Ərgün Dilər
“Takvim”, Türkiyə, 27 yanvar 2021-ci ilÇox sevdiyim, dəyər verdiyim bir dostum ötən günlərdə yenə eyni şeyi təkrarladı: “Qəzet və televiziyaları izlədiyim zaman ölkədə və dünyada nələrin baş verdiyini anlamıram”.
Bu, çox dəyərli bir etiraz, şikayətdir. Hər kəs öz məhəlləsindən yazır. Halbuki həqiqətlər, anladılmalı olan reallıqlar da var. Bizi heç bir yerə apara bilməyəcək kiçik mübahisələrə heç vaxt girmədim. Girənə də heç dönüb baxmadım.
İndi gəlin aktual məsələlərə baxaq. Məndən başqa heç kim yazmadı: Feliks Saterdən Tofiq Arifə, İvanka Trampdan Putinə, Putinin hahamı Berel Lazardan Abramoviçə, Daşa Zukovadan FTB-nin sabiq direktoru Ceyms Komiyə, “almaz kralı” Lev Levievdən “Trump Tower”-a, Kuşnerdən xüsusi prokuror Müllerə qədər uzanan bir savaş gedir.
Xatırlayırsınızsa, Obama dövründə bir çox diplomat və agent ABŞ-dan çıxarılmışdı. Tramp buna son verdi. Putini göylərə qaldırdı. Merkelə parya kimi baxdı (Hindistanda sosial siniflərdən kənarda qalan adamlar – tərc.). Ağ Evdə, demək olar ki, heç əlini də sıxmadı.
Daha öncə dünyanın güc balansında önəmli yer tutan bir xüsusi yəhudi gücü indi artıq Bayden-Merkel xəttində istənmirdi. Bu da savaşa səbəb olurdu.
Tramp 6 yanvar sabahı Vaşinqtonda öz tərəfdarlarını topladı. “Seçkidə saxtakarlıq var. Haqqımızı alacağıq” dedi. Sonra, təbii, o kütlə Konqresin binasına basqın etdi. Bax, bu yönləndirmənin arxasında Rusiyanın olduğu ABŞ-da ciddi şəkildə danışılmaqdadır.
Günlərdir haqqında yazdığım şəxslər bu xüsusi yəhudi gücünün xəttində olan məlum şəxslərdir. Bunlardan hələ çox var. ABŞ-ın dərinliklərində bu məlum olduğu üçün Bayden vəzifəyə gələr-gəlməz qarşılıq verildi. Artıq savaşlar rəqəmsaldır. Çağın gerisində deyil, irəlisindədir. Həm Konqresə edilən basqına cavab veriləcək, həm də Putini sarsıdacaq bir addım atılmalı idi. Baydenin gəlişinə ən çox sevinən lider olan Merkel də hazır idi. Təyyarədə zəhərlənən müxalifətçi lider Aleksey Navalnı bu səbəblə Rusiyaya yollandı. Burada gözlərdən qaçan önəmli bir nöqtə var idi. “Ekonom” sinifdə uçaraq Moskvaya gələn bir müxalifətçi səhnədə idi. 1917-ci ilin bolşevik inqilabı Rusiyaya qatarla gələn Lenin tərəfindən necə həyata keçirildisə, Navalnı ilə də eyni nəticəni almaq istəyirlər. Məqsəd budur. Lenin almanların dəstəyilə Avropadan necə gəldisə, indi də eyni qaydada Navalnı gəlir…
Ancaq çağ da, şərtlər də dəyişibdir. ABŞ ordusunun ən böyük gücü olan “YouTube” həmən dövrəyə girdi. Bayden Ağ Evə gələr-gəlməz mövcud xətt Almaniya üzərindən canlandırıldı. Navalnı özünü öldürsə belə, uzağı, bir neçə min tərəfdar yığa biləcəyi halda, bir video ilə 70 milyondan çox könüllü tapdı. Ən azı, Putinin müxalifi kütləni bir çətir altına topladı. Bu, savaşın gəldiyi son mərhələdir…
Putin dövlətdən aldığı güc hesabına yerinin sağlam olduğunu düşünərkən, “Kimsə mənə bir şey edə bilməz” fəlsəfəsilə hərəkət edərkən, bir video milyonları birləşdirdi. Küçələrə tökdü. Bu, hələ ilk seansdır…
2016-cı ildə Tramp seçki ilə Ağ Evə gələrkən arxada “Rusiya seçkilərə qarışdı. Nəticəni müəyyən etdi” iddiası var idi. Prokuror Müller 448 səhifəlik dosye hazırladı. Bu, tam 2 il çəkdi. Tramp neytrallaşdırılmadı, ancaq qılınc başı üzərində sallandırıldı. Aradan 4 il keçdi, bu dəfə ABŞ “YouTube” vasitəsilə, orada yayınlanan bir video ilə Rusiyaya, Putinə və Kremllə birlikdə hərəkət edən həmin xüsusi yəhudi gücünə hücum etdi.
