Riçard Kazlariç: “Yeni administrasiya üçün sülh prosesinin prioriet olacağını düşünürəm”



ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə Bayden administrasiyasının hakimiyyəti dövründə ABŞ-Azərbaycan əlaqələrində gözlənilən prioritetlər, Birləşmiş Ştatların Cənubi Qafqaz regionunda siyasi kursu və Amerikanın qlobal lider kimi rolu haqda danışıb.
Amerikanın Səsi: Vaşinqtonda yeni administrasiyanın hakimiyyətə gəlməsi ilə hamının diqqəti Birləşmiş Ştatlara yönəlib. Çoxları bilmək istəyir ki, yeni administrasiyanın dünya ölkələri və xüsusilə də keçmiş Sovet İttifaqı ölkələri ilə xarici siyasət prioritetləri nədən ibarət olacaq?
Riçard Kazlariç: Biz yeni bir gündə yaşayırıq, amma dünən mən Yanvar hadisələrini xatırlayırdım. Həmin dövrdə mən orada idim. Fikrim o zaman hadisələrin təsirinə məruz qalan insanların yanında idi. Bu ,faciəli bir dövr idi. Biz Vaşinqtonda administrasiyanın dəyişməsini qeyd etdiyimiz zaman mən bilirəm ki, Azərbaycanda insanlar son müharibə də daxil olmaqla çox şeylər haqda düşünürdülər. Yeni administrasiyanın gəlişi nə demək olacaq? Bəli, müəyyən mənada bu, bir çox cəhətlərinə görə əvvəlki administrasiyadır. Mənə elə gəlir ki, hakimiyyətə keçmiş Sovet İttifaqını və Cənubi Qafqaz regionunu çox yaxşı tanıyan insanların gəlişi nəzərə alınmalıdır. Buna görə də bu, Viktoriya Nuland və əgər xatırlayırsınızsa, Bakıda səfirlikdə çalışmış və indi xarici siyasət məsələləri üzrə vitse-prezidentin müşaviri olan Nensi Makilvani kimi insanlar üçün yeni məsələ olmayacaq və təbii ki, dövlət katibi də bundan əvvəlki işinə görə bu məsələləri çox yaxşı bilir.
Bir məsələni də qeyd etmək istəyirəm. 2016-cı ilin aprel ayında həm Azərbaycan, həm də Ermənistanın prezidentləri nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün ABŞ-a səfər etmişdi və vitse-prezident Bayden hər iki prezidentlə görüşmüşdü. Bu, maraqlıdır. Mən mətbuat üçün verilən açıqlamaya baxmışdım və Baydenin prezident Əliyev qarşısında qaldırdığı iki məsələ insan hüquqları və hazırkı Qarabağ probleminin hərtərəfli həllinin vacibliyindən ibarət idi. Buna görə də mən dialoqun müəyyən dərəcədə dayandırıldığı yerdən davam edəcəyini gözləyirəm. Bu, xüsusilə yeni Bayden administrasiyasının gündəminin mövzusunda iki məsələyə yaxındır.
Amerikanın Səsi: Cənab səfir, sizin Azərbaycanda fəaliyyətiniz ölkədə bəzi mühüm hadisələrin baş verdiyi vaxta təsadüf edirdi. ABŞ və Azərbaycan enerji və təhlükəsizlik də daxil olmaqla, bir çox sahədə tərəfdaşlıq əlaqələri qururdu. O vaxtdan bəri iki ölkə arasında yaxşı münasibətlər mövcuddur. ABŞ-ın Azərbaycanla bağlı prioritetlərini necə qiymətləndirirsiniz?
Riçard Kazlariç: Dediyim kimi, bu mərhələdə düşünürəm ki, ən vacib prioritet Ermənistan və Azərbaycanın birbaşa danışıqlara cəlb olunduğu hərtərəfli sülh prosesi olacaq. Fikrimcə, bu, demək olar ki, bütün başqa məsələlərin yerini tutacaq.
Hesab edirəm ki, Obamanın dövründən və xüsusilə də mənim Bakıda səfir olduğum vaxtdan bəri enerji ilə bağlı vəziyyət çox dəyişib. Hazırkı vaxtda qlobal energetikanın vəziyyəti Xəzər regionundan yeni neft və qaz tədarükündən daha az asılıdır. Birləşmiş Ştatlar öz mənbələrini inkişaf etdirmək üçün əsas neft və qaz istehsalçısına çevrildi. Buna görə onun dünyada rolu tamamilə fərqlidir və düşünürəm ki, karbohidrogen enerjisi sistemindən daha çox bərpa olunan enerji sisteminə keçid dövründə olduğumuz bir vaxt neft və qaz ABŞ üçün daha az əhəmiyyət kəsb edəcək.
Dünən prezident Baydenin imzaladığı ilk icra sərəncamlarından birinin Paris iqlim danışıqlarına yenidən başlamaq olması çox vacibdir. Fikrimcə, bu ona işarədir ki, enerji yeni administrasiyanın daha az, iqlim dəyişikliyi, bunun təsirlərini azaltmaq üçün görülə bilən işlər isə – bəlkə də 2050-ci ilə qədər daha aşağı səviyyədə, ya da sıfır karbon olan dünyaya doğru irəliləmək – daha böyük prioriteti olacaq.
