Ermənistan biabrçı şəkildə məğlub olduğu müharibənin ən ağır nəticələrini hələ qarşıdan gələn aylarda hiss edəcək.Neqativ.com bildirir ki, bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.
C.Əhmədli bildirib ki, Azərbaycanın işğaldan azad etdiyi torpaqların iqtisadi resursları 30 il idi ki, Ermənistan dövləti tərəfindən vəhşicəsinə istismar olunurdu:
“Təsəvvür edin, Ermənistanın illik ümumi taxıl istehsalı 200 min ton təşkil edir ki, bunun 90 min tonu işğal altında olan torpaqların hesabına əldə olunurdu. Qarabağın dağ-mədən sənayesi, faydalı qazıntı yataqları, elektroenergetika resursları da Ermənistan iqtisadiyyatında əvəzsiz rola sahib idi. İndi bu imkanların hamısı düşmən ölkənin əlindən çıxıb.
Hələ ki, erməni xalqı bu itkilərin real təsirlərini tam hiss etmir. Lakin zamanla ağır iqtisadi böhran qaçılmaz olacaq. Obrazlı formada ifadə etsək, insanın bədənini yad bir cisim zədələyəndə ağrı dərhal hiss olunmur, lakin bir qədər keçəndən sonra şiddətli ağrı-acı başlayır. Ermənistan dövləti də müharibədəki rüsvayçı məğlubiyyətin ağrılarını müəyyən bir müddət keçəndən sonra hiss etməyə başlayacaq”.
Politoloq vurğulayıb ki, Ermənistan iqtidarının bəzi mənsubları Azərbaycana qarşı sərsəm bəyanatlar vermək əvəzinə, bütün bu amilləri nəzərə alaraq öz xalqını post-konflikt dövrünün reallıqlarına hazırlamalıdır:
“Bu ölkənin bütün siyasi mərkəzləri başa düşməlidir ki, revanşist ideyaların heç bir perspektivi yoxdur. Əslində, Ermənistanın yenidən toparlanıb Azərbaycana qarşı müharibəyə başlamaq ehtimalını da yüksək dəyərləndirmirəm, çünki bu, hər şeydən əvvəl rəsmi İrəvan üzərində ən böyük təsir imkanlarına sahib olan Rusiyanın mənafeyinə ziddir.
Müharibənin yenidən alovlanması Rusiyanın regiondakı avtoritetini çox ciddi şəkildə zədələyə bilər. Lakin son vaxtlar düşmən ölkədə hakimiyyət uğrunda mübarizənin gərginləşməsi 10 noyabr və 11 yanvar razılaşmasından irəli gələn öhdəliklərin icrasını müəyyən qədər ləngidə bilər. Halbuki, bu razılaşmaların vaxt itirmədən icra olunması erməni xalqını da gələcək ağır sosial-iqtisadi böhrandan xilas edə bilər.
Ona görə də Ermənistandakı siyasi qüvvələr yalan və populist vədlər irəli sürməklə hakimiyyətə gəlmək haqqında düşünməkdən ziyadə Azərbaycana qarşı ərazi iddialarına birdəfəlik son qoymaqla regionda dərin inteqrasiya proseslərinin getməsinə şərait yaratmalıdırlar. Əks halda, erməni xalqını qarşıda daha faciəvi günləri gözləyir. Azərbaycan dövləti isə bundan sonra da nəyin bahasına olursa-olsun, öz milli təhlükəsizliyini təmin edəcək. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, dəmir yumruğumuz hələ yerindədir, erməni faşizmi yenidən baş qaldırsa, nəticə onlar üçün daha ağır olacaq”.
Tarix: 25-01-2021, 22:14