Baydeni hakimiyyətə gətirən Amerika Rusiyanı Çinlə yan-yana, çiyin-çiyinə görmək istəmir. Onun Türkiyə kimi kilid bir ölkə ilə birlikdə yürüməsinə də etiraz edir. Rotşildlər o zaman yanlarında olan Soros, Kissincer kimi bir sıra şəxslərin vasitəsilə post-Yeltsin Rusiyasını ələ keçirdilər. Həm də dedikləri kimi, “bir ovuc dollar”a… Bir damla tər axıtmadan milyarder olan Abramoviçi meydana çıxardılar. Putinlə birlikdə yeni bir sistem qurdular. Bu piramidanın bir ayağı Kremldə, digər ayağı isə Ağ Evdə idi.
Türkiyə öz iradəsilə bəzi məsələlərlə bağlı Rusiya ilə bir araya gəldi. Bu, Vaşinqton-Berlin xətti üçün böyük narahatlıq yaratdı. Çindən qopmasını istədikləri bir gücə (Rusiyaya – tərc.) Türkiyə kimi kilid bir ölkənin çiyin verməsi istənmirdi.
Daha öncə də dəfələrlə yazdığım kimi, ilk hədəf Rusiya olacaq. Bayden bu gərginliyi artıraraq davam edəcək. Bayden Ağ Evdə olduğu müddətcə Putin əsla və qəti rahat ola bilməyəcək. Putin özünü bir qədər təhlükəsizlikdə hiss etdiyi halda, bir saray, bir qumarxana, bir sərvət məsələsi gündəliyə gətirildi və ölkə daxildən sarsıdıldı. Bunların doğru olması da heç tələb olunmurdu. Şərt də deyildi. Önəmli olan ABŞ-ın rəqəmsal hərbçilərinin nə söyləməsi idi.
Vaşinqton-Berlin xətti bizə də “İslahatları gecikdirməyin, lazım olanı sürətlə edin” mesaji verməkdədir. Çünki Rusiyadan ayrılaraq, ondan fərqli olduğumuzu görmək istəyirlər. Bu səbəblə, Osman Kavala və Səlahəddin Dəmirtaş adları daima Ankaranın önünə gələcəkdir. Canan Kaftançıoğlu ilə bağlı olaraq da, “Siyasi və hüquqi sataşmaları durdurun!” çağırışları ilə qarşılaşacağıq. AB bütün kanallardan istifadə edərək, Kavala və Dəmirtaşla bağlı təzyiq edəcək. Bu, aydındır. Doğrusu, təzyiq edirlər. Bu, Türkiyənin dünyadakı yeri ilə əlaqədardır. Həm islahatların aparılmasını tələb edirlər, həm də “əgər olmazsa”, iqtisadi təzyiqlərin və Navalnı bənzəri hadisələrin önünü açacaqlarına işarət edirlər. Gizlətdikləri bir şey də yoxdur.
Daxilə baxdıqda, AKP-nin yanında olan, hər məsələdə ona dəstək verən bir MHP, Baxçəli görünür. Avropa da əsassız səbəblərlə ülküçüləri “Qara siyahı”ya alaraq, öz mövqeyini nümayiş etdirib. ABŞ-AB oxu Türkiyəni yanına almaq, lakin MHP-ni kənarda qoymaq istəyir. Bu ölkə 17-25 dekabr, Oslo danışıqlarından sızıntı verilməsi, MİT-çilərin həbs olunması, 15 iyul hadisələri kimi travmalar yaşayıb. Bu, necə olacaq? Ankaranın yönü tamamilə Qərbə dönəcəkmi? Dönəcəksə, bu necə reallaşacaq?
Putinə vurarkən, bizə “Seşiminizi edin!” deyəcəklər. Məcbur edəcəklər.
İttifaqların gündəliyə gəlməsi də, yenilik hərəkatları da bir balans axtarışında olmağımızın əlamətidir. Rusiyanı göstərməklə bizi “malyariya”ya razı salmağa nail olacaqlar. Nail olmağa çalışacaqlar. Beyinlərində olan fikir budur. Görək, nələr olacaq.
Çox incə bir xətt üzərində gedərək, alınmalı olan nəticələr var. Ankara öz seçimini necə formalaşdıracaq? Qarşıdakılar heç də “Həm Qərblə, həm Rusiya ilə, həm də Çinlə yürüyərik” tezisimizə dəstək verəcək kimi görünmürlər. Haqqında elə də çox açıq danışılmayan mövzu da budur. Bu seçim iqtisadiyyatdan mediayadək hər yerə təsir edəcək. İzləyək, baxaq, görək…
Tərcümə Strateq.az-ındır
Tarix: 28-01-2021, 09:12