Prezidentə ŞOK müraciət: Qəbələdə korrupsiya, özbaşınalıq baş alıb gedir: Səbuhi Abbasovun icazəsi ilə alınan rüşvətlər, "qaranlıq" tenderlər, satılan torpaqlar və daha nələr....



Prezidentə ŞOK müraciət:
Teref.az yazır ki, Qəbələ şəhər sakini Azər İsmayılov Qəbələdə baş verən korrupsiya, rüşvət, qanunsuzluqlarla bağlı bir başa dövlət başçısı Prezident cənab İlham Əliyevə müraciət edib. Bir surətidə saytımızın elektron poçtuna daxil olan müraciəti təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
Qəbələ şəhər sakini İsmayılov Azər Ağamurad oğlu tərəfindən
Müraciət.

Hörmətli cənab Prezident. Mən İsmayılov Azər Ağamurad oğlu 2000-ci ildən YAP-ın üzvüyəm.Qəbələnin ilk iş adamlarındanam. Sizin bütün çıxışlarınızı həmişə diqqətlə dinləyirəm. Mən, bir YAP üzvü kimi, Sizin çıxışlarınız zamanı etdiyiniz çağırışlara cavab olaraq, Qəbələ rayonunda baş vermiş və davam etməkdə olan qanun pozuntuları barədə Sizə müraciət etmək qərarına gəldim. Bu məqsədlə də baş verən qanunsuzluqları bir neçə başlıq altında birləşdirərək , Sizə təqdim edirəm.
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların, meşə fondundakı ərazilərin qanunsuz şəkildə satılması, talan edilməsi barədə.
Qəbələ şəhərində, Mərkəzi bazarla üzbəüz ərazidə, Bakı-Şəki magistral yolundan Zarağan kəndi istiqamətində yerləşmiş köhnə hərbi şəhərciyə qədər olan ərazidə vətəndaşlara verilmiş pay torpaqlarından ibarət kənd təsərrüfatı üçün nəzərdə tutulmuş əkin sahələri yerləşirdi. Həmin ərazilərdə həmişə taxıl əkilərdi. Lakin Qəbələ şəhər bələdiyyəsi Qəbələ RİH-nin də dəstəyi ilə saxta sənədlər düzəldərək , həmin əkin sahələrini qanunsuz olaraq yaşayış evləri tikmək üçün , baha qiymətə vətəndaşlara satmışdır. Bildiyim məlumatlara görə , bu saxtakarlıq yetməzmiş kimi, hər il o sahələr üçün, sanki orada yenə də taxıl əkilirmiş kimi , dövlətdən subsidiya alınmaqdadır. Həmin ərazidə, bu saxtakarlıq nəticəsində, qanunsuz yaşayış evləri tikilərək, qanunsuz yaşayış sahəsi salınmışdır. Qanuni sənədlərin olmaması üzündən bir çox evlər qazla təmin edilməmişdir. Lakin evlər qanunsuz olaraq elektrik və su ilə təhciz edilmişdir. Vətəndaşlar evləri üçün sənəd düzəltmək istədikdə isə onlara yalan vədlər verilir ki,”tezliklə Prezident bu torpaqların təyinatını dəyişdirən fərman imzalayacaq”. Eyni şəkildə, çay yataqlarında da qanunsuz olaraq sənədləşdirilərək, satılmış torpaqlar var. Meşə sahələrində yerləşən və meşə fonduna aid sahələrin bir qismi də eyni qaydada, saxta sənədlər düzəldilərək, satılmış və satılmaqdadır. Göstərilən fəaliyyətlər Qəbələ şəhərinin Qaraçay adlanan ərazisində, Pastar məhəlləsi, “Kənd başı” adlanan ərazilərdə, “Qacar meşəsi”, “Qazma Qoruğu” adlanan, meşəyə aid ərazilərdə həyata keçirilir. Bütün sənədləşmələr 2008- ci ildən əvvəlki tarixlərə aparılır. Bu işlər Qəbələ şəhər bələdiyyəsinin işçiləri tərəfindən həyata