ABŞ-ın Belarusda demokratiya iddiası - səfirliyin bəyanatının pərdəarxası


ABŞ-ın Belarusdakı səfirliyi fevralın 7-də qeyd olunan Belarusla Həmrəylik Günü ilə əlaqədar bəyanat yayıb.
“Hər gün, xüsusən də bu gün Belarusla Həmrəylik Günündə Birləşmiş Ştatlar Belarus xalqının demokratiya, azadlıq və ədalət istəyinə dəstək verir. Fundamental azadlıqlar bütün xalqların ayrılmaz hüququdur və bunların müstəqil, suveren Belarusda təmin edilməsinin vaxtı çoxdan çatıb”, bəyanatda bildirilir: “Dekabr ayında ”2020 Belarus Demokratiya, İnsan Haqları və Suverenlik Aktı" Birləşmiş Ştatları Konqresi tərəfindən qəbul edilib və prezident tərəfindən imzalanıb. Belarus Demokratiya Aktı Amerikanın mövqeyini birbaşa ifadə edir: Birləşmiş Ştatlar Belarus xalqını dəstəkləyir, insan haqlarına hörmət tələb edir və Belarus xalqının hüquqlarını pozanları məsuliyyətə cəlb edəcək. ABŞ qanunun aliliyinin hökm sürdüyü suveren, demokratik Belarus istəyənlərə dəstək vermək üçün Avropa tərəfdaşları ilə birgə işləyəcək".
Sənəddə Belarus yazıçısı, Nobel mükafatı laureatı Svetlana Alekseyeviçin sözlərindən sitat gətirilir: “Azadlıq bir vaxtlar xəyal etdiyimiz kimi ani bir bayram deyil. Bu, bir yoldur. Çox uzun bir yoldur”.
ABŞ-ın Minskdəki səfirliyinin bəyanatında həmçinin deyilir: “Bu yol nə qədər uzun və çətin olsa da Birləşmiş Ştatlar həmrəy olaraq, bu yolu Belarus xalqı ilə birlikdə gedir”.
Bəyanatın əsas məğzi demokratiya iddiasıdır, amma digər suallar da yaranıb. Çoxları bunu Rusiyaya mesaj kimi qəbul edir.
Məlumdur ki, Vladimir Putinlə onun belaruslu həmkarı Aleksandr Lukaşenko iki ölkə arasında ciddi ittifaq qurmaq niyyətindədir. Üstəlik, Rusiyada da müxalifət lideri Navalnının həbsindən sonra başlayan etirazlar var.
Qərb demokratiyaya dəstək adı ilə bu iki ölkəni qarışdıra bilərmi? Bu, hakimiyyət dəyişikliyinə qədər gedib çıxarmı?.
Elçin Mirzəbəyli: ile ilgili görsel sonucu
Elçin Mirzəbəyli: “Yaxın 5 il ərzində heç bir ciddi dəyişiklik baş verməyəcək”
Siyasi şərhçi Elçin Mirzəbəyli bildirdi ki, ABŞ-ın Belarusdakı səfirinin söylədikləri demokratların hakimiyyətə gəldikdən sonra verdikləri ənənəvi, şablon bəyanatlardan biridir: “ABŞ demokratiya rəmzi deyil və dünyadakı reallıqların müəyyən qismini, hətta cüzi hissəsini görə bilənlər bu həqiqəti yaxşı başa düşürlər. Bu gün postsovet məkanında yaşanan nə varsa, Birləşmiş Ştatların soyuq müharibədən, xüsusilə də Mixail Qorbaçov SSRİ prezidenti seçildikdən sonra buraxdığı səhvlərin nəticəsidir. Çünki Vaşinqton elan etdiyi dəyərlərin keşiyində dayana bilmədi, gənc demokratiyalardan Rusiyaya qarşı öz maraqlarını təmin etmək üçün istifadə etməkdən başqa heç bir addım atmadı, beynəlxalq hüququn prinsiplərini darmadağın etməklə, totalitarizmin nəhəng subyektlərinə dünyada və ayrı-ayrı regionlarda üstün mövqeyə yiyələnmələri üçün imkan yaratdı. Postsovet məkanındakı münaqişələr və digər problemlərlə bağlı Vaşinqtonun hansısa ləyaqətli, məsuliyyətli, öhdəliklərinə və elan etdikləri prinsiplərə uyğun davranışlarını sadalayın... Sadalaya bilməzsiniz. Çünki yoxdur. Gürcüstana vədlər verib onu Rusiya ilə qarşı-qarşıya qoydu və nəticədə heç bir önəmli addım atmadı. Sadəcə, vəziyyətdən Rusiyaya