Avropada qazın qiymətləri 2021-ci ilin aprelində artmağa başladı və o vaxtdan bəri 8 dəfə artıb. Hazırda Avropada qazın qiymətləri 1000 kubmetr üçün 1200 dollar civarında dəyişir. Təbii qazın Avropanın elektrik istehsalının 22 faizini təşkil etdiyini nəzərə alsaq, mavi yanacağın bahalaşması elektrik enerjisinin qiymətlərini də tarixdə ən yüksək səviyyəyə qaldırıb. Məsələn, elektrik enerjisinin qiymətləri Almaniyada 1 meqavat/saat üçün 302,5 avroya, İspaniyada isə 288 avroya yüksəlmişdi.
Qazın bahalaşmasına müxtəlif səbəblər göstərilir: tələbatın artması, pandemiya, yaşıl enerjiyə keçidin özünü tam doğrultmaması, mövsümi faktorlar, idxal ilə bağlı problemlər və s.
Reallıq isə budur ki, qazın və elektrikin qiymətindəki bu sürətli artım Avropada əhalinin vəziyyətinə ciddi şəkildə təsir edib.
Avropada sadə vətəndaşlar kəskin qiymət artımlarının qarşısını almaq üçün müxtəlif üsullara əl atsa da, real mənzərə odur ki, proses nəzarətdən çıxıb. "Euronews" telekanalının hazırladığı süjetdə çarəsiz qalan Belçika sakini Veronika Dükent ömründə ilk dəfə soyuqlardan qorxduğunu deyib. 60 yaşlı qadın “enerji yoxsulluğu” həddində yaşadığını və milyonlarla digər belçikalının bu vəziyyətdə olduğunu bildirib:
“Elektrik enerji qiymətlərinin bahalaşması ilə əlaqədar kommunal xərcləri ödəməkdə daha çox çətinlik çəkirəm”.
Qadın hazırda gündə cəmi bir saat evi qızdırmaq iqtidarında olduğunu və qışın sərt keçəcəyi təqdirdə ya ödənişləri edə bilməyəcəyini, ya da borca girməli olacağını vurğulayır.
Qeyd edək ki, bir müddət əvvəl Belçika hökuməti pandemiyanın fəsadlarının yumşaldılması üçün enerji güzəştləri təqdim etsə də, bu güzəştlərin müddəti dekabrın əvvəlində, məhz soyuqlar başlayanda bitəcək.
Qeyd edək ki, görülən qabaqlayıcı tədbirlər sayəsində Avropda baş verən enerji böhranının Azərbaycana təsirləri minimuma endirilib.
Eyni zamanda ölkə daxilində əhalinin bu tendensiyadan zərər görməməsi üçün dövlətin sosial proqramları genişləndirilib. Bununla da ötən günlərdə Azərbaycanda işığın və qazın qiyməti ilə bağlı dəyişiklik aztəminatlı ailələrin vəziyyətinə təsir etməyib. Belə ki, yeni dəyişikliyə əsasən Azərbaycanda əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırıldı. İşıq üçün isə əhali üzrə tariflər istehlakı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts – 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilib.
Yeni dəyişikliklər sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini qoruyub saxlamış olur.
Beləki, bir nəfərin aylıq istehlakı 50 kVts-dırsa və orta statistik ailə tərkibinin sayının 4 nəfər olduğu nəzərə alsaq, bu da aylıq olaraq 200 kVts edir. Bu da həmin ailə üçün 1 qəpik bahalaşma olduğunu göstərir. Yəni 4 nəfərdən ibarət ailə 200 kVts sərfiyyata görə, 14 manat ödəyirdisə, bundan sonra 16 manat ödəyəcək.
Qazla bağlı isə qeyd etmək vacibdir ki, istehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kub metr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1.000 kub metr qaz istehlakı deməkdir.
Yəni həmin ailə bir ilin tamamında qaz istehlakı üçün 100 manat ödəyirdisə, bu qərardan sonra 120 manat ödəyəcək. İllik hesablamanı aylar üzrə hesablasaq. Ortalama olaraq 4 nəfərdən ibarət bir ailə əvvəl hər ay üçün 8 manat 30 qəpik qaz pulu ödənişi edirdisə, bundan sonra bu ödəniş 10 manat təşkil edəcək.
Digər tərəfdən isə əhalinin rifah halının yüksəldilməsi üçün Prezident İlham Əliyev maaş və pensiyaların artırılması üçün sərəncam imzalayıb. Bununla bağlı artıq Nazirlər Kabineti öz təkliflərini hazırlayıb.
Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam 1 milyon 800 min vətəndaşı əhatə edir. Əməkhaqqılardakı artımlar 1 milyona yaxın işçiyə, müavinət və pensiya artımı 450 min nəfərə, həmçinin tələbələrə, əhalinin aztəminatlı hissəsinə şamil olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən bildirilir ki, pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlərin gələn il 20-40% artırılması planlaşdırılır.
Trend
Tarix: 22-10-2021, 17:39