Ekspert: “Böyük ehtimal ki, Bayden Trampın dəyişiklik etdiyi ənənəvi Amerika siyasətinə geri dönəcək” Məlum olduğu kimi, ABŞ-ın yeni Prezidenti Co Bayden and içərək vəzifəsinin icrasına başladı. Baydenlə yanaşı, Kamala Harris də vitse-prezident kimi and içib və ABŞ tarixinin ilk qadın vitse-prezidenti kimi tarixə düşüb. Səlahiyyətləri başa çatmış Prezidenti Donald Tramp isə Co Baydenin inauqurasiyası mərasimində iştirak etməyib və mərasimdən əvvəl həyat yoldaşı Melanya Trampla Vaşinqtondan Floridaya gedib. Bununla da Tramp yeni Prezidentin andiçmə mərasimində iştirak etməyən 4-cü ABŞ Prezidenti olub.
“The Wall Street Journal” qəzeti isə Trampın son zamanlar öz tərəfdarları ilə yeni siyasi partiyanın yaradılması imkanlarını müzakirə etməsi barədə məlumat yayıb. Məlumata görə, Tramp siyasi təşkilatını Vətənpərvərlik Partiyası adlandırmaq istəyir. Qəzet yeni partiyanın yaradılması üçün ciddi investisiyaların tələb olunacağını da qeyd edib. Bununla yanaşı, ABŞ tarixində ilk dəfə məhz Tramp tərəfdarları seçiklərə aqressiv şəkildə reakisya verərək Konqres binasına qədər daxil olmuş və iğtişaşlar nəticəsində bir neçə nəfər həlak olmuşdu.
Maraqlıdır, Tarmp hakimiyyəti ümumilikdə necə yadda qaldı və Bayden dövründən gözləntilər nədir? Trampın qeyd olunan məqamlara görə, mübarizəsini davam etdirməsi və ABŞ-a siyasi yenilik gətirməsi nə dərəcədə ehtimal edilir?
Mövzunu AYNA-ya dəyərləndirən siyasi şərhçi Turab Rzayev Donald Trampın kifayət qədər maraqlı və qeyri-müəyyən Prezident kimi yadda qaldığını vurğulayıb: “Əslində, Tramp ənənələşmiş ABŞ Prezidentliyi və ümumiyyətlə öyrəşdiyimiz prezidentlik vəzifəsinə uyğun olmayan addımlarla özünü daha fərqli göstərdi. Hətta, bəzən qalmaqallara, bəzən skanadallara və öyrəşilməmiş ifadələrə öz çıxışlarında yer verdi. Onun davranışları da, sosial media hesablarındakı paylaşımları da, həmçinin hakimiyyəti təhvil vermə prosesi də Amerika üçün yenilik idi. Amma bütün bunlarla yanaşı, Trampın hakimiyyət illərini ABŞ və dünya ölkələri üçün mənfi dövr də hesab etmək olmaz. Çünki məhz Tramp ABŞ-ın son illərdə yeganə Prezidenti oldu ki, onun dövründə ABŞ yeni münaqişə ocaqları yaratmadı və ya münaqişə ocaqlarını alovlandırmadı.Tramp heç bir ölkəyə müharibə elan etmədi və Almaniyadakı Amerika qoşunlarının sayını azaltdı, Suriyadan ABŞ qoşunlarını çıxardı, Əfqanıstan və İraqda ABŞ qoşunlarının sayını minimuma endirdi və tam çıxarmaq barədə əmr verdi. Sadəcə, Pentaqon həmin müddətə ordunu tam çıxara bilməyəcəyini elan elədi. Üstəlik, Trampın hakimiyyət illəri ABŞ-da son 60-70 ilin ən aşağı işsizlik dərəcəsinin olduğu dövr oldu. Belə ki, vergilər azaldıldı, kiçik və orta bizneslə məşğul olan, həmçinin adi vətəndaşlar güzəştlər əldə etdilər və Amerika cəmiyyəti görmədiyi rifahı yaşadı. Demək olar ki, ABŞ-ın fond birjaları həddən artıq böyük yüksəlişə qədəm qoydu və koronavirus dövründə də əhali davamlı olaraq sosial yardımla təmin olundu. Hətta, bəzi insanların aldıqları sosial yardımlar qazandıqları maaşdan daha çox olmuşdu. Bütün bunlar da ABŞ cəmiyyətində Trampa qarşı böyük sevgi yaratmışdı”.
“Hətta, son seçkilərin nəticəsində məlum olmuşdu ki, Tramp əvvəlki seçkilərə nisbətən 12 milyon daha çox səs yığıb. Bütün bunlara mane olan əsas problem isə koronavirus pandemiyası oldu. Belə ki, koronavirusun Biləşmiş Ştatlarda özünü daha aqressiv göstərməsi, bəzi məlumatlarda 400 min nəfərin virusun qurbanı olması, iqtisadiyyatda müəyyən problemlərin yaranması Trampın bu fəsadları aradan qaldırmaq imkanlarını da məhdudlaşdırmışdı. Hətta, onun sosial yardımlarla bağlı qərarları belə bir çox hallarda icra edilmədi”, - deyə analtik vurğulayıb.
