Göyçay rayon İcra hakimiyyətində Vətən müharibəsi iştirakçısının anasına qarşı hörmətsizlik - VİDEO
30 illik utancımıza, eyni zamanda 30 illik torpaq, yurd həsrətimizə son qoymaq üçün 2020-ci ilin sentyabr ayında xalqımızın qeyrətli, vətənpərvər, igid oğulları Ali Baş Komandanın ətrafında sıx birləşərək bir yola çıxdılar. Çıxdıqları bu şərəfli yolda həyatını, sağlamlığını, əmək qabiliyyətini, əlini, ayağını, gözünü itirənlər də çox oldu. Amma, bütün bu olanlar onları sarsıtmadı, yolundan geri çəkilmələrinə yetmədi.
Şükürlər olsun ki, Vətən oğulları çıxdıqları döyüş yolundan qələbə sevinci ilə qayıtdılar. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun da dediyi kimi, sözün əsl mənasında türkün gücünü dünyaya göstərdilər. Amma, çox təəssüflər olsun 44 günlük vətən müharibəsinin başa çatdığı vaxtdan bu günə qədər redaksiyamıza gələn müraciətlərin əksəriyyəti şəhid ailələri, qazilərimiz və könüllü döyüşçülərimizdən hüquqlarının tapdanması, məmurların onlara qarşı laqeydliyi ilə bağlıdır. Əsas gileylər də rayon İcra Hakimiyyətlərindəndir. Bu da bizə düşünməyə əsas verir ki, xarici düşmən üzərində qələbə qazandıq çox şükür, amma daxili düşmənlərimiz (bu ölkənin vətəndaşlarını bu ölkədən, ölkə başçısından narazı salan hər bir məmur, bu ölkənin düşmənidir) ilə mübarizəmiz hələ bundan sonra daha da şiddətlənəcək. Regionlarımızdakı işsizlik, şəraitsizlik region əhalisini Bakıya axın etməyə məcbur edir ki, bu da rayon İcra Hakimiyyətlərinin birbaşa məsuliyyətsizliyindən qaynaqlanır. Bu yazını axıra qədər oxuyub özünüz də nə qədər haqlı olduğumuzun şahidi olacaqsınız. Göyçay rayon "Məlikkənd" kənd sakini, eyni zamanda yeganə balasını könüllü döyüşə göndərmiş ana, Həsənova Həqiqət Fəzi qızının redaksiyamıza göz yaşları ilə, son ümidi bilib pənah gətirməsi Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin vətəndaşa laqeydliyidir. Həqiqət xanım bildirir ki, Göyçay rayonunun Məlikkənd kəndində bir otaqlı kərpic evi var, onu da yağış yuyub yaşamağa yararsız vəziyyətə salıb. -"Rayonda maddi sıxıntılarımız, işsizlik olduğu üçün yeganə övladım Həsənov Əmrah Azər oğlu, həyat yoldaşım Həsənov Azər, bir gəlinim və iki azyaşlı nəvəmlə iş tapmaq məqsədilə Bakıya gəlmişik. Yeganə qazanc gətirənimiz oğlum Əmrah idi. Əmrah 2020-ci ilin sentyabr ayında başlanan Vətən müharibəsi zamanı könüllü olaraq cəbhəyə getdi. O getdikdən sonra, ailədə maddi sıxıntılarımız daha da artdı.
Artıq, bu çətinliklərdən çıxış yolu tapa bilmədiyim üçün qonşudan borc yolpulu alaraq, gələcəyin əsgərləri iki azyaşlı nəvəmi də götürüb Göyçay rayon İcra Hakimiyyətinə üz tutdum. Orada mənimlə çox laqeyd rəftar olundu. Yaşadıqlarımın təsirindən gözümnən axan yaşlara biganə qalan İcra hakimiyyəti işçiləri mənə deyir ki, "özünü reklam edirsən". 5 fərqli gündə, 5 dəfə Göyçay İcra hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qəbuluna düşmək niyyəti ilə oraya getsəm də başçı məni qəbul etmədi." Hansı ki, ölkə başçısı İlham Əliyev şəxsən özü bütün döyüşçülərimizə, onların ailələrinə qarşı çox diqqət ayırır və bütün məmurlara da onların problemləri ilə gözlətmədən, dərhal məşğul olmaları üçün tapşırıqlar vermişdir. Kömək istəyən çarəsiz rayon sakininə, bir cəsur döyüşçü anasına "özünü reklam edirsən" demək rayon İcra Hakimiyyəti tərəfindən təhqir sayılan bir kəlimədir. Dövlət Başçısı tərəfindən təyin olunmuş İcra Hakimiyyətinin başçıları ( təəssüf ki, bu kimi acınacaqlı hallar bir çox rayon İcra Hakimiyyətlərində yaşanır) nəyi, hansı "mühüm vəzifə"ni icra edirlər ki, sakinlərin problemlərinə ayırmağa vaxtları qalmır? Biz qarşı tərəfi də dinləməyə və məsələ ilə bağlı hər hansı bir açıqlamasını dərc etməyə hazırıq.