Bunun Azərbaycan üçün də müəyyən nəticələri olacaq. Siz haqlısınız, düşünürəm ki, yeni administrasiya ilə Azərbaycan arasında münasibətlər üçün potensial olaraq yaxşı bir zəmin var. Lakin hesab edirəm ki, xüsusilə də insan haqları, insan hüquqları sahəsində bəzi problemlər də yarana bilər.
Amerikanın Səsi: Dağlıq Qarabağ münaqişəsi ikitərəfli münasibətlərdə ən aktual məsələlərdən biri idi. ABŞ Fransa və Rusiya ilə birlikdə vasitəçilik səyləri göstərən Minsk Qrupunun üç həmsədrindən biridir. Lakin sülh prosesində inkişafa nail olunmadı. Ermənistan və Azərbaycan arasında son hərbi əməliyyatlar Minsk Qrupunun iştirakı olmadan Rusiyanın vasitəçiliyi ilə atəşkəsin imzalanması ilə sona çatdı. ABŞ həmsədr kimi Dağlıq Qarabağda davamlı sülhə nail olmaq üçün səylərini necə davam etdirəcək?
Riçard Kazlariç: Mən yenə də əvvəlki administrasiyanı günahlandırmaq fikrində deyiləm. Demək istədiyim odur ki, bunu etmək həmişə asandır. Fəaliyyətimizlə bağlı bunu həmsədrlərdən biri kimi çox bacarıqlı bir diplomatın iştirakına baxmayaraq qeyd edirəm. Biz sadəcə olaraq həmin şəxsə vasitəçilik səylərində kömək üçün lazım olan yüksək səviyyədə dəstəyi təmin etmədik.
Eyni zamanda, bildiyiniz kimi, müharibədən əvvəl də, amma tam yəqinliklə müharibədən sonra Minsk Qrupunu 30 ildən sonra müvəffəq olmadığına görə tənqid edən ermənilər və azərbaycanlılar haqqında olan tənqidlərim də var. Düşünürəm ki, vasitəçinin rolu ilə bağlı qəsdən olub-olmamasından asılı olmayaraq bir anlaşılmazlıq var. Üç həmsədr Ermənistanla Azərbaycan arasında problemi həll etmək üçün orada deyildilər. Onlar Azərbaycan və Ermənistanın birbaşa danışıqlar apara bilməsi və fikir ayrılıqlarını həll edə bilməsi üçün ideyalar və çərçivə təqdim etməli idilər. Bu, baş vermədi. Bunun Minsk Qrupunun, ya da tərəflərin uğursuzluğu olub-olmadığı barədə müzakirə apara bilərik.
Ruslar əvvəllər olduğu kimi atəşkəsə nail olmaq üçün birtərəfli qaydada müdaxilə etdi. Mən 1994-cü ili nəzərdə tuturam, o zaman mənim təcrübəmdə ilk dəfə – əlbəttə bu, birinci dəfə deyildi ki, Ermənistanla Azərbaycan arasında münaqişə yaşanırdı, buna Dağlıq Qarabağda birinci müharibə deyək. Bu, uzun müddət və 2016-cı ildə dörd gün sürən müharibə və 2019-cu ildə iyulda döyüşlər də daxil olmaqla son bir neçə ildə davam etdi. Ruslar Minsk Qrupundan kənarda birtərəfli qaydada müdaxilə etdilər. Mən Rusiyanın rolunu, ümumiyyətlə regiondakı rolunu çox tənqid edirəm. Lakin bir məsələdə həqiqətən də onları tənqid edə bilmərəm. Siz motivasiyaya şübhə edə bilərsiniz, lakin onların Minsk Qrupunun rolu ilə bağlı mövqeləri güclü, möhkəm və dəstəkləyici idi. Noyabrın əvvəlində atəşkəsə dair imzalanan bəyanat düşünürəm ki, müharibənin sona çatması üçün atılmış vacib, müsbət bir addımdır. Fikrimcə, onlar atəşkəsdən sülh prosesinə keçmək üçün istər siyasi addımlar və ya sülhməramlı əməliyyatlar olsun, lazımi tədbirləri təkcə özlərinin həyata keçirə bilməyəcəklərini başa düşəcək.
Dediyim kimi, irəliyə getməyin real yolu Ermənistan və Azərbaycan rəsmilərinin üz-üzə danışıqlar aparmasıdır. Atılan bəzi addımların məni ruhlandırdığını deməliyəm, Onu nəzərdə tuturam ki, həm Ermənistanın, həm də Azərbaycanın təhlükəsizlik nümayəndələri arasında görüşlər olub. Sonra isə Putinlə bu son görüş istər nazirlər, istərsə də başqa səviyyədə iqtisadi rəsmilərin detallar üzərində işləmək üçün bir araya gəlmələri məqsədilə razılaşmanın əldə edilməsinə gətirib çıxardı. Bizi, məni bunu kimin etdiyi maraqlandırmır. Mən tərəflərin bunu bir-biri ilə birbaşa etməsini üstün tuturam. Onlar bir-birilərinin telefon nömrələrini öyrənə bilər, ruslara, ABŞ-a ehtiyacları yoxdur.