keçirilir. Torpaqların saxta sənədləşdirilməsi , yerləşdikləri ərazilərdən asılı olaraq hər 0.01 ha üçün 1000 manatdan 1500 manata qədər olan məbləğə həyata keçirilir. Bu əməliyyatlarda çox vaxt bələdiyyə torpaqlarını qanunsuz olaraq zəbt etmiş vətəndaşlar da müəyyən haqq qarşılığında iştirakçı olurlar. Belə ki, ilkin sənədləşmə onların adına və 2008-ci ildən qabaqkı tarixlərə qeydiyyata alınır. Bu saxtakarlıqları ortaya çıxarmaq üçün son 7-8 ildə Qəbələdə satılmış torpaqların sənədlərini yoxlamaq yetərlidir. Qanunsuz satılmış yerlərdə, qanunsuz tikinti işlərinə icazəni isə 500 manatdan başlayan rüşvət qarşılığında, Qəbələ RİH-nin baş memarı şifahi olaraq verir. Bu işdə Qəbələ rayon Polis Şöbəsinin də öz payı var. Belə ki, həmin ərazilərdə aparılan tikintilərdən, ərazinin polis sahə rəisləri vasitəsiylə “şirinlik” alınır. Bu şirinlik də 100 manatdan başlayır. Eyni proses Qəbələ rayonunun bütün kəndlərində baş verməkdədir. Bunların içərisində əsas Vəndam qəsəbəsini göstərmək olar. O qəsəbədə torpaqların plansız, əsassız şəkildə satılaraq , talanı baş verməkdədir. Vəndam bələdiyyəsi satılan hər 0.01 ha bələdiyyə torpaq sahəsinə görə vətəndaşlardan rəsmi rüsumlardan əlavə, minimum 500 manat rüşvət alınır. Onu da qeyd edim ki, satılan bütün torpaqlarçün rəsmi sənədləşmələrdə göstərilən məbləqdən bəzən on qat artıq pul alınır,yəni dövlətin torpağı bələdiyyə sədrləri tərəfindən şəxsi malları kimi satılır. Qəbələ şəhərində satılan torpaqların 0.01 ha-sı minimum 3000manatadır. Lakin bir çox yerlərdə bu qiymət 10-12 min manata qədər yüksəlir.Lakin heç bir sənədləşdirilmədə belə məbləğə rast gəlinə bilməz. Bələdiyyələrə aid torpaqların qanuni satışında da heç bir hərrac təşkil edilmir.Yalandan protokollar tərtib edilir. Torpaqların 99 faizi kənardan gələn alverçilərə satılır.
Torpaqların satışından əldə edilmiş gəlirlərə də göz dikilir. Belə ki, bələdiyyələr satışdan mədaxil edilmiş vəsaitləri də əslində həyata keçirmədikləri təmir, abadlaşdırma işləri adıyla saxta sənədlər düzəldərək mənimsəyirlər. Bu mənimsəmələrdə, irəlidə də adını çəkəcəyimiz , qeyri-rəsmi olaraq Qəbələ RİH başçısı Səbuhi Abdullayevə məxsus “Qəbələ İnşaat” MMC əsas rol oynayır. Belə ki, bütün işlər onlar vasitəsiylə həyata keçirilir. Bütün alqı-satqılar da onlara məxsus satış bazasından aparılır. Vəsait onların hesabına köçürülərək, nəqdiləşdirilir. Şübhəsiz ki,bu işlərin ən başında əldə edilmiş qanunsuz gəlirlərdə öz “payı” olan Qəbələ RİH başçısı Səbuhi Abdullayev dayanmaqdadır. Qəbələdə bütün vəzifə sahibləri, İH batan işçiləri Qəbələ RİH başçısı Səbuhi Abdullayevdən danışarkən “rəhbər” deyə müraciət etməyə mükəlləfdir.Ondan danışarkən “rəhbər” deyə danışırlar, sanki o, bütün Azərbaycanın rəhbəriymiş.

2. Tarixi abidələrin, müqəddəs yerlərin dağıdılması, onlara aid ərazilərin, uşaq baxçaları və məktəb ərazilərinin satılması.
