndinin 1032 hektar ərazisi, 695 təsərrüfatı, 2755 nəfər əhalisi var. Ərazidə 1 tam orta məktəb,1 körpələr evi uşaq bağçası, 1 tibb obyekti, 1 kitabxana, 8 sosial obyekt, 1 kitabxana, 13 ticarət obyekti, 1 poçt, 2 məişət xidmət obyekti və 12 subartezian quyusu fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 1075  baş iribuynuzlu,  2055 baş xırdabuynuzlu heyvan, 13553 baş quş, 230 arı ailəsi saxlayırlar.

Son üç ildə Seydimli kəndində su arxları 3000 metr məsafədə lildən təmizlənib,  kəndarası yolları 4600 metr  məsafədə təmir olunub, yol kənarına və uşaqların əyləncə meydançasına 115 ədəd eldar şamı əkilib və yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.

Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Sonra söz sakinlərə verilib. Kənd sakinlərindən İlyas Hacıyev təmir olunmuş subartezian quyusunun istfadəyə verilməsi, Sərxan Əliyev elektrik xəttinin hündürlüyə qaldırılması, Ziyəddin Qəhrəmanlı kəndin daxilindən keçən magistral yola işıqfor və sürət radarının quraşdırılması, Zaməddin İmanov kəndarası yola asfalt örtüyün çəkilməsi  ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə aidiyyəti tapşırıqlar verib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Tarix: 24-09-2025, 18:21
Xəbəri paylaş



Xəbər lenti