Pandemiya sayəsində bəzi önəmli siyasi-strateji hədəflərə artıq nail olundu, indi artıq bioloji silahı zərərsizləşdirmək zamanıdır; Virusa qarşı vaksinin məhz prezident Co Baydenin səlahiyyətlərini icra etməyə başladığı dövrdə istifadəyə hazır olması da bütün prosesin əvvəlcədən “yazılmış ssenari” üzrə cərəyan etdiyindən şübhələnməyə əsas verir…Dünya yenidən normal həyata dönmə mərhələsinə keçid edir. Bəşəri fəlakət dövrü sona çatır. Və yaxın zamanlarda bunun ilkin əlamətləri ciddi şəkildə sezilməyə başlayacaq.ABŞ-ın yeni prezidenti Co Bayden Ağ Evə köçər-köçməz dünyanın bir nömrəli probleminin həllinə əl atdı. Üstəlik, qəbul etdiyi qərarlar və verdiyi açıqlamalar onun bu işdə uğur qazanacağına əmin olduğunu göstərir. Bu baxımdan, “qaranlıq dünya”nın üzərinə yenidən işıq düşəcəyi günün o qədər də uzaqda olmadığı qətiyyən şübhə doğurmamalıdır.
Məsələ ondadır ki, ABŞ-ın yeni prezidenti Co Baydenin pandemiya ilə bağlı qəbul etdiyi qərarlarda və bu mövzuda verdiyi açıqlamalarda kifayət qədər maraqlı məqamlar mövcuddur. Birincisi, bəzi müşahidəçilər hesab edirlər ki, epidemiya ilə mübarizə prezident Co Baydenin vəzifə borcudur. Və qeyri-adi adi heç nə baş vermir. O, sadəcə, öz vəzifə səlahiyyətlərini icra edir.
İlk baxışdan bu mövqenin müəllifləri hətta haqlı görünürlər. Ancaq bu halda, istər-istəməz sual ortaya çıxır. Bəs, keçmiş prezident Donald Tramp niyə pandemiya ilə mübarizəyə ciddi əhəmiyyət vermirdi? Bu, Ağ Evin yeni sahibindən fərqli olaraq, onun vəzifə borcları sırasına daxil deyildimi?
Bu suallara isə əks fikirdə olanlar cavab verirlər. Onlar hesab edirlər ki, pandemiyanın ipi Tramp administrasiyasının əlində deyildi. Keçmiş administrasiya bu fəlakətə nəzarət imkanlarının olmadığını anlayırdı. Bu problemin süni şəkildə dünyanın, o cümlədən də, ABŞ-ın boynuna dolandığından əmin idi.
Hər halda, keçmiş prezident D.Trampın dönəmində ABŞ-ın dövlət katibi olmuş Maykl Pompeonun bu mövzuda tez-tez təkrarladığı bir cümlə var idi:
“Koronavirus Çinin hərbi laboratoriyalarında hazırlanıb”.Üstəlik, keçmiş prezident D.Tramp da dövlət katibinin bu iddiasını eynilə təkrarlayırdı. D.Trampın qərarlarından da anlaşılırdı ki, keçmiş administrasiya bu epidemiyanı dünya üzərində aparılan “səhnəarxası əməliyyat” hesab edir.
Ona görə də, Tramp administrasiyası Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) hücum edirdi. ÜST-ü epidemiyanın mövcudluğunu bilsə də, məqsədli şəkildə bu fəlakəti dünya ölkələrindən gizlətməkdə suçlayırdı. Bəyan edirdi ki, ÜST epidemiyanın dünyaya məqsədli yayılması prosesində Çinlə ortaq hərəkət edib. Və bu səbəbdən də ABŞ-ın ÜST-ə üzvlüyünü dondurmuşdu, illik ödənişlərin edilməsi də qadağan olunmuşdu.
Belə versiyalar da mövcud idi ki, pandemiya ABŞ-dakı “dərin güclər” arasındakı savaşda istifadə edilən bioloji silahın kütləvi tətbiqinin nəticəsidir. Keçmiş dövlət katibi M.Pompeonun virusu Çindəki hərbi laboratoriyalar ilə əlaqələndirməsi də qətiyyən təsadüfi deyildi. Çünki ABŞ-dakı “dərin güclər”dən birinin Çinin səhnəarxası himayədarı olduğu bildirilir. Və həmin “dərin güc”ün həm də ABŞ demokratlarına dəstək verdiyi iddia edilir.
Göründüyü kimi, pandemiya ilə bağlı iddialar kifayət qədər qəlizdir. Bu fəlakətin süni şəkildə yaradıldığını təsdiqləyə biləcək kifayət qədər faktorlar mövcuddur. Həmin faktorlar barədə pandemiyanın yayıldığı ilk dövrlərdə yazdığımız yazılarda geniş şəkildə bəhs etmişdik.
İndi belə görünür ki, pandemiya sayəsində bəzi önəmli hədəflərə artıq nail olunub. Xüsusilə də, rəqib “dərin güc”ün əsas leqal siyasi aləti – Tramp administrasiyası artıq hakimiyyətdən kənarlaşdırılıb. Və hakimiyyətə gətirilməsi planlaşdırılan Bayden administrasiyası indi iş başındadır.
Bu isə o deməkdir ki, qalib “dərin güclər” dünya düzənini öz maraqları çərçivəsində yenidən formalaşdırmaq üçün lazım olan leqal siyasi iradə resurslarına artıq sahibdirlər. Və deməli, əsas savaş alətini – bioloji silahı tədricən dünya üzərindən yığışdırmaq olar.