Qəbələnin Vəndam qəsəbəsində, vaxtiylə, Böyük Vətən müharibəsində həlak olmuş və itkin düşmüş Vəndam və ətraf kəndlərin sakinlərinin xatirəsinə,Ulu öndər Heydər Əliyevin göstərişi ilə ucaldılmış tarixi abidə sökülərək , yerləşdiyi ərazi 27 min manata işbazlara satılmışdır. Yenə həmin kənddə, Bakıya gedən magistral yolun kənarında yerləşən qəbristanlıq, təhqiramiz şəkildə dağıdılaraq, məzarların üzərində mağazalar tikilmişdir. Həmin qəbristanlıqda, 1918-ci ildə Qafqazı erməni daşnakların soyqrımından xilas etməkçün gəlmiş, xilaskar, Qafqaz-İslam ordusuna mənsub olan iki Türk şəhid əsgərinin məzarı, aclıq illərində, acından həlak olmuş vəndamlıların məzarları vardı. Məzarların bir qismi sökülərək, dağıdılmış,bir qismininsə üstü torpaqlanaraq, örtülmüş və üzərlərində mağazalar tikilmişdir. Tikilən mağazaların tamamı qanunsuz tikililərdir, çünki heç biri üçün rəsmi sənədləşdirilmə aparılmamışdır. Onların tikintisinə Qəbələ RİH başçısı və baş memearı da qeyri-rəsmi razılıq verilmişdir. Bu hadisə sırf vandalizm aktı sayılacaq hadisədir.Mən, Qəbələ RİH başçısı Səbuhi Abdullayevlə görüşdüyüm zaman bununla əlaqədar öz etirazımı bildirərək söylədim ki, cənab Prezident İlham Əliyev hər il ölkəmizdə Xilaskar Türk ordusunun gəlişinin il dönümünün qeyd edilməsinə xüsusi fərman imzalayır. Şəhid türk əsgərlərinin xatirəsinə, Bakıda ucaldılmış abidəni ziyarət edir,siz nədən bu siyasətin ziddinə hərəkət edirsiniz? Səbuhi Abdullayev mənə söylədi ki, “mənim türklərə nifrətim var.”
Bundan başqa , məsələn elə həmin Vəndam qəsəbəsində, uşaq baxçalarının,məktəblərin əraziləri işbazlara, müxtəlif tikintilər aparılması üçün , anunasuz olaraq satılmışdır. Bütün bunlarsa rayon rəhbərliyinin gözləri önündə baş verməkdədir.
3. Rayonun abadlaşdırılması üçün dövlət büdcəsindən ayrılmış vəsaitlərin, o cümlədən yerli gəlirlər hesabına formalaşdırılmış bələdiyyə büdcəsinin mənimsənilməsi.
Qəbələ şəhərində kanalizasiya xətlərinin yenidən quraşdırılması işləri görüldükdən sonra qazıntı aparılmış küçələrdə asvalt örtüklərin yenidən quraşdırılması işləri aparılmalıydı. Lakin bir çox ara küçələrdə bu iş icra edilmədi. Şəhərin mərkəzindən keçən Heydər Əliyev prospektində görülən işlərsə tam yarıtmaz icra edilərək, ayrılmış vəsaitin 50 faizdən çoxu mənimsənilmişdir. Bu prospektdə səkilərin yanıboyu yağmur sularının axıdılması üçün çəkilmiş boru xətlərində axıntı boyu xətlər ən başda 500 mm-lik borularla başladıldığı halda, axıntı boyu bu boruların diametri artırılmaq əvəzinə kiçildilərək, 300 mm-likborulara keçilmişdir. Nəticədə orta səviyyəli yağışlar yağan zaman belə, Heydər Əliyev prospekti bir çaya çevrilir. Asvalt örtüyü çox yarıtmaz şəkildə vurulmuşdur. Eyni zamanda şəhərdə kanalizasiya xətlərinin quraşdırılması işləri də yarımçıq qoyulmuşdur. Bəzi ara küçələrdə kanalizasiya xətləri ümumiyyətlə çəkilməmişdir. İstismara buraxılmadan bir çox yerdə xətlərin içərisi artıq tutulmuşdur.
Şəhərdə elektrik təhcizat xətlərinin və avadanlıqlarının yenidən quraşdırılması işləri də yarımçıq saxlanılmışdır. Bir çox küçələrdə elektrik xətləri və dirəkləri ötən əsrin 80-ci illərindən qalma olduğu üçün qəzalı vəziyyətdədir. Gətirilmiş yeni elektrik dirəkləri isə quraşdırılmadan, birdən-birə harasa yox olmuşdur. Bəzi yerlərdə yeni quraşdırılmış elektrik transormatorları yüksək gərginlik xəttinə qoşulmuş olsa da boşa işləməkdədir, çünki onlardan əhaliyə elektrik verilmir, əhali hələ də 1970-ci illərdən qalma transormatorlardan elektrik almaqdadır ki, bu avadanlıqlarda da tez-tez qəzalar baş verməkdədir.
Rayondakı Hava Limanından şəhərə gələn dövlət əhəmiyyətli asvalt yol da çox bərbad vəziyyətdə qurulmuşdur. Yol kənarında bağ-baxçaları bu yolun tikinti sahəsinə düşmüş vətəndaşlara kompensasiya olaraq ayrılmış vəsaitlərin mənimsənilməsi, yol kənarında görülən işlərdə qiymətlərin şişirdilərək, ayrılmış vəsaitlərin külli miqdarda mənimsənilməsi baş vermişdir. Bütün bunları yerində yoxlayaraq isbat etmək çox asandır.
