“35 min mömin şaxtalı bir gündə küçədə - qarın içində namaz qılmağa məcbur olub...”
“Davam edən pandemiyaya rəğmən Moskva məscidlərini ziyarət edənlərin sayı artmaqdadır. Lakin insanlar qışın sərt soyuğunda bayırda namaz qılmaq məcburiyyətindədirlər”.
Moderator.az rusdilli İslam saytlarına istinadla xəbər verir ki, bu sözləri Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri Müfti Ravil Qaynutdin Rusiya Federasiyası Prezidenti yanında Dini Qurumlarla Əməkdaşlıq Şurasının iclasında söyləyib.
Tədbir 21 yanvar 2021-ci ildə Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Anton Vaynonun başçılığı ilə keçirilib.
“Məhdudlaşdırıcı tədbirlərin yüngülləşdirilməsindən sonra dindarların məscidlərimizi ziyarət etməyə marağı xeyli artıb. Ancaq Moskvada və digər meqapolislərdə olan infrastruktur müsəlmanların artan sosial enerjisi və mənəvi ehtiyacları ilə müqayisədə çox cılızdır. Bu da Rusiya müsəlman ümmətində gərginlik yaradır ”-deyə Qaynutdin bildirib.
Rusiya müsəlmanlarının lideri gözlənilməz bir faktı da açıqlayıb:
"1 yanvar 2021-ci ildə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bizə verilən məlumata görə, Moskva Cümə məscidində cümə namazına gələn 35 min mömin şaxtalı bir gündə küçədə - qarın içində namaz qılmağa məcbur olub”.
Qaynutdin Rostov-na-Donu tarixi Cümə məscidinin binasının caz məktəbinə verilməsinə də toxunaraq bunu "əsassız bir addım" adlandırıb. O, müsəlmanların 20 ildir həmin ibadətgahı möminlərə qaytarmaq istəyi ilə rəsmilərə müraciət etdiklərini xatırladıb.
"Ölkədəki müsəlman icmalarında bu addım hiddətə səbəb olub və mövcud qanunvericiliyin pozulması kimi qəbul edilib" - deyə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin rəhbəri vurğulayıb.
Tarix: 23-01-2021, 10:20