Ölkədə demək olar ki, ən çox şikayət edilən qurumlardan biridir “Azəriqaz”. Həm sayğaclaşma ilə bağlı problemlər, həm sərfiyyatdan daha çox pul yazılması, həm qazın təzyiqinin aşağı olması, həm də ümumən bəzi bölgələrdə qaz təchizatındakı çatışmazlıqlar vətəndaşların bu qurumdan narazılığını pik həddə çatdırıb. “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyətindən növbəti şikayət daxil olub. Xəyalə Dadaşova adlı şikayətçi bildirib ki, qış fəsli daxil olandan bu günə qədər Salyanın Arbatan kəndinə demək olar ki, qaz verilməyib: “Salyan Rayon Qaz İstismarı İdarəsi qış girəndən Arbatan kəndinə demək olar ki, qaz verməyib. Zəng vuranda da deyirlər ki, iş gedir. Camaatın evində xəstə uşağı, yaşlı qocası var. Bu soyuqda milləti qazsızlıqdan qırırlar. Bizim qazları kəsib, harda parnik var o kəndlərə verirlər. Bu qədər özbaşınalıq olar?”.
Vətəndaş açıq suallar verməyə davam edir: “Görəsən, Qaz İdarəsinə kimsə dur deyəcək? Belə zülm etmək olar millətə? Ayıb olsun onlara. Camaat soyuqdan donur. Onlarsa artıq pul alırlar deyə harda parnik var, ora qaz verirlər. Dəhşətdi!”.
Bu arada mətbuatda yayılan iddialara görə, Salyanda “Azəriqaz” İstehsalat Birliyinin sədr müavini Cahid Hüseynova məxsus istixanalar mövcuddur. Vətəndaşın iddiasına inansaq, bəzi kəndlərdə qaz təchizatı dayandırılaraq, məhz həmin istixanaların yerləşdiyi kəndlərə verilir.
Konkret.az
Tarix: 19-02-2021, 14:09