İctimai fəal Aleksey Navalnının saxlanılmasından sonra Rusiyada başlanmış etirazlar artan xətt üzrə davam edə bilər.Oktyabrın 31-də ümumRusiya mitinqinin keçirilməsi qərara alınıb. Putin hakimiyyətdən narazılığın çoxalması təbii ki, ölkədə siyasi proseslərə təsirsiz qalmayacaq. Ancaq proses yeni başlandığından onun nəticələrinə dair müxtəlif proqnozlar səsləndirilir. Rusiya hakimiyyəti siyasi vəziyyətə nəzarət edir. Buna baxmayaraq, son hadisələr ictimai rəyin Putin iqtidarının əleyhinə dəyişdiyini göstərir.
Həm daxildə artan sosial narazılıq, həm də ABŞ-da Co Baydenin prezident seçilməsindən sonra beynəlxalq təzyiqlərin güclənməsi Rusiyada qarşıdakı ayların çox gərgin keçəcəyini deməyə əsas verir.
Navalnı amili isə bu prosesdə açar rolunu oynayır. Bəzi siyasi müşahidəçilər Aleksey Navalnını siyasi proseslərə təsir edə bilən brend adlandırır. Çünki Navalnının həbsindən sonra Rusiyada Putinin hakimiyyətdə olduğu son 20 ilin ən güclü etiraz aksiyaları baş verib.
Ancaq problem yalnız Navalnının həbsi ilə bağlı deyil. Fevralın 2-də Simonski rayon məhkəməsinin Navalnı barəsində çıxaracağı qərar etirazların yenidən alovlanmasında mühüm rol oynaya bilər.
Ancaq yanvarın 31-də mitinq və nümayişlərə A.Navalnının tərəfdarları ilə özünü bitərəf adlandıran və sosial tələblərlə çıxış edən vətəndaşlar da çıxacaq. Ona görə də ekspertlər Rusiya hakimiyyətinin ciddi problemlə üzləşdiyini bildirir.
Əgər hələlik Navalnını özünə lider seçmiş bu etirazçı kütlə aksiyaları bir müddət davam etdirə bilsə, o zaman elitanın siyasi mövqeləri zəifləyə bilər. Doğrudur, hakim düşərgədə fikir birliyi də yekdil deyil. Yanvarın 23-də bütün Rusiyanı bürüyən etiraz dalğası Kremlin dəhlizlərində Putin hakimiyyətinə qarşı formalaşmış liberal-siyasi qanadla hərbi-sənaye kompleksinin tərəfdarları arasındakı qarşıdurmanın açıq müstəviyə keçməsi demək idi. Bu da yaxın perspektivdə, xüsusilə sentyabrı ayında Dövlət Dumasına keçiriləcək seçkilərdə daha çox hiss oluna bilər. Doğrudur, bu Aleksey Navalnının parlament seçkilərinə təsir imkanlarının olmadığına dair rəylər də mövcuddur.
Belə ki, Navalnı partiya sədri deyil və seçkilərdə fərd olaraq dəstəklənə bilər. Ona görə də Navalnının Dövlət Dumasında çoxluğu qazana biləcək siyasi komandası yoxdur. Rusiyalı politoloq Andrey İvanov isə hesab edir ki, Navalnının üzərində siyasi məhkumluğun olması ona namizəd kimi seçkilərə qatılmaq imkanı vermir. Buna baxmayaraq, o siyasi brend kimi hətta həbsxanadan belə, siyasi prosesləri idarə etmək gücünə malikdir. Berlin “Elm və Siyasət” Fondunun eksperti Syuzan Stüart və İnsburk Universitetinin Şərqi Avropa üzrə professoru Gerhard Manhot iki məqama diqqəti çəkir. Mütəxəssislərin fikirncə, aksiyalara qatılan insanların böyük əksəriyyəti 18-40 yaş arası vətəndaşlar olub. Onlar Navalnının həbsi ilə yanaşı, prezident Putinin sarayı barədə faktlara etiraz ediblər. İkinci amil onların yalnız Navalnıya dəstək məqsədilə etiraza qalxmamasıdır. Mitinq və nümayişlərə çıxanlar mövcud rejimə, korrupsiyaya etiraz edib, azadlıq tələb edib.
“Çox sayda insan iqtisadi tənəzzül, real gəlirlərin aşağı düşməsi, siyasətdə və gündəlik həyatda korrupsiya səbəbindən depressiya vəziyyəti yaşayır. Küçələrdə Navalnının tərəfdarlarından daha çox adam olub”-deyən Manhot aksiyalara fərqli siyasi spektrli insanların qatıldığını bildirir.
Politoloq etirazların davam edəcəyini proqnozlaşdırır. Onun sözlərinə görə, məhkəmə Navalnını ciddi həbs cəzasına məhkum edərsə, aksiyalar daha da güclənə bilər. Ancaq nümayişlər nə qədər çox olsa, polis küçələrə çıxanların sayına nəzarət etmək üçün daha aqressiv davranacaq. Syuzan Stüart isə qeyd edir ki, Rusiyada etiraz dalğasının artması hakimiyyət tərəfindən zorakılığın güclənməsinə səbəb olacaq. Bu da müxtəlif reaksiyalara gətirib çıxara bilər. Manhot hesab edir ki, Kremldə Navalnı ilə necə davranacağına dair vahid mövqe yoxdur. Güc strukurları onun barəsində uzun müddət həbs qərarının çıxarılmasını, liberallar isə azadlığa çıxmasınım tərəfdarıdır. Ancaq hər şey Vladimir Putinin hansı qərar qəbul etməsindən asılıdır. Bu hadisələrin qarşıdan gələn seçkilərə təsirinə gəlincə, ekspert hesab edir ki, Navalnının azadlıqda və ya həbsdə olması o qədər də ciddi əhəmiyyət kəsb etmir. Əsas onun ağıllı səsvermə strategiyasına davam etdirə bilməsidir. Politoloq Hernot Erler isə bu strategiyanın Vahid Rusiya Partiyasının seçkilərdə çoxluq qazanması üçün ciddi problem yaradacağını deyir.
“Navalnının həbsinə qarşı etirazlar iqtisadi inkişaf, pensiya islahatı, ərzaq məhsullarının bahalaşması və rusların gündəlik həyatı ilə bağlı narazılıqla birləşdikcə daha çox riskli olacaq. Bu əlaqə Kreml üçün təhlükəlidir”- deyə Erler bildirib.
Maqnotun proqnozlarına görə, yanvarın 23-də keçirilmiş aksiyalar uzun bir prosesin başlanğıcıdır. Ona görə də bir-iki həftəyə sönməyəcək. “Etirazlar nə qədər davam edərsə, digər sosial qruplarda bu mövzu bir o qədər aktiv müzakirə ediləcək, bu Dumaya edilən seçkilərin nəticələrini ciddi şəkildə təsir edə bilər”-ekspert belə vurğulayıb. Onun qənaətincə, Vahid Rusiya Partiyası ciddi itkilər verəcək.
Tarix: 28-01-2021, 12:35