qarşı yüngülvari sanksiyalar tətbiq etmək və hansısa məsələdə Moskvanın razılığını almaq üçün yararlandı, vəssalam. Nəticə isə Qərbin vasitəçisi Sarkozinin əllərdə qalan qalstuku və Gürcüstan ərazilərinin ilhaqı oldu... Ukraynada da təxminən eyni davranışları sərgilədi. Budapeşt memorandumu ilə nüvə silahından imtinanın qarşılığında Rusiya və Britaniya ilə birlikdə Ukraynanın ərazi bütövlüyünə təminat verdi və imzasının arxasında sonuna qədər dayana bilmədi. Dünya daha bəyanatlarla, açıqlamalarla idarə olunmur və bu baxımdan da ABŞ-ın Belarusdakı səfirinin dedikləri də söz yığınından başqa bir şey deyil. Həm Belarusda, həm də Rusiyada ABŞ-ın ”rəngli inqilab" ssenarilərinə alternativ “idarə olunan inqilab” ssenariləri həyata keçirilib və keçirilməkdədir. Artıq dünyanın bir çox ölkələri “rəngli inqilab” ssenarilərinə qarşı “peyvənd” kəşf ediblər. Prosesləri süni şəkildə stimullaşdırır, sürətləndirir və istiqamətləndirirlər. Nə Rusiyada, nə də digər postsovet ölkələrində yaxın 5 il ərzində heç bir ciddi dəyişiklik baş verməyəcək. Müəyyən reformlar olacaq, amma fundamental dəyişikliklər yox. Bu reformların da məqsədi sosial etirazların səngiməsinə xidmət edəcək. Sistem dəyişiklikləri baş vermədiyi üçün də mahiyyət dəyişməyəcək. Bunun da səbəbi toplumun mental xüsusiyyətləri, qavrayış indeksləri, siyasi və hüquqi mədəniyyət problemləri ilə bağlıdır".
Məhəmməd Əsədullazadə ile ilgili görsel sonucu
Məhəmməd Əsədullazadə: “ABŞ təzyiqləri davam etdirib Minskdə Moskvanın təsirini zəiflətməyə çalışacaq”
Politoloq Məhəmməd Əsədullazadə: “ABŞ-ın yeni administrasiyasının əsas strateji xətti məhz Rusiyanı zəiflətmək və onun ətrafında həlqə formalaşdırılmasıdır. Məhz Belarusda ABŞ səfirliyinin məlum bəyanatı yeni demokratik etirazlara stimul və dəstək verməkdir. Həmçinin bu ölkənin daxili işinə qarışmaqdır. Vaşinqton dörd ildən sonra ənənəvi siyasətinə qayıdır və Belarusda verilən bu açıqlama təəccüblü deyil. Düşünürəm ki, bu həmçinin Rusiyada keçirilən aksiyalara bir dəstək mesajıdır. Rusiya bir neçə Avropa diplomatını etirazlarda iştirakına görə ölkədən çıxardı. Təbii ki, Bayden Administrasiyasında təmsil olunanlar məhz Barak Obama dövründə Rusiya və Yaxın Şərq üzrə çalışanlardan ibarətdir. Onların da bu təyinatı təsadüfi deyil. Məqsəd yeni demokratik etirazlar təşkil etmək, ölkələrə qarşı təzyiq mexanizmi formalaşdırmaq, ABŞ-ın beynəlxalq geosiyasi maraqlarını təmin etməkdir. Ona görə də əsas hədəf Rusiya olaraq bu ölkədə etirazlara dəstək veriləcək, Putin hakimiyyətinin çoxqütblü dünya qurmaq strategiyasından əl çəkməyincə Moskvaya təzyiqlər davam edəcək. Hesab edirəm ki, dəstək verilən bu etirazlar Rusiyada hakimiyyət dəyişikliyinə səbəb olmayacaq. Belarusa gəldikdə isə Lukaşenko özü elan edib konstitusiya islahatlarına gedib, hakimiyyəti təhvil verəcək. Buna baxmayaraq, ABŞ təzyiqləri davam etdirib Minskdə Moskvanın təsirini zəiflətməyə çalışacaq. ABŞ səfirliyinin bu bəyanatı çox ciddi bir siyasi anlam kəsb edir. Azərbaycanda belə bir açıqlama verilməz. Çünki ABŞ-la Azərbaycanın əlaqələri normaldır. Həm də ABŞ-ın Azərbaycanla problemləri yoxdur”.“Yeni Müsavat


Tarix: 9-02-2021, 14:07
Xəbəri paylaş



Xəbər lenti