Bələdiyyələrin müxtəlif sahələrdən və fəaliyyətlərdən ıldə etdiyi gəlirlər də saxta sənədlər düzəltməklə, mənimsənilməkdədir. Rayonda, İH tərəfindən keçirilən bütün tenderlər “Qəbələ İnşaat” MMC tərəfindən “qazanılır”. Belə ki, ötən il PİH tərəfindən rayonun abadlaşdırılması və satınalmalarla bağlı keçirilmiş 4 tenderin dördü də bu müəssisə tərəfindən “qazanılmışdır”. Bu müəssisənin Qəbələ RİH başçısı Səbuhi Abdullayevə məxsus olduğunu isə demək olar ki, hər kəs bilir. Qəbələ şəhər bələdiyyəsi də bütün işləri və satınalmaları məhz bu müəssisə üzərindən həyata keçirilir. Bələdiyyələrdəki mənimsəmələrə misal olaraq Soltannuxa kənd bələdiyyəsində olan maxinasiyaları misal çəkmək olar. Belə ki, Qəbələ “Tufandağ” otelinin yerləşdiyi ərazi bu bələdiyyəyə aiddir və bu oteldən gələn gəlirlərdən kəndin hər hansı probleminin həlli üçün bu günə qədər bir qəpik də xərclənməyib. Bütün bələdiyyələrin əkin sahələri, pay torpaqları, rayonun icra hakimiyyətinin göstərişi ilə kənardan gəlmiş işbazlara “icarəyə” verilmişdir. Buradan əldə eilən gəlirlər isə rayon rəhbərliyi ilə bölüşdürülməkdədir. Heç bir kənd sakini (bütün rayon üzrə vəzyyət bu cürdür) icarəyə torpaq götürə bilmir. Bu da əhali arasında yoxsulluq yaranmasına, kənd təsərrüfatı məhsullarındakı qiymətlərdə bahalaşma yaradır.
Cənab Prezident. Siz, rayonumuzda olarkən şəhid general Polad Həşimovun adına küçə verilməsi və onun adının əbədiləşdirilməsi üçün başqa tədbirlərin görülməsi barədə göstəriş verdiniz. Qəbələ şəhərində, ölkəmiz və rayonumuz adına heç bir yadda qalacaq əməli olmayan insanların adına verilmiş sayısız küçələr olduğu halda (bu adlara küçələr sırf həmin şəxslərin yaxınlarınn verdiyi rüşvət qarşılığında verilmişdir), RİH başçısı Səbuhi Abdullayevin göstərişi ilə məhz başqa bir generalımızın adına olan küçəyə Polad Həşimovun adı verildi. Burada əsas məqsəd onsuz da abad olan küçənin guya abadlaşdırılması üçün yenidən vəsait silinməsi və mənimsənilməsidir.Eyni zamanda vətəndaşlarda haqlı narazılıq yaratmaq məqsədi də güdülmüşdür.

İsmayılov Azər Ağamurad oğlu
Teref.az olaraq qeyd etmk istəyirik ki, şikaytlə əlaqədar Qəbələ rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qəbələ rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdürü Nazir müəllim şikayətdə qeyd olunan bütün faktların yalan olduğunu və bu şikayəti yazan adamın psixoloji problemləri ilə bağlı qeydiyatda durduğunu dedi. Nazir müəllim daha sonra bu şikayətlərin əslində Azər İsmayılovla bələdiyyə sədrinin arasında olan konfliktlə bağlı olduğunu qeyd edərək, bu məsələnin çoxdan getdiyini dedi.
Nazir müəllim həmdə Qəbələ rayon İcra Hakimiyyətinin şikayətlə bağlı rəsmi mövqeyini göndərəcəyinə söz verdi!
Teref.az tərəfindən zəruri qeyd: Qəbələ rayonunda tenderlərin “Qəbələ İnşaat” MMC tərəfindən udulması ilə bağlı bəzi qaranlıq məqamlar olduğunu mediamızda bir çox saytlar vurğulayıblar. Saytımız şikayətlə bağlı araşdırmasını davam etdirir. Poçrumuza daxil olan başqa faktlarda var.
Bizi izləyin!







Tarix: 22-08-2020, 13:04
Xəbəri paylaş



Xəbər lenti