“İcra nümayəndəsi deyir ki, sənə yardım düşmür” – Qazi diqqətsizlikdən fəryad edir – VİDEO
Cəlilabadın keçmiş icra başçısı Namiq Zeynalovun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən rüşvət alarkən həbs edilməsindən sonra rayonda yerli məmurlar üçün özbaşınalıq etməyə maksimum şərait yaranıb.
Bu gün Cəlilabadda vəziyyət elədir ki, yerli məmurlar çalışdıqları qurumda istədiyi özbaşınalığı edir, vətəndaşları incidib, ölkə başçısından narazı salırlar. Bu özbaşınalıqlardan və haqsızlıqlardan cana doyanlardan biri də Vətən müharibəsi iştirakçısı Fail Məmmədovdur və o, Moderator.az-ın redaksiyasına şikayət edib.Moderator.az-ın əməkdaşı döyüşçümüzlə görüşmək üçün onun yaşadığı Cəlilabadın Muğan kəndinə yollanıb.F.Məmmədov isə öz acı həyat hekayəsini əməkdaşımıza belə nəql edib:“1995-ci ildə Cəlilabadın Muğan kəndində anadan olmuşam. Ailədə bir bacı və iki qardaşıq. Hələ biz uşaq olarkən atam bizi atıb gedib və bizi anam böyüdüb. Özüm hərbi xidmətdə olarkən 2016-cı il Şanlı aprel döyüşlərində də iştirak etmişəm. Ordudan tərxis olunandan sonra kənddə fəhləlik etmişəm”.F.Məmmədov deyir ki, o, Vətən müharibəsinə könüllü olaraq yollanıb:“Vətən müharibəsi başlayandan sonra səfərbərliyə gedib hərbi biletimi təqdim etdim və könüllü olaraq döyüşlərə qatılmaq istədiyimi bildirdim. Məni qeydiyyata alıb döyüşə yolladılar. Onda maşınımı, atımı, telefonumu satıb dükanlara olan borcumuzu ödədim ki, birdən mənə nəsə olsa, anam pis vəziyyətdə qalmasın. Cəbrayıl və Zəngilan uğrunda gedən döyüşlərdə iştirak etdim. Bununla bağlı hərbi hissə komandirim tərəfindən təltif də edilmişəm. Üç ay sonra isə ordu sıralarından tərxis olundum”.F.Məmmədov bu gün çox çətin şəraitdə yaşadıqlarını və kəndin yerli məmurların onların ailəsinə qarşı biganəliyindən gileylənib:“Evin böyük oğluyam, döyüşə xəstə anamı, qardaşımı qoyub getmişəm. Bu günə kimi isə nə icra nümayəndəsindən, nə də bələdiyyədən bir dəfə də olsun nə anamı, nə də məni saymayıblar. Bu gün Novruz bayramıdır, amma bizim imkanımız yoxdur ki, evə bir şey alaq. Muğan kəndinin icra nümayəndəsi Rəzzaq İsbarova dedim ki, qazilərə, şəhid ailələrinə dövlətin verdiyi yardımı paylayırsınız. Bizə də yardım verin. O, isə mənim ailəmə yardım vermədi. O, dedi ki, indi sənin adın yoxdur heç yerdə. Deyirlər ki, bundan sonra dövlət tərəfindən yardım verilsə, sənə də verərik. Bundan sonra mən yardımı neynirəm, mənə indi, bayram ərəfəsində kömək lazımdır. Mənə icra nümayəndəsi Rəzzaq İsbarov və onun qeyri-qanuni işçisi Asif Abbasov deyir ki, “səni döyüşə biz yollamışıq”. Amma yalan danışırlar, döyüşə özüm könüllü yollanmışam. Vətən hamımızındır və mənim də borcumdur ki, vətənin dar günündə onu müdafiə edim. Şanlı aprel döyüşlərində və Vətən müharibəsində iştirak etmişəm. Ağzımda dişlərim qalmayıb, hamısını döyüşdə qoyub gəlmişəm. Bu gün isə heç qapımı açan yoxdur”.Qeyd edək ki, Rəzzaq İsbarov karantin dövründə də dövlət tərəfindən aztəminatlı ailələr üçün verilən yardımı təyinatı üzrə paylamadığına və pulla imkanlı şəxslərə satdığına görə Cəlilabadın keçmiş icra başçısı Namiq Zeynalov tərəfindən şiddətli töhmət almışdı. Amma bütün bu olanlardan sonra özünə qoyulmayan R.İsbarov hələ də özbaşınalıqlarını davam etdirməkdədir. Həbsdə olan N.Zeynalovun vəzifələrini isə hazırda onun birinci müavini Mansur Məmmədov icra edir. Lakin bu gün M.Məmmədovun gözü qarşısında yerli məmurlar əlil və qazilərə qarşı istədikləri özbaşınalığı edirlər.Məsələylə bağlı Cəlilabad rayon İcra Hakimiyyətindən də münasibət öyrənməyə çalışacağıq.