Ekspert Co Baydenin hakimiyyəti təhvil almasına da toxunub: “Artıq ABŞ cəmiyyətində formalaşan qütbləşmə özünü daha çox göstərməyə başlayıb. Yəni, əvvəllər ənənəvi sistem qaydaları var idi və hər iki tərəf bu qaydalara əməl edirdi. Amma artıq bu qaydalara əməl edilmir. Necə ki, Tramp qələbə qazananda “Demokratlar” onu legitim Prezident saymadı və Rusiyanın seçkiləri saxtalaşdırdığını iddia edirdilər və 4 il ərzində də fikirlərindən geri dönmədilər. Gah, impiçmentlər tətbiq etdilər, gah, cinayət işi açdılar, lakin hər biri yarımçıq qaldı və heç kim sübut edə bilmədi ki, Trampın seçilməsində hansısa ölkənin rolu olub. İndi isə tam əksinə, məhz həmin “Demokratlar” seçkidə yanlışlığın olmadığını və Trampın qayadalara tam uyğun olaraq məğlub olduğunu deyirlər. Hansı ki, 4 il ərzində bütün cəmiyyətə sübut etməyə çalışdılar ki, Tramp saxtakarlıqla hakimiyyətə gəlib. İndi isə son seçkilərdə açıq-aşkar saxtakarlıq faktları ortaya çıxsa da, Baydenin seçilməsində heç bir problem olmadığını iddia edirlər. Təbii ki, bunu ələlxüsus da millətçi, sağ görüşlü və silahlanmaya meyilli olan qüvvələr qəbul etmədi və nəticədə Kapitoliyaya hücum aktı yaşandı. Hətta, bəzi görüntülərdə hücum aktına bəzi polis dəstələri tərəfindən təşviq edilməsi əks olunmuşdu. Nəhayət, hər şeyə rəğmən Co Bayden hakimiyyəti təhvil aldı”.
“Böyük ehtimal ki, Bayden Trampın dəyişiklik etdiyi ənənəvi Amerika siyasətinə geri dönəcək. Yenə də, Avropa ilə müəyyən problemlər həll olunacaq və daha vahid mərkəzə gəlinəcək, Trampın müharibə elan etdiyi Çinlə ticari-iqtisadi əlaqələr inkişaf edəcək və Çinlə birbaşa açıq iqtisadi qarşıdurmaya gedilməyəcək. Amma buna baxmayaraq, çox güman ki, Çini hərbi cəhətdən sıxışdırmağa davam ediləcək. Həmçinin, ehtimal olunur ki, Trampın çıxdığı 5+1 razılaşmasına, yəni İranla nüvə sazişinə yenidən geri dönüləcək və İran məcbur ediləcək ki, nüvə sazişinə geri dönsün. Əgər, İran imtina etsə, ondan ola bilsin ki, Bayden İrana güc tətbiq eləsin. Lakin böyük ehtimal ki, İranı sanksiyalardan azad etmək qarşılığında 5+1-ə qayıtması və uran zənginləşdirməsini 20 faizdən yenidən 4, yaxud 2 faizə salmasına razı salmağa çalışılsın. Həmçinin, Baydenin bölgəyə təsir imkanları da birmənalı olmayacaq. Belə ki, həm ərəb monarxları, həm də İsraildəki Netanyahu hökuməti özlərini Tramp dövründəki kimi rahat hiss etməyəcəklər. Çünki Demokrat Partiyasının, yəni, Obamanın hakimiyyətinin son dövrlərində də həm Netanyahu, həm də ərəb şeyxləri ilə Obamanın probemləri meydana gəlmişdi. Ən əsas məsələ isə məhz İrana olan münasibətin yumşalması idi. Ona görə də Bayden hakimiyyəti məhz həmin ölkələri Türkiyə ilə yaxınlaşmağa məcbur edəcək ki, ən azından İranın təsirini neytarllaşdırsın. Hətta, artıq Türkiyə ilə İsrail arasında gizli görüşmlərin başladığına dair məlumatlar da var və İsrail Fransanın, Yunasıtanın və digər ölkələrin mövqeyindən daha çox Türkiyənin mövqeyinə yaxınlaşmağa çalışır. Eyni məsələdə biz Səudiyyə Ərəbistanının neçə ildir ki, blokadada saxladığı Qətər ilə münasibətlərə yenidən başladığının şahidi oluruq ki, bu da Yaxın Şərqə əsas təsir vasitələridir”, -Rzayev əlavə edib.