Deyəsən, Bayden administrasiyası da elə ilk iş olaraq, bu məsələnin həllinə əl atıb. Öz “vəzifə”sinin öhdəsindən bacarıqla gəlmiş ÜST-lə ABŞ-ın qaynaşması da əvvəlki vəziyyətinə qaytarılmaqdadır.
Beləliklə, müşahidələrə əsasən demək olar ki, prezident Co Bayden süni pandemiyanın durdurulması üçün artıq “düymə”yə basıb. İlk addımlar da atılmağa başlanılıb. Və yaxın vaxtlarda tədricən nəticələri görünməyə başlayacaq.
Ağ Ev sahibinin “Hər şey yaxşı olmazdan əvvəl daha da pis olacaq” mesajı, beynəlxalq hesablaşmanın rəqiblərin tam təslim olması üçün hələ bir müddət davam edəcəyindən xəbər verir… |
Onu da qeyd edək ki, prezident Co Baydenin pandemiya ilə bağlı qəbul etdiyi qərarlara verdiyi izahlar da diqqətə layiqdir. Belə ki, prezident Co Bayden “Hər şey yaxşı olmazdan əvvəl daha da pis olacaq” deyib. Onun dediyinə görə, ABŞ-ın “qara qışı” hələ yeni başlayır.
Təbii ki, bu, bir tərəfdən Ağ Ev sahibinin bu problemə olduqca ciddi yanaşdığını göstərir. Digər tərəfdən isə əhalinin də ciddi yanaşması üçün psixoloji təzyiq mexanizmi yaratmaq cəhdi sezilir.
Belə ki, Co Bayden hər şeyin mütləq yaxşı olacağının birmənalı mesajını verir. Və bunu deyərkən də uğur qazanacağına əmin olduğunu qabartmağa çalışır. Ancaq bu uğurun elə də asan qazanılmayacağını da diqqətə çatdırmağı lazım bilir. Yəni, ölkəsinin vətəndaşlarını daha ağır dövrün qarşıda olması barədə xəbərdar edir.
Onun son açıqlamasında yer verdiyi daha bir xəbərdarlıq ABŞ vətəndaşlarını pandemiya ilə mübarizəyə hazırlamaq məqsədi güdür:
“Yaxın bir ay ərzində 500 min nəfər həyatını itirəcək”.Bu xəbərdarlıq ABŞ vətəndaşlarına “öz həyatınızın dəyərini bilin, yaşamaq üçün savaşın” mesajıdır. Hər halda, insanların öz şəxsi təhlükəsizliklərinə daha həssas yanaşmaları psixoloji reallıqdır. Və prezident Co Bayden də bu reallıqdan öz qərarlarının icrasında yararlanmaq məqsədi güdür.
Şübhəsiz ki, Ağ Ev sahibinin “500 min nəfər həyatını itirəcək” xəbərdarlığı istər-istəməz öz təsirini göstərməyə başlayacaq. Çünki, hər şeydən məlumatlı olduğu qətiyyən şübhə doğurmayan bir prezidentin belə qorxunc mesajı qətiyyən təsirsiz ötüşə bilməz. Yəni, indi amerikalılar həyatını itirəcəyi ehtimal olunan həmin 500 min nəfərin sırasında olmamaq üçün daha diqqətli və ehtiyatlı olacaqlar. Bu isə pandemiya ilə mübarizədə həlledici faktorlardan birinə çevrilə bilər.
Digər tərəfdən, Ağ Ev sahibinin 100 gündə 100 milyon nəfərin peyvənd olunması ilə bağlı qərarı da uğurlu nəticə üçün “açar” rolunu oynaya bilər. Düzdür, bəziləri bu zaman intervalı üçün həmin rəqəmin yetərli olmadığını düşünürlər. Buna Ağ Ev sahibinin öz izahı var: “Mən bu barədə ilk dəfə açıqlama verəndə heç kim 100 gündə 100 milyon nəfərin peyvənd oluna biləcəyinə inanmırdı. İndisə bunun yetərli olmadığını iddia edirlər. Məncə başlanğıc üçün yetərlidir. Yaxşı olardı ki, məni rahat buraxasınız. Görüləcək işlərim çoxdur”.
Göründüyü kimi, prezident Co Bayden səlahiyyətlərinin icrasına pandemiya ilə mübarizədən başlayıb. O, tezliklə bu fəlakətin qarşısını ala biləcəyinə də inanır. Onun “səhnəarxası”ndan yardım aldığını düşünmək üçün də müəyyən əsaslar olmamış deyil. Hər halda, vaksinin məhz elə onun Ağ Evə köçdüyü ərəfədə istifadəyə hazır olması da hər şeyin əvvəlcədən yazılmış ssenari üzrə cərəyan etdiyini iddia etməyə əsas verir.
Bütün bunları nəzərə alaraq, hesab etmək olar ki, prezident Co Bayden pandemiya qaynağı olan bioloji silahın zərərsizləşdirilməsi üçün artıq “düymə”yə basıb. Üstəlik, o, bu mərhələnin artıq sona çatmaq üzrə olduğunu da, qarşıdakı “qara qış”ın ardından “günəşli günlər”in gələcəyinə dolayısı eyham vurmaqla, mesaj verir.
Elçin Xalidbəyli
Tarix: 24-01-2021, 22:10