Böyük ehtimalla yaxın vaxtlarda Avropa Birliyinə üzv olan dövlətlər bu sənədi müzakirəyə çıxaracaqlar Avropa İttifaqı (Aİ) 2023-cü ildə özünün tarixdə ilk hərbi təlimlərini keçirməyi planlaşdırır. Bu barədə İspaniyanın "El Pais" qəzeti yazır. Qeyd olunur ki, bu barədə Aİ-nin "Strateji kompas" adlı təhlükəsizlik konsepsiyasında deyilir. Sənədə əsasən, 2023-cü ildən başlayaraq Avropa İttifaqının müntəzəm hərbi təlimlərinin, o cümlədən hərbi-dəniz təlimlərinin keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, bir neçə gün əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozef Borrel Aİ-nin "Strateji kompas" adlı təhlükəsizlik konsepsiyasının 2022-ci ilin yazınadək qəbul oluna biləcəyini bildirmişdi. Məsələ ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov “Şərq”ə açıqlamasında bildirib ki, uzun illərdir müzakirəsi gedən "Avropa Ordusu" layihəsi getdikcə reallaşmağa doğru irəliləyir. Politoloq qeyd edib ki, Avropa Birliyi Xarici İşlər Komissarı Jozef Borrel tərəfindən hazırlanmış 28 səhifəlik "Strateji Pusula" adlı sənəddə ordunun qurulması üçün bütün müddəalar yer alıb:
“Bir neçə gün öncə bununla bağlı Avropa Birliyi ölkələri arasında bir müzakirə sənədi hazırlanıb və 27 Avropa Birliyi dövlətinin hər birinə göndərilib. Güman ki, yaxın vaxtlarda Avropa Birliyinə üzv olan dövlətlər bu sənədi müzakirəyə çıxaracaqlar. İlk variantda ordunun adı "Böhrana müdaxil qrupu" və tərkibi 5 min şəxsi heyətdən ibarət olacağı iddia edilir. Eyni zamanda mətbuatda ordunun hava və quru qoşunlarından ibarət olacağı da bildirilir. "Avropa Ordusu"nun əsas təşəbbüskarları Almaniya və Fransa iddia edir ki, sözügedən qurum NATO-ya alternativ olmayacaq və yalnızca təyinatına uyğun olaraq istifadə ediləcək. Hazırlanmış sənəddə o da qeyd edilir ki, NATO Avropanın təhlükəsizliyinin əsas təminatçısıdır. Tarixə nəzər saldıqda isə "Avropa Ordusu"nun yaradılması ilə bağlı təşəbbüslər bir neçə dəfə irəli sürülüb. Hətta Fransa Prezidenti Şarl de Qolun zamanında "Avropa Ordusu"nun yaradılması ilə bağlı təşəbbüslər irəli sürülüb, amma ABŞ-ın müdaxiləsi ilə bu təşəbbüs nəticəsiz qalıb. Son zamanlar isə bu məsələ ilə bağlı yeni təşəbbüslər irəli sürülməkdədir. Görünən odur ki, mart ayında Avropa Birliyinə üzv olan dövlətlərin rəhbərləri arasında keçiriləcək zirvə toplantısında bu məsələ müzakirə edilib qəbul edilə bilər. 23 iyun 2016-cı ildə Böyük Britaniyanın Avropa Birliyindən çıxmasından sonra sözügedən ordu ilə bağlı iddialar daha da güclənməkdədir. Bir müddət öncə ABŞ, İngiltərə və Avstraliyanın yaratdığı AUKUS müqaviləsini imzaladılar. Bu müqaviləyə əsasən Avstraliya dəyəri 60 milyard dollar olan nüvə daşıyan sualtı gəmilərin alışını dayandıraraq ABŞ-dan almaq barədə müqavilə imzaladı. Bu addım o həddə çatdı ki, tərəflər arasında diplomatik skandal yaşandı və dövlətlər qarşılıqlı şəkildə səfirlərini geri çağırdılar. Eyni zamanda son vaxtlar ABŞ-ın Yunanıstanda hərbi bazalarını artırması da Avropa Birliyini narahat edən məsələlər sırasında görünür. Təbii ki, Fransa və Almaniya tərəfindən yaradılması nəzərdə tutulan "Avropa Ordusu" layihəsinin də gerçəkləşməsinə təkan verən amillərdən hesab edilə bilər”. S.Hümbətov qeyd edib ki, bütün baş vermiş və baş verən bu proseslərə nəzər saldıqda bir sıra nəticələri çıxarmaq olar:
“Fransa və Almaniya digər Avropa Birliyi dövlətlərini də proseslərə cəlb etməklə tədricən xarici asılılıqdan qurtulmağa, vahid valyuta olduğu kimi vahid ordu da yaratmağa çalışır. Fransa İngiltərənin Avropa Birliyində olmaması və ona nüfuz edə bilməməsindən istifadə edərək qurumu Almaniya ilə birgə öz təsiri altında saxlamaq niyyətindədir. Gələcəkdə ehtimalı böyük olan Rusiya və Çin təhdidinə qarşı özünün alternativ təhlükəsizlik konsepsiyasını ortaya qoymağa çalışır. Söylənilən bu fikirlər prinsip etibarı ilə qərbin, daha dəqiq desək, Avropa Birliyinin yenidən formalaşdırılması üçün ciddi-cəhdlərin olduğunu deməyə əsas verir”.