Digər tərəfdən, bu cür müntəzəm təmaslar demək olar ki, adi bir fəaliyyətə çevrilməsə, atəşkəsun mövcud olduğu, lakin onun açıq pozulduğu bir təhlükəli vəziyyətdə olacağıq. Amma qarşılıqlı əlaqələr prosesi baxımından irəliləməyə başlamasaq, hava yaxşılaşdıqda və bahar gələndə təhlükəli vəziyyətə qayıda biləcəyimiz kimi real bir risk var.
Dediyim kimi, Rusiyanı tənqid etmək üçün bir çox səbəblərim var, amma onlar indiyə qədər Minsk Qrupunun rol oynaya biləcəyində israr edir və fikrimcə, onlar haqlıdır. Bayden administrasiyasının ABŞ-ın bunda iştirakını aktivləşdirəcəyini gözləyirəm. Minsk Qrupunun gedəcəyini düşünmürəm. ATƏT-in rol oynamayacağını da düşünmürəm. Fikrimcə, sadəcə onların fəaliyyət səviyyəsi fərqli olacaq. Amma bilirsinizmi bu, çətin olacaq. Bu, çox çətin olacaq.
Amerikanın Səsi: Siz Birləşmiş Ştatların qlobal lider kimi rolu haqda nə söyləyə bilərsiniz? Bəzi müşahidəçilər ABŞ-ın tədricən dünya lideri kimi gücünü itirə biləcəyini deyir. Birləşmiş Ştatlar xüsusilə də pandemiyadan sonrakı dövrdə demokratiyanın müdafiəçisi kimi rolunu saxlaya biləcəkmi?
Riçard Kazlariç: Hesab edirəm ki, ABŞ-ın xüsusilə də Avropada və müəyyən dərəcədə Asiyada ənənəvi müttəfiqlərindən uzaqlaşması baxımından Amerika tarixində çox kədərli bir dövr keçirdik. Biz ABŞ-la əməkdaşlığı genişləndirəcək çoxtərəfli ticarət müqaviləsində iştirak edə biləcəyimiz və Çinin aqressiv iqtisadi davranışlarına görə bizə və dünyanın bir çox digər ölkələrinə yaratdığı problemlərin həllində müttəfiqlərimizin olacağı vacib bir fürsəti əldən verdik. Buna görə də dörd il davam edən bu vəziyyət həqiqətən də düzəldilməlidir. Bunu etmək asan olmayacaq. Hər şeyi birdən etmək mümkün olmayacaq. Bayden administrasiyasının bu problemi necə həll edəcəyini bilmirəm.
ABŞ liderliyinin gücləndiyini görə biləcəyiniz sahələrdən birinin iqlim dəyişikliyi olacağını düşünürəm. Bayden bunun ABŞ üçün nə dərəcədə əhəmiyyətli olduğunu çox açıq bildirib. O, keçmiş Dövlət katibi Kerrini beynəlxalq iqlim danışıqlarında müzakirəçi olaraq təyin edib. Dövlət katibi olduğu vaxtdan Kerrinin çox fəal olduğunu və sözün müsbət mənasında liderlik rolu oynadığını bilirik.
İkinci sahə yəqin ki, NATO olacaq. Fikrimcə, həqiqi mənada bunu Avropa məsələlərində təcrübə baxımından Viktoriya Nuland və Dövlət katibi Blinken kimi kadrlara görə demək mümkündür. Buna görə bir müddət bunun üzərində işləyəcəklər və İran kimi, Çin kimi problemləri həll etmək üçün beynəlxalq ictimiayyət olaraq yenidən qruplaşmaq lazım olacaq.
Beləliklə, bütün bunların vaxtı və eyni zamanda baş verə biləcəyinə gəldikdə prezident Bayden bunların hamısına cəlb oluna bilməz. Dövlət katibi bu işlərin bir hissəsini görə biləcək, amma o, bir nəfərdir. Lakin düşünürəm ki, komanda formalaşmağa başlayır və ABŞ-ın müvafiq rolunun geri qaytarılmasında maraqlı olduğunu nümayiş etdirir. Bunun Trump administrasiyasından əvvəlki ilə eyni olub-olmayacağını demək çətindir. Çox böyük zərər verilib və daxili problemlərimizi həll etmək üçün çox iş görməliyik. Eyni zamanda, biz xarici məsələlərlə də məşğul oluruq. Amma demokratiya və insan hüquqları Bayden administrasiyasının bütün fəaliyyətlərində yenilənən mövzular olacaq. İstər Azərbaycanda, istərsə də dünyanın başqa bir yerində olsun, insanlar Birləşmiş Ştatlar tərəfindən nümayiş etdirilən hərəkətlərdə bunun təkcə ritorikanın dəyişməsi olmadığını görmək istəyəcək.
Amerikanın səsi
Tarix: 23-01-2021, 22:15
Xəbəri paylaş



Xəbər lenti