Müsahibimiz Bayden adminstrasiyasının Türkiyəyə qarşı təzyiqləri artıracağını da istisna etmir: “Amma buna qarşılıq olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə ay əvvəldən demokratikləşmə paketi elan eləyib. Çünki Bayden adminstrasiyası Obama adminstrasiyasının davamıdır və bütün vacib postlara da məhz Obama dövründə post tutmuş insanlar gətirilib. Yəni, dolayısı ilə biz həm də Obama siyasətinin davamını görə bilərik. Məlum olduğu kimi, Ərdoğan Obama adminstrasiyas ilə işləyib və onu yaxşı tanıyır. Ona görə də Obamanın inkluziv siyasətinə (cinsindən, irqindən, dinindən asılı olmayaraq hər kəs dövlət idarəsində təmsil olunmalıdır) uyğun olaraq Ərdoğan da yeni demokratikləşmə paketi elan edib və Türkiyədə istənilən şəxsin cəmiyyətdə təmsil olunmasına çalışır. Bununla da Amerikanın Türkiyəyə əleyhinə bəhanə uydurmağını neytrallaşdırmaq istəyir”.
“Bundan başqa, Bayden dövründə Çinə və İrana qarşı yumşalmalar olsa da, Rusiyaya qarşı çox sərt reakisyalar görəcəyik. Böyük ehtimal Bayden Rusiyanı siyasi və ya iqtisadi şəkildə çökdürməyə çalışacaq. Şimali Qafqazda, yaxud da Rusiyanın daxili vilayətlərində etnik dini separatizm, müəyyən terror hərəkatları və ya milli azadlıq hərəkatlarının hərəkətə keçəcəyini görə bilərik. Yəni, Rusiya daha çox sıxışdırlaraq məcbur ediləcək ki, Qərbin şərtlərini qəbul etsin. Digər məsələ isə Qərb-Şərq ticarət oxunun hərkətə keçməsidir ki, biz yaxın günlərdə Amerikanın artıq Avropdana Çinə birbaşa ticarət yollarının açılmasında maraqlı olacağnı gözləyirik. Artıq Azərbaycanla Türkmənistan ilk neft razılaşamasını imzalayıb və bunu ilk mərhələ olaraq da görmək olar. Bundan başqa, Türkmənistan Əfqanıstanla birlikdə yolların və hiperoptik xətlərin birləşməsini təşkil edib və bir-birinə bağlayıb ki, bununla da Əfqanıstan artıq terroristlərin, narkotacirlərin cövlan etdiyi bölgə yox, stabil bölgə olacaq və nəqliyyat dəhlizində rol oynayacaq. Bununla da bir-biri ilə qlobal iqtisadi münasibətləri iç-içə olan daha stabil iqtisadi dünya görə bilərik”, - ekspert qeyd edib.
Müsahibimiz hadisələrin pozitiv tərəfi ilə yanaşı, neqativ tərəflərinin də ola biləcəyini hesab edir: “Çünki ola bilsin, heç Bayden İranla razılaşa bilməsin, yaxud da Çinlə Amerika arasındakı narazılıq böyüsün və sonda Çinlə Avropanın nəzərdə tutduğu proyektlər yarımçıq qalsın. Nəticədə, yeni müharibələrə yer verilsin və Əfqanıstan, Türkmənistan, Azərbaycan, hətta Qazaxıstan Orta Asiyada bir-biri ilə əməkdaşlığa deyil, kəskin rəqabətə cəlb olunsunlar”.
“Trampın yeni partiya yaradaraq mübarizəni davam etdirməsinə gəlincə, təbii ki, bununla bağlı iddialar var. Əlbəttə ki, onun tərəfdarları kifayət qədər çoxdur və Tramp Respublikaçılar Partiyası olmasa belə, ölkənin ən böyük ikinci partiyasını qura bilər. Çünki Trampın tərəfdarlarının çoxu ağdərili, millətçi, irqçi müəyyən qədər də silahlı şəxslərdi və ona görə də bu, böyük probemlərə də yol aça bilər. Hətta, ola bilər ki, ölkədə o qədər sosial və siyasi narazılıq olsun ki, Bayden hakimiyyəti tam olaraq saxlaya bilməsin. Çünki Amerika cəmiyyəti həddən artıq qütbləşib və artıq Texas və Kaliforniya ştatlarının bir dövlət daxilində mövcudiyyəti belə şübhə yaradır. Ola bilsin ki, gözlənilən qədər bu münaqişələr dərinləşməyə də bilər, amma istənilən halda ABŞ cəmiyyətini əvvəlki kimi birqütblü ideya ətrafında birləşdirmək çox çətin olacaq. Çünki cəmiyyət həddindən artıq parçalanıb və parçalanmış hissələr bir-birinə qarşı çox kəskin ziddiyyət təşkil edir”, - analtik fikrini yekunlaşdırıb.
Müəllif:
Mərahim Nəsib
Tarix: 25-01-2021, 21:42