ABŞ və İsrail İran üçün “B planı” hazırlayır… - Rəsmi Tehranın getdikcə daha az vaxtı qalır... Siyasət

ABŞ və İsrail İran üçün “B planı” hazırlayır… - Rəsmi Tehranın getdikcə daha az vaxtı qalır...
 
Vaşinqton və Təl -Əviv İranın “nüvə razılaşması”nı bərpa etmək üçün danışıqlar uğursuz olarsa, Tehranın nüvə proqramı ilə bağlı məsələni həll etmək üçün alternativ üsullara keçməyə hazır olduqlarını bəyan edib. Bunu iki ölkənin diplomatik şöbələrinin başçıları Entoni Blinken və Yair Lapid bildirib.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın “The National Interest” nəşri yazıb.
 
Qəzet yazır ki, diplomatlar İsrail və ABŞ-ın İranla bağlı “B planı”nın nədən ibarət olduğunu dəqiqləşdirməyiblər, ancaq burada söhbət həm əlavə sanksiyalar, həm də kiberhücumlar və ya digər gizli əməliyyatlardan gedə bilər.
 
“The National Interest”in jurnalisti qeyd edir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken və İsrailin xarici işlər naziri Yair Lapid keçən çərşənbə günü elan ediblər ki, Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtmaqla bağlı İranla Vyanadakı danışıqlar heç bir ciddi nəticəyə gətirib çıxarmayacaqsa, Vaşinqton və Təl-Əviv İranın nüvə proqramı məsələsinin həll edilməsi baxımından hansısa “B planı”na keçəcək.
 
Nəşrin materialında göstərildiyi kimi, Blinken və Lapid deyiblər ki, İran danışıqlar masasına vicdanla qayıtmaq istəməsə, Amerika və İsrailin Tehranın nüvə proqramı ilə bağlı başqa variantları var.
 
Məqalə müəllifi yazır ki, rəsmilər “B planı”nınyi ehtiva etdiyini dəqiqləşdirməyiblər, amma hər iki ölkə keçmişdə daha sərt iqtisadi sanksiyalardan kiberhücumlara və digər gizli əməliyyatlara qədər diplomatiyadan başqa bütün alətlər arsenalına sahib olduqlarını nümayiş etdiriblər.
 
ABŞ prezidenti Co Baydenin administrasiyası əvvəllər “nüvə razılaşmasına” qayıtmaq və vicdanlı diplomatiya ilə İranla yeni razılaşmalar əldə etmək istədiyini bildirsə də, başqa variantların mövcudluğu Vaşinqtonun danışıqlar yolu ilə məqsədlərinə çatmasına kömək edəcək. Digər tərəfdən, danışıqlar uğursuzluqla nəticələnəcəyi təqdirdə gizli əməliyyatlardan istifadə etmək Bayden komandası üçün mütləq bir uğursuzluq olacaq, çünki problemin heç vaxt diplomatik həll yolunu tapa bilmədiklərini göstərəcək”, - deyə müəllif qeyd edir.
 
Nəşrin yazdığına görə, Blinken və Lapidin sözləri Vaşinqton və Təl-Əvivin siyasətində böyük bir dəyişikliyə işarə etməsə də, rəsmilər əslində hər iki ölkənin hökumətlərinin Vyana fiaskosu halında “alternativ yanaşmalar” düşündüklərini qəbul ediblər.
 
Jurnalistin xatırladığı kimi, İsrail Birgə Hərtərəfli Fəaliyyət Planında iştirak etməsə də, İranın bölgədəki əsas rəqibidir və bu səbəbdən də Tehranın nüvə proqramını dayandırmasında maraqlıdır. İsrailin keçmiş baş naziri Benyamin Netanyahu müqavilənin ən qızğın əleyhdarlarından biri idi: 2015-ci ildə ratifikasiya olunmazdan əvvəl ABŞ Konqresinin hər iki palatasına müraciətində müqavilənin əleyhinə kəskin çıxış etmişdi. Müəllif qeyd edir ki, ABŞ-dakı bəzi şərhçilər bu çıxışı iki həftə sonra Knessetə keçiriləcək seçkilər ərəfəsində Netanyahunun reytinqini yüksəltmək üçün siyasi hiylə adlandırmışdılar. Jurnalist yazır ki, Netanyahunun kabinetində nazir olaraq əvvəllər Birgə Hərtərəfli Fəaliyyət Planını tənqid edən İsrailin hazırkı baş naziri Naftali Benet vəzifəyə başladığı gündən bəri müqaviləni açıq şəkildə qınamaqdan çəkinir.
 
The National Interest yazır ki, Venada Vaşinqtonla Tehran arasında danışıqlar nəzəri olaraq hələ də davam etsə də, əslində onlar çıxılmaz vəziyyətə düşüblər. İran əvvəllər bu tədbirlərdə iştirak etməyə hazır olduğunu bildirmişdi, lakin konkret nə vaxt onlara qoşulacağını deməmişdi və bu arada İran hakimiyyəti Birgə Hərtərəfli Fəaliyyət Planı tərəfindən müəyyən edilmiş uran zənginləşdirmə limitini pozmağa başladı. Bu səbəbdən cənab Blinken Tehranın nüvə razılaşmasını bərpa etmək üçün dəqiq müddət qeyd etməsə də, getdikcə daha az vaxtının olduğunu söyləyib.
Tarix: 18-10-2021, 08:50
Xəbəri paylaş



Xəbər lenti